Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-976/2024 05.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 331557 nömrəli aktın etibarsız hesab edilərək, **********00121 nömrəli abonent koduna hesablanmış 1039 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdehin əməkdaşları onun və ailəsinin evdə olmadığı vaxtda, iddiaçı və ya onun ailəsinin iştirakı olmadan barəsində akt tərtib etmişdir. 2024-cü ildə heç bir səbəb olmadan ona yüksək məbləğdə cərimə yazılmışdır. Bundan əvvəl də, iddiaçı Rusiya Federasiyasında yaşayarkən ona cərimə yazılıb, amma aktı ona vermədikləri üçün heç bir tədbir görülməsinə nail ola bilməmişdir. İstehlakçı hüquqları 50% məhdudlaşdırılsa da, sayğac smart kart sistemli olduğu üçün hər ay məcburən müəyyən məbləğlərdə ödəniş edib, elektrik enerjisindən qənaətlə istifadə edirlər. Son vaxtlara qədər borcun məbləğinə fikir verməmişdir və son bir aydır ki, smart kartına bir neçə dəfə 20 manat ödəniş etmiş, az müddətdə sayğacdakı balansın tez bitdiyini müşahidə etmiş, sonradan onun yüksək məbləğdə borcu olduğunu müəyyən etmişdir. Cavabdehin əməkdaşları heç bir vasitə ilə iddiaçını və ya onun ailəsini xəbərdar etməyiblər. Ona görə aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı əvvəlcə iddia ərizəsini müdafiə etsə də, məhkəmə iclasının sonrakı gedişatında yaşadığı fərdi yaşayış evinə qanunsuz kənar xəttin qoşulmasını etiraf etmişdir. Lakin hesab edir ki, itirilmiş elektrik enerjisinin dəyəri tənasübsüz şəkildə artıq hesablanmışdır. Qeyd olunan məbləğ düzgün hesablanmadığından yenidən hesablanmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, mütəxəssisin rəyi ilə razılaşır. Verilən suallara cavab olaraq bildirmişdir ki, cərimə 3 aylıq sərfiyyat əsasında hesablanmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 may 2024-cü il tarixli 331557 nömrəli “məişət abonenti (əhali) istehlakçılar qrupu” aktında müəyyən edilir ki, "xxxx" ASC Hacıqabul EŞnin əməkdaşları tərəfindən Hacıqabul rayonu, Kolanı kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca X3 qaydalarına uyğun baxış keçirilən zaman sayğacdan kənar xəttin çəkilməsi, elektrik enerjisindən sayğacdan kənar istifadə edilməsi aşkar edilmişdir. Həmçinin kənar xəttdən axan yükün 23 Amper təşkil etməsi müəyyən edilmişdir. Həmçinin baxış zamanı kənar xəttin ləğv edilməsi və enerji verilişinin dayandırılması qeyd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş CD disk tədqiq edildikdə müəyyən edildi ki, abonentin yaşadığı evə quraşdırılmış sayğacın sxemdən ayrıldığı və kənar xəttdən istifadə olunduğu müəyyən edilmişdir. Hacıqabul Rayon Məhkəməsi tərəfindən qeyd olunan abonentin yaşadığı evə elektrik enerjisinin təchizatı ilə bağlı yerində baxış keçirilməklə ətraflı araşdırma aparılması və mübahisənin obyektiv həlli məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 Filialına sorğu ünvanlanmışdır. Həmin sorğuya xx.xx.2024-cü il tarixli, 3-15-2-6/2-522/2024 saylı məktubla cavab olaraq bildirilmişdir ki, məsələnin ətraflı araşdırılması məqsədi ilə xx.xx.2024-cü il tarixində X2 nümayəndəsinin iştirakı ilə ünvanda baxış keçirilmişdir. İddiaçı məxsus yaşayış evi üçün dayaqda **********1 zavod nömrəli PAUD-MP106 tipli əvvəlcədən ödəmə sistemli hesablaşma elektrik sayğacının quraşdırıldığı, həmin dayaqda əlavə olaraq qonşuya aid digər sayğacın mövcud olduğu, sayğaclar üçün 2 giriş və 2 çıxış (ümumi 4 xəttin) kabel xəttinin olduğu, evə gedən çıxış xətlərinin üzərində xətt ayırıcısı quraşdırıldığı məlum olmuşdur. **********1 zavod nömrəli sayğacın çıxışından evə gedən xəttin üzərində dayaqda quraşdırılan xətt ayrıcısının girişində ölçü aparılaraq xətdə 1,3A yükün olduğu, həmin anda sayğacın ekranından qeyd edilən yükün keçdiyi, sayğacın keçən yükü qeyd etdiyi, yük impulsunun döyündüyü, sayğac sxeminin normal olduğu və təqdim edilmiş videoçəkilişdə görünən xətt ayrıcısının iddiaçıya aid sayğacın çıxışından evinə gedən xəttin üzərində quraşdırılmış ayrıcı olduğu müəyyən edilmişdir. Eyni zamanda təqdim edilmiş videoçəkilişdə görünən və xətt ayırıcısına birbaşa qoşulan 5-ci kabel xətti yerində baxış zamanı aşkar edilməmişdir. Qeyd edilənlərlə bağlı yerində videoçəkiliş aparılmışdır. Digər tərəfdən abunə haqqında cədvəlin təhlili zamanı xx.xx.2023-cü il tarixindən akt tərtib edilən tarixədək aylar üzrə istehlak olunmuş elektrik enerjisi sərfiyyatları, akt tərtib edildikdən sonrakı dövrlərdə aylar üzrə istehlak olunmuş sərfiyyatlardan dəfələrlə azdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 Filialı tərəfindən məhkəməyə təqdim edilmiş CD disk tədqiq edilmiş və rəydə qeyd olunmuş xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X3 Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 14 aprel 2022-ci il tarixdən qüvvədə olan 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 24 may 2024-cü il tarixli 331557 nömrəli aktda İddiaçı məxsus (**********00121 nömrəli abonent kodu) Hacıqabul rayonu, Kolanı kəndində yerləşən fərdi yaşayış evində sayğaca baxış keçirmələri zamanı, sayğacdan kənar xətt vasitəsi ilə X3 etməsinin aşkar edildiyi qeyd olunmuşdur. İddiaçı özü də sayğaca kənar xətt qoşulmasını etiraf etmişdir. Lakin o, borcun tənasübsüz şəkildə artıq hesablanmasını əsas gətirərək artıq hesablanmış bocun silinməsini məhkəmədən xahiş edir. İş materiallarından müəyyən edildiyi kimi, sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilən zaman müəyyən edilmişdir ki, xəttən axan elektrik enerjisinin yükü 23 A təşkil edir. Qeyd olunan fakt və X3 qaydalarına müvafiq olaraq 90 günlük hesabat aparıldıqda (25Ax0,22x0,7x12saatx90gün=4158 kv/saat, diferensiallığa bölündükdə 600KV-48manat+300KV-27manat+3258KV-423 manat=498 manat) müəyyən edilir ki, borc məbləği 498 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, 498 manat aşkar edilmiş kənar xəttdən nəticəsində itirilmiş elektrik sərfiyyatının dəyərinə uyğun olmaqla qalan hissədə hesablanmış borc məbləği, yəni (1039-498=541) 541 manat hissədə əsassız hesab edilməklə silinməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə quraşdırılmış elektrik sayğacına baxış X3 Qaydalarının tələblərinə uyğun keçirilməklə, kənar xətt aşkar edildiyindən, lakin itirilmiş enerjinin dəyəri artıq hesablandığından, iddiaçının tələbi qismən haqlı olmaqla təmin edilməli, iddia tələbindən kənara çıxmadan onun abonent hesabına hesablanmış 1039 manat borcdan əsassız hesablanmış 541 manat hissəsi silinməli, abonentin real borc məbləği 498 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hacıqabul rayonu, Kolanı kəndində yaşayan abonent İddiaçı (abonent kodu **********00121) elektrik sayğacından kənar elektrik xətti vasitəsilə şəbəkəyə qanunsuz qoşulma ilə bağlı "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 331557 nömrəli akt əsasında hesablanmış 1039 (min otuz doqquz) manat borcdan 541 (beş yüz qırx bir) manat hissəsi silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-976/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-976/2024
05.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver