Məhkəmə qərarları › İş №2(072)-425/2023

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №2(072)-425/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(072)-425/2023 14.06.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı MMC Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən iddianın verilməsi qaydalarına düzgün əməl etmədən yenidən “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı MMC iddia ərizəsinə öz tələbinin əsaslandırdığı hallara dair müvafiq sənədlərin (əşyanın “təhvil-təslim” aktı, xəbərdarlıq, dövlət rüsumum ödənilməsi barədə qəbz, müəssisənin nizamnaməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən Çıxarış) əslini və ya müvafiq qaydada təsdiq edilmiş surətini deyil, yalnız kserosurətini əlavə etmişdir. Halbuki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Bundan başqa, İİddiaçı MMC iddia ərizəsinə “ödəniş qrafiki”ni əlavə etməmişdir. Hətta İddiaçı MMC iddia ərizəsinə əlavə edilən sənədlərin siyahasında “ödəniş qrafiki”nin əlavə edildiyini qeyd etsə də, lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdə “ödəniş qrafiki” əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, o cümlədən, iddiaçı tərəfə qeyd edilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152, 305, 355-23, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfə qərardadın əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar