Məhkəmə qərarları › İş №2(071)-695/2021

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-695/2021

23.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-695/2021 23.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə 01.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 30.09.2021-ci il tarixli ******* nömrəli akt əsasında onun yaşadığı Hacıqabul rayonu Meyniman kəndində yerləşən fərdi yaşayış evinin qaz sayğacına əsassız olaraq borc kimi yazılmış 72 manatın X2 İstismar İdarəsi tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu Meyniman kəndində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. 07 sentyabr 2021-ci il tarixdə qaz idarəsinin işçiləri onun evinə gələrək, qaz təminatı məqsədilə quraşdırılmış G-4 markalı 1202AQ**********2 nömrəli qaz sayğacını açaraq özləri ilə aparmışlar. Eyni zamanda qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında 30.09.2021-ci il tarixli ******* saylı akt tərtib etmişlər. O, evə gələndə qaz sayğacının yanında qaz idarəsinin əməkdaşlarının qaz sayğacına nəsə etdiklərini görmüşdür. Soruşduqda ona sayğacın istismar müddətinin bitdiyini və yenisi ilə sıfırdan mexaniki qaz sayğacı ilə əvəz etdiklərini bildirmişlər. Ona cərimə yazılacağı barədə heç bir məlumat verilməmişdir. Onun iştirakı ilə heç bir akt yazılmamış və o, akta imza etməmişdir. Təxminən 1 ay sonra onun evinə bildiriş gəlmiş və həmin bildirişdə dövlət yoxlaması nəticəsində 30.09.2021-ci il tarixli ******* nömrəli akta əsasən sayğacdan çölə havaya qaz sızması olması göstərilmişdir. O, qaz sızması ilə əlaqədar qaz idarəsinə xəbərdarlıq etsə də, qaz idarəsinin işçiləri gəlib sayğacı yoxlamamışlar. Bundan sonra o, məcbur olaraq qaynar xəttə zəng etmiş və onun zəngindən sonra qaz idarəsinin işçiləri gəlib havaya qaz sızan yerdən krana baxış keçirərək boya vurub getmişlər. Bir neçə gün sonra qaz idarəsinin işçiləri gəlib reduktoru dəyişdirmişlər. Lakin buna baxmayaraq, yenə də ona əsassız olaraq 72 manat cərimə hesablamışlar. O, təbii qazdan istifadəyə görə vaxtında ödənişləri etmişdir və onun təqsiri olmadan sayğaca qədər olan boru xəttinin birləşməsindən havaya qaz sızmasına görə, abunəçi kimi onun heç bir təqsiri yoxdur. Bu səbəbdən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Baxışov X1 şəhəri M.B.Nadim küçəsi ev 15 A ünvanda daimi qeydiyyatda olmaqla yaşayır. İddiaçı yaşadığı ünvan 1-da yerləşən fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 1002AQ**********6 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. 30.09.2021-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G4-T markalı **********3 nömrəli sayğac ilə əvəz edilmişdir. X2 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən İddiaçı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 30.09.2021-ci il tarixli ******* nömrəli akt verilmişdir. Sayğac dəyişdirilərkən köhnə sayğacın elektrik lövhəsinin gövdədən tərpəndiyi göstərilmişdir. Bundan sonra “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğac yoxlanılaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.07.2021ci il tarixli ******* saylı akt tərtib edilmişdir. “Azəriqaz İB-nin 30.07.2021-ci il tarixli rəyinə əsasən baxılan 1002AQ**********6 nömrəli nömrəli qaz sayğacının Alarm-1 rejimində olması aktda qeyd edilmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub-olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdırılarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. 30.09.2021-ci il tarixli bildirişdə İddiaçı yaşadığı (abunə kodu **********00046) Hacıqabul rayon Meyniman yerləşən fərdi yaşayış evinə 72 manat borc yazılmışdır. İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.09.2021-ci il tarixli ******* saylı aktda göstərilir ki, İddiaçı yaşadığı (abunə kodu **********00046) Hacıqabul Meyniman kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacdan havaya qaz sızması olması aşkar edilmişdir. Qaz sızmasının abunəçinin təqsirindən baş verməsi öz əksini tapmamışdır. Akta əsasən 30.09.2021-ci il tarixdə abunəçiyə borc yazılmışdır. Aktın tərtib edilməsində İddiaçı iştirakı təmin edilməmiş, foto və video çəkiliş aparılmamışdır. Bu halı təsdiq edən video görüntülər, iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilmiş akt mövcud deyildir. Bu isə onu deməyə əsas verir ki, 30.09.2021-ci il tarixli akt qanunsuz və əsassız olaraq yazılmışdır və həmin akt əsasında hesablanmış borc abunəçidən tələb edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İddiaçının sayğac üzrə heç bir borcu olmamışdır, çünki, qazdan istifadə smart kart vasitəsilə olmuşdur. Hesabda pul olmayanda qazın verilməsini avtomatik olaraq sayğac özü dayandırır. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği, istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.09.2021-ci il tarixli ******* nömrəli akt əsasında İddiaçı hesablanmış borc istehlakçı İddiaçı (abunə kodu **********00046) hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.09.2021-ci il tarixli ******* nömrəli akt əsasında Hacıqabul rayonu Meyniman kəndində yerləşən fərdi yaşayış evinin sahibi İddiaçı hesablanmış 72 (yetmiş iki) manat borc istehlakçı İddiaçı (abunə kodu **********00046) hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar