Məhkəmə qərarları › İş №2(071)-687/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-687/2022

23.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-687/2022 23.08.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 265 manat cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 265 manat cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktın etibarsız hesab edilməsi və həmin akt əsasında onun yaşadığı Hacıqabul rayonu Atbulaq kənində yerləşən fərdi yaşayış evinə hesablanmış 265 manat cərimənin onun **********00205 nömrəli abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Hacıqabul rayonu Atbulaq kənində yaşayır. Yaşadığı evin komunal xərclərini vaxtlı-vaxtında ödəsə də, yaşadığı evdə elektrik enerjisindən istifadə etdiyi üçün ona əsassız olaraq xeyli miqdarda borc yazılmışdır. Belə ki, 2020-ci ilin oktyabr ayında qəfil işıqları sönmüş, o, işıq xəttinin bərpa edilməsi üçün usta çağırmış və işıq xəttini bərpa etdirmişdir. Lakin bir ay əvvəl Azərişıq ASC-nin əməkdaşları yaşadıqları ünvana gələrək işıq xəttini kəsmək istəmiş, həyat yoldaşı bunun səbəbini öyrənmək üçün işıq idarəsinə getmiş və oradan ona 265 manat borc olması barədə bildiriş verilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə o. İşıq idarəsinə gələrək borcun nədən yarandığını öyrənmək istədikdə ona xx.xx.2020-ci il tarixli, 192075 saylı aktı təqdim etmişlər. Həmin aktda sayğacın giriş xəttinin izolasiyasının pozulduğu üçün borc yarandığı göstərilmişdir. O, "xxxx" ASC tərəfindən yazılan borcun əsassız olduğunu, elektrik enerjisindən istifadəyə görə yaranan borcu vaxtı-vaxtında ödədiyini, hazırda 56 yaşının olduğunu və heç bir yerdə işləmədiyini göstərmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları K.Hüseynov, R.Qarayev və R.Mehtiyev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli R 192075 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları X.Hüseynov və R.Qarayev xx.xx.2020-ci il tarixdə İddiaçı məxsus (**********00205 nömrəli abunə kodu) Hacıqabul rayonu Atbulaq kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zamanı sayğacdan kənar xətt vasitəsi ilə istifadə edilməsi aşkar edilmişdir. Kənar xətt ləğv edilmişdir. Aktı "xxxx" ASC-nin əməkdaşları K.Hüseynov, R.Qarayev və R.Mehtiyev imzalamışlar. Hal şahidləri və abunəçi tərəfindən iştirak edən olmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 7.17-ci bəndinin əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli R 192075 nömrəli akt tərtib edilərkən İddiaçı məxsus (**********00205 nömrəli abunə kodu) Hacıqabul rayonu Atbulaq kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmələri, baxış zamanı sayğacın giriş xəttinin izolasiyasının pozulduğu və bu səbəbdən abunəçiyə borc yazıldığı göstərilsə də, sayğaca baxış zamanı abunəçi kimi iddiaçının, həmçinin hal şahidlərinin iştirakı təmin edilməmiş, faktı təsdiq edə biləcək foto və video çəkilişlər aparılmamışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Hacıqabul rayonu Atbulaq kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli R 192075 nömrəli akt etibarsız hesab edilməli, həmin aktlar əsasında hesablanmış 265 manat borc İddiaçı **********00205 nömrəli abunə kodundan silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Hacıqabul rayonu Atbulaq kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli R 192075 nömrəli akt etibarsız hesab edilsin. Həmin aktlar əsasında hesablanmış 265 manat borc İddiaçı **********00205 nömrəli abunə kodundan silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar