Məhkəmə qərarları › İş №2(071)-610/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-610/2023

13.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-610/2023 13.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız olaraq abonent hesabına hesablanmış 72 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə Hacıqabul rayonu, Qubalı kəndində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir, qazın dəyərini vaxtıvaxtında ödəyir. Beləki, xx.xx.2019-cu il tarixdə qaz idarəsinin işçiləri gəlib onun evinə qaz təminatı məqsədilə quraşdırılmış G-4 markalı **********6 saylı qaz sayğacının açaraq, özləri ilə aparıblar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib edərək və sayğacı başqa sayğacla əvəz ediblər. Təxminən bir ay bundan əvvəl karta pul yükləyəndə görüb ki, borcu yaranıb. Dərhal qaz idarəsinə yollanıb, ordan ona dəymiş ziyanın bərpasına dair tələbnamə veriblər və deyiblər ki, 72 manat borcunuz var. Həmin tələbnamədə göstərilir ki, sayğaca baxış keçirilib. Sayğacın LCD ekranında informasiya əks olunmur. Klapanı açıqdır, qaz keçir. Müvəqqəti element quraşdırıldı. LCD ekranda CHECKİNG FİLE SYSTEM əks olunmur və informasiya oxunmur. Halbuki o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişdir. Buna baxmayaraq, ona əsassız olaraq 72 manat cərimə hesablamışlar. Belə ki, yazılmış cərimə əsassızdır. O təbii qazdan istifadəyə görə vaxtı vaxtında ödənişləri etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun abonent hesabına hesablanmış 72 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2019-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli G-4 markalı **********6 nömrəli qaz sayğacı yeni İtron tipli, G4 markalı **********0 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi sayğacın ekranın sönük olduğu göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron tipli G4 markalı **********6 nömrəli Sayğacın LCD ekranında informasiya əks olunmur. Klapanı açıqdır, qaz keçir. Dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, “Azəriqaz” X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2020-ci il tarixli MSK 29/1710-01250- 1 nömrəli rəyinə əsasən G-4 markalı **********6 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, Sayğacın LCD ekranında informasiya əks olunmur. Klapanı açıqdır, qaz keçir. Müvəqqəti element quraşdırıldı. LCD ekranda CHECKİNG FİLE SYSTEM əks olunmur və informasiya oxunmur. Tələbnamədə əsas kimi xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan İddiaçı yaşadığı Hacıqabul rayonu Qubalı kəndində fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-ci il üçün qalıq və aktlar üzrə 72 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2019-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, Sayğacın LCD ekranında informasiya əks olunmur. Klapanı açıqdır, qaz keçir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədi ilə 72 manat pul tələb edilir. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 72 manat borcu sayğacın LCD ekranında informasiyanın əks edilməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının abonent hesabına hesablanmış itirilmiş qazın dəyərinə görə 72 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman ona iddiaçı və ya onun ailə üzvləri tərəfindən hər hansı formada müdaxilə olunması müəyyən edilmədiyindən, eləcə də yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti deyil, qaz paylayıcısı olan cavabdeh özü məsuliyyət daşıdığından, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun abonent hesabına akt əsasında hesablanmış 72 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********04040) abonent hesabına xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 72 (yetmiş iki) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar