Məhkəmə qərarları › İş №2(072)-478/2023

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-478/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-478/2023 24.08.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fiziki şəxs “X1” ilə Cavabdeh arasında bağlanmış SRB000104 saylı, 19 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən satıcı tərəfindən 6 (altı) ay müddətinə ümumi dəyəri 276 (iki yüz yetmiş altı) AZN məbləği olan 1 (bir) ədəd geyim əşyası satılmışdır. Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 1 (bir) ədəd geyim əşyasının dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 46 (qırx altı) AZN məbləğində pulu hissə-hissə ödəməyi, eləcə də, ödəmələrin həyata keçirilməsini gecikdirərsə, hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5 % məbləğində cərimə (dəbbə pulu) ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, fiziki şəxs “X1” ilə İddiaçı QSC arasında R-1365/22 saylı, 24 iyun 2022-ci il tarixli faktorinq müqaviləsi bağlanmışdır. Faktorinq müqaviləsinə əsasən fiziki şəxs “X1”-ın Cavabdeh qarşı 276 (iki yüz yetmiş altı) AZN məbləği həddində tələb hüquqi İddiaçı QSC-yə güzəşt edilmişdir. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 13 iyun 2023-cü il tarixə cəmiyyətə 276 (iki yüz yetmiş altı) AZN məbləğində əsas borcu, 41.40 (qırx bir, qırx) AZN məbləğində cərimə borcu və ümumilikdə 317.40 (üç yüz on yeddi, qırx) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 276 (iki yüz yetmiş altı) AZN məbləğində əsas borcun, 41.40 (qırx bir, qırx) AZN məbləğində cərimə borcunun, ümumilikdə 317.40 (üç yüz on yeddi, qırx) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan fiziki şəxs “X1” ilə Cavabdeh arasında bağlanmış SRB000104 saylı, 19 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” fiziki şəxs “X1” tərəfindən 6 (altı) ay müddətinə ümumi dəyəri 276 (iki yüz yetmiş altı) AZN məbləği olan 1 (bir) ədəd geyim əşyası “alıcı” Cavabdeh satılmışdır. İş materillarında olan 19 oktyabr 2022-ci il tarixli malın təhvil-təslim aktından görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 276 (iki yüz yetmiş altı) AZN məbləği olan 1 (bir) ədəd geyim əşyasını təhvil almışdır. İş materillarında olan SRB000104 saylı, 19 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən (ödəniş cədvəli) görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 276 (iki yüz yetmiş altı) AZN məbləği olan 1 (bir) ədəd geyim əşyasının dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 46 (qırx altı) AZN məbləğində pulu hissə-hissə “satıcı” fiziki şəxs “X1”-ın xeyrinə ödəməlidir. İş materiallarında olan fiziki şəxs “X1” ilə Cavabdeh arasında bağlanmış SRB000104 saylı, 19 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, müqavilənin 2.4.4-cü bəndinə əsasən “alıcı” ödəmələrin həyata keçirilməsini gecikdirərsə, hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5 % məbləğində cərimə (dəbbə pulu) ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş fiziki şəxs “X1” ilə İddiaçı MMC arasında bağlanmış R-1365/22 saylı, 24 iyun 2022-ci il tarixli “Faktorinq” müqaviləsinin surətindən görünür ki, “faktor” İddiaçı MMC “borclu” barəsində “müştəri” fiziki şəxs “X1”-ın borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir, müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş fiziki şəxs “X1” ilə İddiaçı MMC arasında bağlanmış R-1365/22 saylı, 24 iyun 2022-ci il tarixli “Faktorinq” müqaviləsinə əlavə olunan R-13xx/xx-0013 saylı, 24 oktyabr 2022-ci il tarixli sazişin surətindən görünür ki, fiziki şəxs “X1”-ın Cavabdeh qarşı 276 (iki yüz yetmiş altı) AZN məbləği həddində tələb hüquqi İddiaçı MMC-yə güzəşt edilmişdir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli maliyyə arayışının və hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh 13 iyun 2023-cü il tarixə cəmiyyətə 276 (iki yüz yetmiş altı) AZN məbləğində əsas borcu, 41.40 (qırx bir, qırx) AZN məbləğində cərimə borcu və ümumilikdə 317.40 (üç yüz on yeddi, qırx) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh İddiaçı QSC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 21 iyun 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən iddia qaldırılması üçün 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüquqi vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 656-cı maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğısatqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, “Nisyə alğı-satqı” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 276 (iki yüz yetmiş altı) AZN məbləğində əsas borc, 41.40 (qırx bir, qırx) AZN məbləğində cərimə borcu, ümumilikdə 317.40 (üç yüz on yeddi, qırx) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 276 (iki yüz yetmiş altı) AZN məbləğində əsas borc, 41.40 (qırx bir, qırx) AZN məbləğində cərimə borcu, ümumilikdə 317.40 (üç yüz on yeddi, qırx) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar