Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-997/2024 22.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış borc məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edədək cavabdeh "xxxx" ASC X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 286315 nömrəli, xx.xx.2023-cü il tarixli 308873 nömrəli, xx.xx.2024-cü il tarixli 324590 nömrəli və xx.xx.2024-cü il tarixli 337854 nömrəli aktlarla hesablanmış 1.428 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, istifadə etdiyi bütün komunnal xərcləri vaxtı-vaxtında ödəmişdir. Bu günə qədər heç bir problemi olmamışdır. "xxxx" ASC-nin Hacıqabul rayon Şöbəsinin əməkdaşları heç bir əsas olmadan müxtəlif vaxtlarda 5 ədəd akt tərtib edərək ona əsassız olaraq borc hesablamışdır. Həmin aktlar tərtib edərkən nə iddiaçının, nə də onun ailə üzvlərinin iştirakı təmin edilməmişdir. Aktlarda kənar xətt aşkar olunduğu qeyd edilmişdir. Halbuki "xxxx" ASC-nin Hacıqabul rayon şöbəsinin əməkdaşları hər ay yoxlamalar aparır və əgər kənar xətt olsaydı aradan qaldıraraq ümumiyyətlə sayğacı blok edə bilərdilər. Hazırda sayğac işlək vəziyyətdədir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2023-cü il tarixli, 286315, xx.xx.2024-cü il tarixli, 324590, xx.xx.2024-cü il tarixli, 337854 və xx.xx.2023-cü il tarixli, 308873 nömrəli aktlar qanunsuz və əsassızdır, bu səbəbdən aktlar əsasında hesablanmış borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən təqdim edilən video materiallardan da görünür ki, baxış zamanı onun iştirakı təmin edilməmişdir. Bundan başqa həmin sayğacın onun yaşadığı mənzilə aidiyyəti bəlli deyildir. Verilmiş suallara əsasən əlavə olaraq bildirdi ki, qeyd edilən mənzili Hacıqabul Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən əldə etmişdir. Mənzilə yaşadıqları vaxt öncəki mənzil sahibinin borcu mövcud olmuşdur. Daha sonra yeni sayğacın quraşdırılması cavabdehlərin əməkdaşları tərəfindən yubadılmış, bu müddət ərzində onlar, yaxınlıqda yaşayan anasına məxsus evin sayğacına qoşulmuş sərf edilən elektrik enerjisinə görə ödənişləri anası həyata keçirmişdir. Dolayısı ilə sayğacla bağlı qüsur cavabdehin əməkdaşlarının təqsiri ilə bağlı olmuş və zamanında aradan qaldırılmamışdır. Bu müddət ərzində isə onun məlumatı olmadan əsassız olaraq tərtib edilmiş aktlara əsasən borclar hesablanmışdır. Hazırda sayğacla bağlı problemin aradan qaldırılmasına baxmayaraq yüklənən vəsaitdən borc avtomatik çıxıldığı üçün enerjidən istifadəsi mümkünsüz hala gəlir. Bu səbəbdən göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara məcmu qaydasında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 286315 nömrəli “məişət abonenti (əhali) istehlakçılar qrupu” aktdan müəyyən edilir ki, "xxxx" ASC Şirvan RETSİ əməkdaşları tərəfindən Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, bina 3, mənzil 7 ünvanında yerləşən evə quraşdırılmış sayğaca elektrik enerjisindən istifadə qaydalarına uyğun baxış keçirilən zaman sayğacdan kənar xəttin çəkilməsi, elektrik enerjisindən sayğacdan kənar istifadə edilməsi aşkar edilmişdir. Həmçinin kənar xəttdən axan yükün 7,6 Amper təşkil etməsi müəyyən edilmişdir. Həmçinin baxış zamanı kənar xəttin ləğv edilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 308873 nömrəli “məişət abonenti (əhali) istehlakçılar qrupu” aktdan müəyyən edilir ki, "xxxx" ASC Şirvan RETSİ əməkdaşları tərəfindən Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, bina 3, mənzil 7 ünvanında yerləşən evə quraşdırılmış sayğaca elektrik enerjisindən istifadə qaydalarına uyğun baxış keçirilən zaman əlavə naqil vasitəsilə sayğacın sxemdən kənarlaşdırıldığı müəyyən edilmişdir. Həmçinin naqildən axan yükün 2,1 Amper təşkil etməsi müəyyən edilmişdir. Baxış zamanı sağacın sxeminin bərpa olunması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 337854 nömrəli “məişət abonenti (əhali) istehlakçılar qrupu” aktdan müəyyən edilir ki, "xxxx" ASC Şirvan RETSİ əməkdaşları tərəfindən Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, bina 3, mənzil 7 ünvanında evə quraşdırılmış sayğaca elektrik enerjisindən istifadə qaydalarına uyğun baxış keçirilən zaman əlavə naqil vasitəsilə giriş və çıxış yolları birləşdirildiyi aşkar edilmişdir. Həmçinin kənar xəttdən axan yükün 2 Amper təşkil etməsi müəyyən edilmişdir. Həmçinin baxış zamanı kənar xəttin ləğv edilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 324590 nömrəli “məişət abonenti (əhali) istehlakçılar qrupu” aktdan müəyyən edilir ki, "xxxx" ASC Şirvan RETSİ əməkdaşları tərəfindən Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, bina 3, mənzil 7 ünvanında yerləşən evə quraşdırılmış sayğaca elektrik enerjisindən istifadə qaydalarına uyğun baxış keçirilən zaman sayğacdan kənar xəttin çəkilməsi, elektrik enerjisindən sayğacdan kənar istifadə edilməsi aşkar edilmişdir. Həmçinin kənar xəttdən axan yükün 2,1 Amper təşkil etməsi müəyyən edilmişdir. Həmçinin baxış zamanı kənar xəttin ləğv edilməsi qeyd edilmişdir. Yuxarıda qeyd olunan aktlardan həmçinin müəyyən edilir ki, aktlar abonent Elman Mahmudov barəsində tərtib edilmişdir. Lakin cavabdeh tərəfindən həmin abonentə hesablanmış borcun hazırkı iş üzrə iddiaçıya aidiyyətin olmasını təsdiq edən sübut təqdim edilməmişdir. Belə ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən iddia tələbinə münasibət bildirilərək xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı iddia etdiyi yaşayış ünvanı **********0 saylı kodla X1 Elman Mahmudovun adına qeydiyyatdadır. Belə ki, İddiaçı iddia qaldırdığı vaxt ərzində **********60 saylı kod üzrə abonentin 1427 manat borcu vardır. Həmin borcun yaranma səbəbi abonent tərəfindən EEİQ-nın pozulması barədə tərtib olunmuş aktlara əsasən yarandığı müəyyən olunmuşdur. Daha sonra müəyyən olunur ki, abonent X3 rayonu, Hərbi şəhərcikdə yaşamaqla 2023-2024-cü illər ərzində müxtəlif vaxtlarda EEİQ-nı pozmaqla elektrik enerjisindən istifadə etmişdir. Odur ki, abonent elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə etdiyi üçün xx.xx.2023-cü il tarixli, 286315 saylı akta əsasən 668,87 manat, xx.xx.2023-cü il tarixli, 308873 sayl akta əsasən 650,72 manat, xx.xx.2024-cü il tarixli, 337854 saylı akta əsasən 58,02 manat və xx.xx.2024-cü il tarixli, 324590 saylı akta əsasən də 58,02 manat, ümumilikdə 1435,63 manat itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş CD disk tədqiq edildikdə müəyyən edildi ki, abonentin yaşadığı evə quraşdırılmış sayğaca kənar xətt qoşulmuşdur. Həmçinin naqildən axan yükün 2,1 Amper təşkil etməsi müəyyən edilmişdir. Görüntüdən baxışın Kamil Hüseynov, Anar Nəbiyev və Xankişiyev Söhrab adlı şəxslər tərəfindən həyata keçirilməsi qeyd edilməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixli 308873 nömrəli aktı tərtib edənlər 3 nəfər göstərilməklə həmin şəxslərdən sadəcə birinin – Anar Nəbiyev tərəfindən imzalanmışdır. Bununla yanaşı, həmin aktda İ.Qasımov adlı şəxsin adı aktı imzalayanlar siyahısında olsa da, CD disk tədqiq edilərkən İ.Qasımovun adı iştirakçılar sırasında qeyd edilməmişdir. Bu hal özü-özlüyündə aktda qeyd olunan məlumatların mötəbərliliyini şübhə altına alır. Eyni zamanda görüntüdən müəyyən edilir ki, istehlakçının baxışda iştirakının təmin edilməsi üçün lazımı tədbirlər görülməmişdir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, elektrik enerjisinin sərfiyyatını ölçən sayğac yaşayış sahəsindən kənarda yerləşməklə, cavabdeh tərəfindən daim nəzarətdə saxlanıla biləcəyi nəzərə alındıqda, il ərzində bir neçə dəfə abonent barəsində akt tərtib edilməsi özü-özlüyündə iddiaçının izahatında göstərilən xüsusatların həqiqiliyinə dəlalət edir. Belə ki, kənar xətt cavabdehin əməkdaşları tərəfindən vaxtında aşkar edilib aradan qaldırıla biləcəyi halda sanki formal aktların tərtib edilməsi ilə kifayətlənilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, həmin aktlar əsasında əsasız olaraq borc hesablanmışdır.. Qeyd edilir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 14 aprel 2022-ci il tarixdən qüvvədə olan 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli 286315 nömrəli, xx.xx.2023-cü il tarixli 308873 nömrəli, xx.xx.2024-cü il tarixli 324590 nömrəli və xx.xx.2024-cü il tarixli 337854 nömrəli aktlarda İddiaçı məxsus (**********0 nömrəli abunə kodu) Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, bina 3, mənzil 7 ünvanında yerləşən fərdi yaşayış evində sayğaca baxış keçirmələri zamanı, sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməsinin aşkar edildiyi qeyd olunmuşdur. Sayğaca baxış zamanı abunəçi kimi iddiaçının (və ya ailə üzvlərindən birinin) iştirakı təmin edilməmişdir. Digər tərəfdən, cavabdeh tərəf sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edilməsinin iddiaçının və ya onun ailə üzvlərinin təqsiri olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, abonent (abonent kodu **********0) İddiaçı məxsus Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, bina 3, mənzil 7 ünvanında yerləşən "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 286315 nömrəli, xx.xx.2023-cü il tarixli 308873 nömrəli, xx.xx.2024-cü il tarixli 324590 nömrəli və xx.xx.2024-cü il tarixli 337854 nömrəli aktlara əsasında hesablanmış borcdan qalıq qalan 1428 (min dörd yüz iyirmi səkkiz) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Beləliklə, istehlakçıların müdafiəsi haqqında tələb üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi təmin olunduğundan, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 34,28 manat dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abonent (abonent kodu **********0) İddiaçı məxsus Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, bina 3, mənzil 7 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacından kənar elektrik xətti vasitəsilə şəbəkəyə qanunsuz qoşulma ilə bağlı "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 286315 nömrəli, xx.xx.2023-cü il tarixli 308873 nömrəli, xx.xx.2024-cü il tarixli 324590 nömrəli və xx.xx.2024-cü il tarixli 337854 nömrəli aktlara əsasında hesablanmış borcdan qalıq qalan 1428 (min dörd yüz iyirmi səkkiz) manat borc məbləği silinsin. Cavabdeh "xxxx" ASC-dən 34,28 (otuz dörd manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-997/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-997/2024
22.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver