Məhkəmə qərarları › İş №2(071)-76/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-76/2022

10.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-76/2022 10.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “27.05.2021-ci il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “27.05.2021-ci il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 21.10.2021ci il tarixdə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi (Salyan RQİİ) tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” 27.05.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və onun abonent hesabına əlavə edilmiş debitor borcun (211,69 manat) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. O, xeyli vaxtdır ki, təbii qazdan istifadə edir və verilmiş bildirişlərə əsasən qazın dəyərini vaxtı-vaxtında ödəyir. Belə ki, 27 may 2021-ci il tarixində qaz idarəsinin işçiləri gəlib onun evinə qaz təminatı məqsədi ilə quraşdırılmış G-4 markalı **********10 saylı qaz sayğacını açaraq, özləri ilə aparmışlar. Eyni zamanda qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında ******* saylı akt tərtib etmişlər. O, evə gələndə qaz sayğacının yanında qaz idarəsinin əməkdaşlarının qaz sayğacında nəsə etdiklərini görmüş və nə etdiklərini soruşduqda qaz idarəsinin əməkdaşları ona sayğacın istismar müddətinin bitdiyi, yeni sıfırdan mexaniki qaz sayğacı ilə əvəzləndiyini bildirmişlər. Onun evinə yeni qaz sayğacı quraşdırılmış və aktda növbəti dövlət yoxlaması olması göstərilmişdir. O, bu səbəbdən həmin aktı imzalamışdır. Lakin təxminən 5 ay sonra onun evinə bildiriş gəlmiş və həmin bildirişdə dövlət yoxlaması nəticəsində 06.09.2021 tarixli 29/1710-03050-1 nömrəli akta əsasən sayğaca müdaxilə olunması və sayğaca müdaxilə nəticəsində təbii qazdan istifadə qaydalarının pozulmasına dair ******* saylı akt tərtib edərək, sayğacının dəyərinə görə ona 211,69 manat cərimə yazılması göstərilmişdir. Halbuki o, və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Buna baxmayaraq ondan əsassız olaraq sayğacın dəyəri kimi 211,69 manat pul tələb edilir. O, sayğaca müdaxilə etməmişdir və istismar müddəti bitmiş sayğacın yenisi ilə əvəz edilməsinə görə pul ödəməli deyildir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı yaşadığı Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 11 nömrəli evin 8 nömrəli mənzilinə təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 1302A27**********10 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. 27.05.2021-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G-4 markalı **********4 nömrəli sayğac ilə əvəz edilmişdir. X1 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən İddiaçı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27.05.2021-ci il tarixli ******* nömrəli akt verilmişdir. Sayğac dəyişdirilərkən sayğacın istismar müddətinin bitdiyi göstərilmişdir. Dövlət yoxlaması nəticəsində 06.09.2021 tarixli 29/1710-03050-1 nömrəli akta əsasən sayğaca müdaxilə olması göstərilmiş və bu səbəbdən də, məişət tipli G-4 markalı 1302A2**********10 sayğacın dəyərinin ödənilməli olduğu göstərilmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub-olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdırılarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Belə ki, İtron tipli G-4 markalı 1302A27**********10 nömrəli elektron qaz sayğacı 27.05.2022 il tarixdə istifadə müddəti bitmə səbəbindən Zenner tipli G-4 markalı **********4 nömrəli sayğac ilə əvəz edilmiş, qaz sayğacı dəyişdirilərkən Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş 27.05.2021-ci il tarixli ******* saylı aktda sayğacın dəyişdirilməsi səbəbi kimi istifadə müddətinin bitməsi göstərilmişdir. Bundan başqa həmin aktda sayğaca müdaxilə olunması barədə hər hansı qeyd edilməmiş və həmin akt əsasında iddiaçıya hər hansı borc yazılmamışdır. Müddəti bitmiş məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edildiyinə görə, iddiaçıdan dəyişdirilmiş qaz sayğacına görə 211,69 manat pul təldəb edilməsi qanunsuz və əsassızdır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. Qaz sayğacı binanın pilləkən qəfəsində, yəni iddiaçının mənzilindən kənarda quraşdırıldığına görə iddiaçı qaz sayğacına görə cavabdehlik daşımır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İddiaçının iddia tələbi - 27.05.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. Çünki, həmin akta əsasən sayğac dəyişdirilmiş, hər hansı bir cərimə yazılmamışdır. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı sayğacın dəyişdirilməsinə görə hesablanmış 211,69 manat borc istehlakçı İddiaçı (abunə kodu **********00010) hesabından silinməlidir. İddia tələbi - “Azəriqaz” İstehsalat Birliyi (Salyan RQİİ) tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” 27.05.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 11 nömrəli evin 8 nömrəli mənzilinə quraşdırılmış qaz sayğacının dəyişdirilməsinə görə hesablanmış 211,69 manat borc istehlakçı İddiaçı (abunə kodu **********00010) hesabından silinsin. İddia tələbi - “Azəriqaz” İstehsalat Birliyi (Salyan RQİİ) tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” 27.05.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar