Məhkəmə qərarları › İş №2(072)-299/2023

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-299/2023

14.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-299/2023 14.07.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil): Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3, Cavabdeh: Cavabdeh, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilərək, mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilərək, mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X9 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi İddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır, İ Qarabağ müharibəsi veteranıdır və 2ci qrup əlildir. O, uzun müddət “DSK-4” X14 işləmişdir. İşlədiyi müddət ərzində “DSK-4” X18 tərəfindən ona 30 aprel 2002-ci il tarixdə order əsasında Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil verilmişdir. 06 noyabr 2009-cu il tarixdə mübahisə predmeti olan həmin mənzili özəlləşdirməklə, daşınmaz əmların dövlət reyestrindən çıxarış əldə etmişdir. 13 may 2014-cü il tarixdə qızı X2 Cavabdeh ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuş, lakin müəyyən ailədaxili səbəblərə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5901/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilmişdir. O, 31 may 2014-cü il tarixdə mübahisə predmeti olan həmin mənzili “Mənzil bağışlama müqaviləsi” əsasında Cavabdeh bağışlamışdır. Belə ki, bir müddət 2-ci qrup əlilliyi olan müharibə veteranlarının mənzil ilə təmin olunmaq imtiyazı olduğu üçün o, bu imtiyazadan istifadə edərək, başqa mənzil əldə etmək istəmişdir. Şərtlərə əsasən 2-ci qrup əlilliyi olan müharibə veteranlarının mülkiyyətində başqa mənzil olmamalı idi. Bu səbəbdən də, İddiaçı mübahisə predmeti olan həmin mənzili öz doğması və qohumu kimi Cavabdeh bağışlamışdır. Lakin buna baxmayaraq, hal-hazırda da İddiaçı ailə üzvləri ilə birlikdə mübahisə predmeti olan həmin mənzildə yaşayır. Eyni zamanda bildirir ki, Cavabdeh boşanma prosesi zamanı mübahisə predmeti olan həmin mənzilə dair kommunal xidmətləri həyata keçirən aidiyyəti orqanlar ilə yeni xidmət müqaviləsi bağlayaraq, həyata keçiriləcək kommunal xidmətləri öz adına sənədləşdirmişdir, yəni “yeni istehlakçı, abonent və s.” statusu əldə edilmişdir. Maraqlı cəhət odur ki, bu illər ərzində niyə Cavabdeh həmin mənzilə dair kommunal xidmətləri həyata keçirən aidiyyəti orqanlar ilə yeni xidmət müqavilələri bağlamamışdır..? Bu onu deməyə əsas verir ki, tərəflərin “Mənzil bağışlama müqaviləsi”nin bağlanmasında əsl niyyəti İddiaçı statusundan (2-ci qrup əlil, Qarabağ müharibəsi iştirakçısı) irəli gələrək, Dövlət tərəfindən verilən imtiyazlardan yararlanmaq üçün üçüncü şəxs kimi müvafiq icra hakimiyyəti orqanında onun mülkiyyətində mənzilin olmaması dair yanlış təsəvvür yaratmaq olmuşdur. Bu səbəbdən də, hüquqlarını təmsil etdiyi İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilərək, mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzilə dair Cavabdeh ilə bağlanmış 31 may 2014-cü il tarixli “Mənzil bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin “Mənzil bağışlama müqaviləsi” əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilərək, mülkiyyət hüququnun bərpa edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, məhəllə 2, yeni tikilidə yaşayır. İddiaçı onun keçmiş qayınatasıdır. Belə ki, o, 13 may 2014-cü il tarixdə X2 ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuş, lakin müəyyən ailədaxili səbəblərə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5901/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilmişdir. Ailə qurduqdan sonra 31 may 2014cü il tarixdə “Mənzil bağışlama müqaviləsi” əsasında İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzili ona bağışlamışdır. Hal-hazırda mübahisə predmeti olan həmin mənzil mülkiyyət hüququ üzrə onun xüsusi mülkiyyətindədir. Onun xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrində 15 iyul 2014-cü il tarixdə qeydiyyata alınmış və ona Seriya RX ******* №-li çıxarış da verilmişdir. Eyni zamanda bildirir ki, bağışlama heç bir öhdəliklə şərtləndirilməmişdir. Belə ki, o, mübahisə predmeti olan həmin mənzilə dair bağışlama müqaviləsinə əsasən İddiaçı qarşısında heç bir öhdəlik götürməmişdir. Hesab edir ki, İddiaçı məhz qərəzli olaraq, ona qarşı bu məzmunda iddia tələbi irəli sürmüşdür və iddia tələbinin qanuni əsası yoxdur. Eyni zamanda bildirir ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-575/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ona və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiası rədd edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-319/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti rədd edilərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-575/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan başqa, hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsində nəzərdə tutulmuş 1 (bir) il ərzində 31 may 2014-cü il tarixli “Mənzil bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi tələbini irəli sürməmişdir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona və digər cavabdeh Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilərək, mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər cavabdeh Bakı şəhəri 26 saylı Notariat Ofisi qabaqcadan lazımi qaydada xəbərdar edilmişdir. Digər cavabdeh Bakı şəhəri 26 saylı Notariat Ofisi X-124 saylı, 13 aprel 2023-cü il tarixli məktub ilə məhkəməyə müraciət edərək, mülki işə Bakı şəhəri 26 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 saylı Bakı Ərazi İdarəsi qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə digər cavabdeh Bakı şəhəri 26 saylı Notariat Ofisinin nümayəndəsinin və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 31 may 2014-cü il tarixli “Mənzil bağışlama müqaviləsi”nin surətindən görünür ki, “hədiyyə verən” İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzili “hədiyyə alan” Cavabdeh bağışlamışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Seriya RX ******* №li, 15 iyul 2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil mülkiyyət hüququ üzrə Cavabdeh adına xüsusi mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-575/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-319/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti rədd edilərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-575/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 5-10/2-1204/2023 saylı, 16 iyun 2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 179 saylı sərəncamı ilə 01 oktyabr 2012-ci il tarixdən Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində İİ qrup Qarabağ müharibəsi əlili kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 107 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 239 saylı, 11 may 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ailə üzvləri və nəvələri ilə birlikdə 1996-cı il tarixdən etibarən Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzildə pasport qeydiyyatındadır və yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 107 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 20 saylı, 16 may 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil üzrə mənzil xidməti, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün xidmət haqqı 1996-cı il tarixdən etibarən İddiaçı tərəfindən ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC 1 saylı Rabitə Xidmətləri Mərkəzinin 3-27-110/2-102 saylı, 18 may 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil üzrə “***-***-**-**” saylı telefon nömrəsi 29 may 2014-cü il tarixdən etibarən abunəçi İddiaçı istifadəsində olmuş və həmin mənzil üzrə “***-***-**-**” saylı telefon nömrəsi 08 iyul 2021-ci il tarixdə addan çıxarılmış, 07 oktyabr 2022-ci il tarixdən etibarən yenidən “***-***-**-**” saylı telefon nömrəsi kimi abunəçi İddiaçı istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC Binəqədi Rayon Sukanal İdarəsinin 13-16-5-3/2-03/1/428/2023 saylı, 19 may 2023-cü il tarixli məktubundan görünür ki, 01 yanvar 2000-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil üzrə abonent İddiaçı istehlakçı hesabı açılmış və həmin mənzil üzrə 21 dekabr 2021-ci il tarixdə “ASAN” Kommunal Xidmətində “ad və soyad haqqında” məlumata dəyişiklik edilərək, istehlakçı hesabı Cavabdeh adına keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi Bakı X15 Departamentinin 14-2-2-4/2-874-2023 saylı, 26 may 2023-cü il tarixli müraciətə baxılması barədə məlumatından görünür ki, 01 yanvar 2010-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil üzrə abonent İddiaçı istehlakçı hesabı açılmış və həmin mənzil üzrə 30 iyul 2021-ci il tarixdə X1 Sistemində “ad və soyad haqqında” məlumata dəyişiklik edilərək, istehlakçı hesabı Cavabdeh adına keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin X10 və Satışı İdarəsinin məktubundan görünür ki, 15 mart 2003-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil üzrə abonent İddiaçı istehlakçı hesabı açılmış və həmin mənzil üzrə 21 dekabr 2021-ci il tarixdə “ASAN” Kommunal Xidmətində “ad və soyad haqqında” məlumata dəyişiklik edilərək, istehlakçı hesabı Cavabdeh adına keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 107 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 24 saylı, 09 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Cəbrayıl rayonu, Daşkəsən kənd sakinləri X6 və Babaşova Nüşabə Salman qızının (X4 valideynləri) Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzildə müvəqqəti məskunlaşmaları barədə məlumat yoxdur və həmin mənzildə yaşamırlar. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-188/2-2741-2023 saylı, 09 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Cəbrayıl rayonu, Daşkəsən kənd sakinləri X6 və Babaşova Nüşabə Salman qızının (X4 valideynləri) Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə yaşayış sahəsində məcburi köçkün kimi müvəqqəti məskunlaşmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Bakı Şəhəri Sabunçu Rayon Sektorunun 151 saylı, 14 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Cəbrayıl rayonu, Daşkəsən kənd sakinləri X6 və Babaşova Nüşabə Salman qızının (X4 valideynləri) ünvan 2 ünvanda məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadırlar və məskunlaşmışlar. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, 31 may 2014-cü il tarixli “Mənzil bağışlama müqaviləsi”nə əsasən “hədiyyə verən” İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzili “hədiyyə alan” Cavabdeh bağışlamışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil mülkiyyət hüququ üzrə Cavabdeh xüsusi mülkiyyətindədir, yəni Cavabdeh əmlakın mülkiyyətçisidir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilərək, mülkiyyət hüququnun bərpa edilməsi” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olub-olmaması və 2. 31 may 2014-cü il tarixli “Mənzil bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi üçün maddi hüquq normalarının olub-olmaması kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “bağışlama müqaviləsi” müqaviləsi təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər...mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı “mülki hüquq subyektlərinin iradə sərbəstliyi” və “müqavilə azadlığı” prinsiplərinə əsasən özünün pozulmuş mülki hüquqlarının və eləcə də, üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının təmini məqsədi ilə cavabdehlər Cavabdeh və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı mülki hüquqi nəticələrə səbəb olmayan “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilərək, mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;

3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Mülki Məcəllənin vəzifələrindən hesab edilir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 6.1.1, 6.1.2 və 6.1.5-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir...Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir... Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır...Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir... Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır...Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir... Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər... Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur... Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 01 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)... Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər...Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Həmin Qərarda qeyd edilmişdir ki,...İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir... Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Bundan başqa, məhkəmə hesab edir ki, iddianın əsaslandığı şərtlər, eləcə də tərəflərin arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri məhz onlar arasında bağlanmış əqdin yalan əqd olmasına dəlalət edir. Belə ki, tərəflərin hazırki mübahisənin predmetini təşkil edən əqdi bağlayarkən həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluq olmuşdur. Əsas məqsəd “hədiyyə verən”in statusu (2-ci qrup əlil, Qarabağ müharibəsi iştirakçısı) nəzərə alınmaqla, Dövlət tərəfindən verilən imtiyazlardan yararlanmaq üçün üçüncü şəxs kimi müvafiq icra hakimiyyəti orqanında “hədiyyə verən”in mülkiyyətində mənzilin olmaması dair yanlış təsəvvür yaratmaq olmuşdur. Eləcə də, bu fakt Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-319/2023 saylı, 15 mart 2023-cü il tarixli qanuni qüvvəyə minmiş müvafiq qətnaməsi ilə də müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bundan başqa, məhkəmə “cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi” ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Bundan başqa, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığı üçün belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Beləliklə, iddianın predmetini məhz “daşınmaz əmlaka” dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi olduğu üçün Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır...Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnu tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc (maneəsiz) istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Marckx Belçikaya qarşı” iş üzrə 13 iyul 1979cu il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçinin öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Sporronq və Lonnrot İsveçə qarşı” və “Papamixolopulus Yunanıstana qarşı” işləri üzrə qərarlarında qeyd edilmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Bu əmlakdan “de-fakto” formada məhrumetmə hesab edilir ki, formal şəkildə mülkiyyət hüququ saxlansa da, həmin hüquqların olmasının və faktiki olaraq həyata keçirilməsinin əhəmiyyəti aradan qalxmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...Özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz, o halda Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət də əqdin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən` müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Əhəmiyyətsiz əqd əsassız varlanmaya səbəb olduğu, yəni müqavilənin predmetini əvəzedilən əşyalar təşkil etdiyi halda isə Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 01 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə, əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda bağışlama müqaviləsinin məhz həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə bağlamasını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbinə qarşı etirazın əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, Cavabdeh izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçı “mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirmək”, “mülki hüquq subyektlərinin bərabərliyi”, “mülki hüquq subyektlərinin iradə sərbəstliyi” və “müqavilə azadlığı” prinsiplərinə əsasən özünün pozulmuş mülki hüquqlarının və eləcə də, üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının təmini məqsədi ilə cavabdehlər Cavabdeh və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilərək, mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. Tərəflər arasında bağlanmış 31 may 2014-cü il tarixli “Mənzil bağışlama müqaviləsi” Azərbaycan Respublikasının mülki qanunvericiliyinin prinsipləri və Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığı, yəni yalan əqd olmaqla, başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlandığı; 3. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etdiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı, bununla yanaşı, cavabdeh tərəf etirazının əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi üçün iddia tələbi təmin edilməli, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzilə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 may 2014-cü il tarixli “Mənzil bağışlama müqaviləsi” etibarsız hesab edilməli və həmin “Mənzil bağışlama müqaviləsi” əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən restitusiya qaydasında İddiaçı mübahisə predmeti olan həmin mənzilə dair mülkiyyət hüququ bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzilə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 may 2014-cü il tarixli “Mənzil bağışlama müqaviləsi” etibarsız hesab edilsin. İddiaçı ilə Cavabdeh arasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri 26 saylı Notariat Ofisində bağlanmış 31 may 2014-cü il tarixli “Mənzil bağışlama müqaviləsi” əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsində aparılmış 15 iyul 2014-cü il tarixli qeydiyyat ləğv edilsin. Restitusiya qaydasında İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzilə dair xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 saylı Bakı Ərazi İdarəsində bərpa edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar