Məhkəmə qərarları › İş №2(071)-692/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-692/2023

27.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-692/2023 27.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abonent hesabına xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun aldığı evin ondan əvvəlki sahibi Babayev Mehmanın adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir və istifadə etdiyi həcmə görə smart kart vasitəsi ilə qazın dəyərini ödəyir. Qaz sayğacının üzərində qüsur yaranmışdır və həmin qüsurun necə əmələ gəlməsi ona məlum olmadığından Hacıqabul rayon Azəriqaz İB-nə məlumat vermiş, onlar da ona heç bir problem olmadığını bildirmişlər və uzun müddət sayğacı həmin vəziyyətdə istifadə etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində qaz idarəsinin işçiləri gəlib onun evinə qaz təminatı məqsədilə quraşdırılmış G-4 markalı 1002AQ**********2 saylı qaz sayğacını açaraq, özləri ilə aparıblar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında akt tərtib ediblər və ona bildirdilər ki, sayğacın istismar müddəti bitdiyi üçün, yeni sıfırdan mexaniki qaz sayğacı ilə əvəzlənir. O da şahidi olub ki, yeni qaz sayğacı quraşdırıldı və aktda göstərdilər ki, növbəti dövlət yoxlamasıdı və həmin aktı o özü imza edib. Xəbərdarlıq etdilər ki, siz təbii qazdan istifadə qaydalarını pozmuşunuz və sayğacınızın mexaniki hesablama mexanizminin üzərindəki qoruyucu ekran deşilib. Onu da qeyd edim ki, dəyişilmiş sayğacın istismar müddəti 5 il olduğu halda, 10 il fasiləsiz, hər ay Azəriqaz İB-nin əməkdaşları tərəfindən yoxlanılmaqla istifadə edilmişdir və bu günə qədər həmin sayğacın hər hansı bir problemi olması və ziyan dəyməsi barədə ona məlumat verməmişdirlər. Halbuki, o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişdirlər. Buna baxmayaraq, ona əsassız olaraq 1555.20 manat borc hesablamışlar. Belə ki, yazılmış cərimə əsassızdır. Onlar təbii qazdan istifadəyə görə vaxtı vaxtında ödənişləri etmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, abonent hesabına əsassız olaraq hesablanmış 1555,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Babayev Mehmanın adına qeydə alınmış İrton tipli markalı 1002AQ**********2 nömrəli qaz sayğacı yeni Zenner, G4 markalı **********923 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi istismar müddətinin bitdiyi göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron tipli G4 markalı 1002AQ**********2 nömrəli qaz sayğacının mexaniki hesablama mexanizminin üzərindəki qoruyucu ekran deşilib. Dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, “Azəriqaz” X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2022-ci il tarixli MSK 29/1710-02920- 1 nömrəli rəyinə əsasən G-4 markalı 1002AQ**********2 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın klapanı işlək deyil. Sayğacının mexaniki hesablama mexanizminin üzərindəki qoruyucu ekran deşilib. Xətalar normaya uyğundur. Sayğac itismara yararsızdır. Tələbnamədə əsas kimi xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan İddiaçı yaşadığı ünvan 1 ünvanında fərdi yaşayış evinə dair onun abonent saldosundan görünür ki, abonentin hesabına 2023-cü ilin fevral ayı üçün qalıq və aktlar üzrə 1555,20 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə təbii qazın verilməsinə görə əvvəlki abonent Mehman Babayevlə cavabdeh arasında müqavilə bağlanmışdır. İddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşamağa və cavabdeh ilə təbii qazdan istifadəyə görə münasibətləri davam etmişdir. Abonentin saldosundan müəyyən edilir ki, abonent kimi İddiaçı göstərilmişdir. Hazırda iddiaçı həmin fərdi yaşayış evində yaşadığından, təbii qazdan istifadəyə görə abonent hesabına hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüququ vardır. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2022-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Qaz sayğacı dəyişdirilərkən tərtib edilmiş aktda sayğacın istismar müddətinin bitdiyi qeyd edilmiş, sayğaca hər hansı müdaxil olunması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi 9 aydan artıq müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddia təmin edilməli, iddiaçının yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə abonent hesabına akt əsasında hesablanmış 1555,20 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı abonent hesabına (abonent kodu: **********00140) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat (min beş yüz əlli beş manat, iyirmi qəpik) borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar