Məhkəmə qərarları › İş №2(071)-713/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-713/2024

22.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-713/2024 22.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, istehlakçısı olduğu yaşayış sahəsinə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* və ******* saylı aktların etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı mərhum həyat yoldaşı X2 adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. Belə ki, istifadə etdiyi müddətdə heç bir problem olmamışdır. Sayğacın istismar müddəti bitdiyi üçün yenisi ilə əvəz edilmişdir. Sayğac əvəz edildikdən sonra, yəni bir müddət keçdikdən sonra adına cərimə yazılmışdır. Halbuki, sayğac açılarkən o özü də orada iştirak etmiş və sayğacda hər hansı bir problemin olması barədə ona heç bir məlumat verilməmişdir. Sübut olaraq təqdim etdiyi ******* saylı aktdan görünür ki, Cavabdeh əməkdaşları mərhum həyat yoldaşı xx.xx.2018ci ildə vəfat etməsinə baxmayaraq xx.xx.2023-cü il tərtib olunan aktda imza etmişdir. Əlavə olaraq xx.xx.2023-cü il tarixli, ******* saylı aktda isə mərhum həyat yoldaşı guya imza etməkdən imtina etmişdir. Həmin aktlar qanunsuz və əsassız yazılmışdır. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. O, həmçinin hazırlıq iclasında iştirak edərkən iddia tələbini müdafiə etdiyini və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə əvvəla qeyd edir ki, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi abonent kodu üzrə rəsmiləşdirmə onun mərhum əri X2 adına aparılmasına baxmayaraq, iddiaçı özü qeyd olunan ünvanda daimi olaraq yaşayıb qazdan istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının faktiki olaraq istehlakçı kimi hazırkı tələbi irəli sürməyə subyektiv hüququ vardır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən və məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı mərhum əri Rövşən Nəsirovun adına qeydə alınmış İtron G4 markalı 1702AZ**********57 nömrəli qaz sayğacı yeni Zenner, G4 markalı **********5 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi çıxışplasmas borusunda deşik aşkar edilməsi göstərilmişdir. Aktın B.Nəsirov tərəfindən imzalanması qeyd olunur. Lakin B.Nəsirov adlı şəxsin kimliyi müəyyən edilməmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda göstərilmişdir ki, G4 markalı 1702AZ**********57 nömrəli sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşik olduğundan xətalar normadan artıqdır, minimal sərfiyyatda 100% nisbi xəta ilə işləyir. Sayğacın istismara yararsız olduğu göstərilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsinin təmin edilməsi müəyyən edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktın tərtib edilmə tarixi isə ümumiyyətlə bəlli deyildir. Həmin aktda da sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi və Dəymiş ziyanın hesablanaraq ödənilməsinin təmin edilməsi göstərilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin, sayğacların müayinəsi labaratoriyasının xx.xx.2023-ci il tarixli MSK-14-2-2/3-5- 13701/Q001 nömrəli rəyinə əsasən G-4 markalı 1702AZ**********57 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Həmçinin sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir. Hesablama mexanizmi nominal, minimal sərfiyyatda 100% nisbi xətayla işləyir. Sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Tələbnamədə əsas kimi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan istehlakçı mərhum X2 adına rəsmiləşdirilmiş Hacıqabul rayonu, M.F.Axundov küçəsi 95-də fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, abonentin hesabına 2023-cü ilin dekabr ayında akt üzrə 777,60 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən məhkəmənin sorğusuna əsasən elektron kabinet vasitəsilə verilmiş arayışdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 777,60 manat borc hesablanmış və həmin borcdan tutulma, hər hansı ödəniş olmamışdır. Bundan başqa, abonent tərəfindən sayğac üzrə hesablanmış 369,48 manat borc mövcuddur. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2023-cü il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Sayğacın çıxarılma səbəbi səyyar istismara yararsız olması və borunun kənar təsir nəticəsində deşilməsi kimi göstərilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının yaşadığı ev üzrə abonentin hesabına 777,60 manat borcu sayğacın istismar müddətinin bitməsi ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın çıxış plasmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın nominal və minimum sərfiyyatda 100% xəta ilə işlədiyi, hesablama mexanizminin nominla, minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yarasız olduğunu göstərmişdir. Lakin cavabdeh tərəfindən qeyd olunan xətaların abonentin kənar müdaxiləsi nəticəsində yaranmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa qaz sərfiyyatına dair müqavilə iddiaçının ölmüş ərinin adına rəsmiləşdirildiyindən, aktlar da mərhumun adına tərtib edilmişdir ki, bu hal özü-özlüyündə həmin aktların mötəbərliliyini şübhə altına salır və məhkəmə hesab edir ki, tarixi bəlli olmayan və ölmüş şəxsin adından tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* və ******* saylı aktlar əsasında hesablanmış borc əsassız olduğundan silinməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ərizəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* və ******* saylı aktlar əsasında hesablanmış borcun silinməsini tələb etməsinə baxmayaraq, hansı məbləğin silinməsini tələbində dəqiq göstərməmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonentin qaz sərfiyyatına görə 1147,08 manat borcu mövcuddur, həmin borcun 777,60 manat hissəsi qeyd olunan aktlar əsasında itirilmiş qaz sərfiyyatına görə hesablanmış, qalan 369,48 manat borc məbləği sayğac vasitəsilə real qaz sərfiyyatına görə hesablamışdır. Odur ki, məhkəmə hesab edir ki, ümumi borcun 777,60 manat hissəsi aktlar üzrə əsassız olaraq hesablanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılıb yenisi ilə əvəz edilən zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X3 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi 1 aydan artıq müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, iddia təmin edilməli, iddiaçının yaşadığı ünvan üzrə abonent hesabına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* və ******* saylı aktlar əsasında hesablanmış 777,60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən istehlakçı İddiaçı yaşadığı Hacıqabul rayonu, M.F.Axundov küçəsi 95-də yerləşən yaşayış sahəsinə təbii qazla təchiz edilməsi ilə əlaqədar **********00000 abonent kodu üzrə ******* və ******* saylı aktlar əsasında hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar