Məhkəmə qərarları › İş №2(072)-334/2023

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-334/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-334/2023 14.07.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31 saylı, 03 yanvar 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən 06 (altı) ay müddətinə ümumi dəyəri 3550 (üç min beş yüz əlli) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 13 PRO MAX” markalı mobil telefon satılmışdır. Cavabdeh “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “İPHONE 13 PRO MAX” markalı mobil telefonun dəyərinə görə 06 (altı) ay müddətinə hər ay 550 (beş yüz əlli) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh cəmiyyətə ilkin ödəniş də daxil olmaqla cəmi 450 (dörd yüz əlli) AZN məbləğində ödəniş etmişdir. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 3100 (üç min yüz) AZN məbləğində əsas borcu, 310 (üç yüz on) AZN məbləğində cərimə borcu, 13 (on üç) AZN məbləğində notarius xərci və ümumilikdə 3423 (üç min dörd yüz iyirmi üç) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 3100 (üç min yüz) AZN məbləğində əsas borcun, 310 (üç yüz on) AZN məbləğində cərimə borcunun və 13 (on üç) AZN məbləğində notarius xərcinin, ümumilikdə 3423 (üç min dörd yüz iyirmi üç) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 54.23 (əlli dörd, iyirmi üç) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən, İddiaçı MMC-nin nümayəndəsinin iştirakları olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31 saylı, 03 yanvar 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 06 (altı) ay müddətinə ümumi dəyəri 3550 (üç min beş yüz əlli) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 13 PRO MAX” markalı mobil telefon satılmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 03 yanvar 2023-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh 31 saylı, 03 yanvar 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 3550 (üç min beş yüz əlli) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 13 PRO MAX” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 31 saylı, 03 yanvar 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavənin, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 3550 (üç min beş yüz əlli) AZN məbləği olan 1 (bir) ədəd “İPHONE 13 PRO MAX” markalı mobil telefonun dəyərinə görə 06 (altı) ay müddətinə hər ay 550 (beş yüz əlli) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31 saylı, 03 yanvar 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin 4.4-cü bəndindən görünür ki, “alıcı” ödənişləri gecikdirdikdə, hər ay üçün gecikdirilmiş məbləğdən ödəniş cədvəlinə görə ödənilməli olduğu gündən ödənildiyi günədək 5 % məbləğində ödəniş (peniya) ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 3100 (üç min yüz) AZN məbləğində əsas borcu, 310 (üç yüz on) AZN məbləğində cərimə borcu, 13 (on üç) AZN məbləğində notarius xərci və ümumilikdə 3423 (üç min dörd yüz iyirmi üç) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş “X2 Qeydiyyatı haqqında” Şəhadətnamənin, “Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi X1 Reyestrinə Daxil Edilməsi haqqında” Şəhadətnamənin və İddiaçı MMC-nin Nizamnaməsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən həmin hüquqi sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 (on altı) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ********** saylı, 18 aprel 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 54.23 (əlli dörd, iyirmi üç) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə irəli sürülmüş iddia tələbinin “310 (üç yüz on) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqaviləsinə əsasən İddiaçı MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı MMC tərəfindən faiz (cərimə) məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “310 (üç yüz on) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə” qədər azaldılmalı və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 3100 (üç min yüz) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, 13 (on üç) AZN məbləğində notarius xərci, ümumilikdə 3163 (üç min yüz altmış üç) AZN məbləğində borc və 50.10 (əlli, on) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3100 (üç min yüz) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, 13 (on üç) AZN məbləğində notarius xərci, ümumilikdə 3163 (üç min yüz altmış üç) AZN məbləğində borc və 50.10 (əlli, on) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar