Məhkəmə qərarları › İş №2(072)-380/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-380/2024

01.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-380/2024 01.11.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, X5 onun qızıdır. O, 09 aprel 2006-cı ildə Sumqayıt şəhərində anadan olmuş və Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 1 saylı Peşə liseyinin binasında yaşayır. Qızı Nərgiz anadangəlmə “kvadroplegik spastik serebral iflic” xəstəliyindən əziyyət çəkir və İ qrup ömürlük əlildir. Bu xəstəlik səbəbindən oğlu Nərgiz öz hərəkətlərinin mahiyyətini dərk etmir və öz hərəkətlərini idarə edə bilmir. Onun nəzarətsiz qalmağı həm özü, həm də, kənar şəxslər üçün təhlükəli ola bilər. Nərgizin daimi kənar şəxsin qulluğuna ehtiyacı vardır. Hal-hazırda o, qızı Nərgizə daim qulluq edir. Ümumiyyətlə, qızı X1 üzərində qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. 18 sentyabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən maraqlı şəxs Cəbrayıl Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 ərizə tələbini qəbul edərək, ərizə tələbinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Cəbrayıl Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Cəbrayıl Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Seriya AZE 000***** №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan məlumatdan görünür ki, Ərizəçi xx xxxxx 1977-ci ildə Cəbrayıl rayonu, Minbaşılı kəndində anadan olmuş və Cəbrayıl rayonu, Minbaşılı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Seriya AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan məlumatdan görünür ki, X5 09 aprel 2006-cı ildə Sumqayıt şəhərində anadan olmuş və Cəbrayıl rayonu, Minbaşılı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş AZ-İ 814051 №-li, 02 avqust 2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X4 rəsmi nikahından 09 aprel 2006-cı ildə “X5” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 157067 №-li, 24 yanvar 2013-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X6 arasında olan nikah 24 yanvar 2013-cü il tarixdə ləğv edilmiş, bu barədə akt qeydləri kitabında 29 № ilə qeyd edilmiş və nikah pozulduqdan sonra arvada “Şirinova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin elektron sistemdən çıxarışdan görünür ki, 09 aprel 2006-cı il təvəllüdlü X5 ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 85 % pozulmuş, İ qrup əlildir və əmək qabiliyyətsizdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 ilkin “ambulator məhkəmə psixiatrik ekspertizası”nın keçirilməsinə dair 2067 №-li, 17 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1. X2 ağır dərəcəli əqli gerilik davranış pozuntuları aşkar olunur. X5 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. 2. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab etməyə əsaslar vardır. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X5 Ərizəçi qızıdır, o, Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 1 saylı Peşə liseyinin binasında yaşayır, ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 85 % pozulmuş, İ qrup əlildir və əmək qabiliyyətsizdir. Bundan başqa, X9 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 ilkin “ambulator məhkəmə psixiatrik ekspertizası”nın rəyinə əsasən psixi vəziyyyətinə görə “fəaliyyət qabiliyyəti olmayan şəxs” kimi hesab edilməsi məqsədə uyğundur. Məhkəmə ilk əvvəl irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, Ərizəçi övladı X1 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürmək üçün subyektiv hüquqa malikdir. Bundan başqa, 09 aprel 2006-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 1 saylı Peşə liseyinin binasında yaşayan X1 psixi vəziyyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəlləinn 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, ərizəçi tərəfin istinad etdiyi “şəxsin psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olub-olmaması” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Eyni zamanda, Ərizəçi “şəxsin psixi vəziyyyəti” faktına istinad etdiyi məhz həmin halı əsaslandıra bilmiş, bununla bağlı mötəbər sübutlar əldə edilmiş və həmin hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1. Ərizəçi övladı X1 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. 09 aprel 2006-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 1 saylı Peşə liseyinin binasında yaşayan X1 psixi vəziyyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs olması sübuta yetirildiyi üçün Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 aprel 2006-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 1 saylı Peşə liseyinin binasında yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar