Məhkəmə qərarları › İş №2(071)-97/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-97/2024

05.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-97/2024 05.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı Şıxali qızının iştirakı ilə, İddiaçı Şıxali qızının Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Şıxali qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2018-ci il tarixli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 2268 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. xx.xx.2018-ci il tarixində qaz idarəsinin işçiləri gəlib onun evinin qaz təminatı məqsədilə quraşdırılmış qaz sayğacını açaraq, özləri ilə aparıblar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında ******* saylı akt tərtib ediblər. Onlardan soruşduq da bildiriblər ki, sayğacın istismar müddəti bitdiyi üçün yeni sıfırdan mexaniki qaz sayğacı ilə əvəzlənir. O da şahidi olub ki, yeni qaz sayğacı quraşdırıldı və aktda göstərdilər ki növbəti dövlət yoxlamasıdır və həmin aktı o özü imza edib. Xəbərdarlıq ediblər ki, siz təbii qazdan istifadə qaydalarını pozmusunuz və sayğacınız hesablama mexanizmindən keçən qazın həcmini qeyd etmir, əlavə olaraq qeyd etmək istəyirəm ki, azəriqaz istehsalat birliyinin işçiləri hər ay qaz sayğaclarına baxış keçirirlər və əgər hər hansı problem olsaydı qaz sayğacında bu vaxta qədər ona bildirərək rəsmi qaydada xəbərdarlıq edərdilər. Halbuki o, sayğaca heç bir müdaxilə etməmişdir. Buna baxmayaraq, ona əsassız olaraq cərimə hesablamışlar. Məhkəmə iclasında İddiaçı Şıxali qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, X2 adına qeydə alınmış İtron G4 markalı 1002AQ**********84 nömrəli qaz sayğacı yeni İtron, G4 markalı 1102AZ**********12 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi klapanın hərəkətsizliyi göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, İtron G4 markalı 1002AQ**********84 nömrəli sayğacın hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini hesablamır. Kənar təsir izləri aşkar edilməyib. Sayğacın klapanı işlək deyil. Dəymiş ziyanın hesablanması və ödənilməsi təmin edilsin. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının MSK 29/1710-0138-2 nömrəli rəyinə əsasən PQ-4 maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, qış aylarında orta günlük iş rejimi - 6 saat, hesabat müddəti 180 gün, Kombi maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, qış aylarında orta günlük iş rejimi - 18 saat, hesabat müddəti 180 gün, QSQ maksimal saatlıq qaz sərfi 2 m3/saat, qış aylarında orta günlük iş rejimi - 8 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin (2 x 8 x 180=2880 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Tələbnamədə əsas kimi xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 arasında xx.xx.1979-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə “Kərimov”, arvada “Kərimova” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan İddiaçı Şıxali qızının yaşadığı ünvan 1 ünvanında fərdi yaşayış evinə dair X2 abonent saldosundan görünür ki, abonentin hesabına 2018-ci ilin iyun ayı üçün qalıq və aktlar üzrə 2520 manat borc hesablanmışdır. İş materiallarında olan Hacıqabul rayon İcra Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Kərimova X3 şəhəri, Şəhriyar küçəsi ev 36 ünvanında yaşayır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə təbii qazın verilməsinə görə onun əri X5 ilə cavabdeh arasında müqavilə bağlanmışdır. İddiaçı əri Novruz Kərimov xx.xx.2016-cı il tarixdə öldükdən sonra iddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşamağa və cavabdeh ilə təbii qazdan istifadəyə görə münasibətləri davam etmişdir. Hazırda iddiaçı həmin fərdi yaşayış evində yaşadığından, təbii qazdan istifadəyə görə abonent hesabına hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüququ vardır. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2018-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Sayğacın çıxarılma səbəbi klapanın hərəkətsiz olması olmuşdur. Göründüyü kimi, cavabdeh iddiaçının yaşadığı ev üzrə abonentin hesabına 2520 manat borcu sayğacın yararsız olması, sayğacın klapanın hərəkətsiz olması ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Bununla yanaşı qeyd edilməlidir ki, abonentin saldosundan 2018-ci ilin iyun ayında akta əsasən abonentin hesabına 2520 manat borc hesablandığı qeyd edilsə də, iddiaçı iddia tələbində həmin məbləğin 2268 manat hissəsinin silinməsini tələb etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X7 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi 5 aya yaxın müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, iddia təmin edilməli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli, iddia tələbindən kənara çıxılmadan iddiaçının yaşadığı ünvan üzrə abonentin hesabına həmin akt əsasında hesablanmış borcun 2268 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin. İddiaçı Şıxali qızının yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə abonentin hesabına (abonent kodu: **********00000) xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borcun 2268 (iki min iki yüz altmış səkkiz) manat hissəsi silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar