Məhkəmə qərarları › İş №2(072)-9/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-9/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-9/2024 27.02.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və lizinq borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və lizinq borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ALY-1596 saylı, 11 oktyabr 2022-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi üzrə lizinq şirkəti tərəfindən “İSUZU D-MAX M2” markalı, (Tip:PİKAP, Ban №:NSBTFS86JNSB00299, Mühərrik №:VR1967, Buraxılış ili:2022, Rəngi:Ağ) **-PS- *** dövlət qeydiyyat nişanlı avtomobil 56200 (əlli altı min iki yüz) AZN məbləğində İddiaçı MMC-nin mülkiyyətinə alınmış, Cavabdeh müvəqqəti sahibli və istifadəsinə (lizinqə) verilmişdir. Daxili lizinq müqaviləsinnin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 15 (on beş) % dərəcəsi tətbiq edilməklə, 55 (əlli beş) ay müddətinə, aylıq 1419.13 (min dörd yüz on doqquz, on üç) AZN məbləğində lizinq ödənişi olmaqla, ümumilikdə 78052 (yetmiş səkkiz min əlli iki) AZN məbləğində lizinq ödənişini İddiaçı MMC-nin xeyrinə həyata keçirməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh daxili lizinq müqaviləsinə əsasən lizinq şirkətinin xeyrinə heç bir ödəniş həyata keçirməmiş, daxili lizinq müqaviləsinə əsasən lizinq şirkətinin qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş “İSUZU D- MAX M2” markalı, (Tip:PİKAP, Ban №:NSBTFS86JNSB00299, Mühərrik №:VR1967, Buraxılış ili:2022, Rəngi:Ağ) **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 noyabr 2022-ci il tarixdə şirkətinin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən texniki baxış zamanı heç bir nasazlıq aşkar olunmamışdır. Daxili lizinq müqaviləsinə əsasən lizinq şirkəti qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh lizinq şirkətinə olan lizinq borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda lizinq şirkəti qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 15 noyabr 2022-ci il tarixə 716.63 (yeddi yüz on altı, altmış üç) AZN məbləğində əsas lizinq borcu, 702.50 (yeddi yüz iki, əlli) AZN məbləğində mükafat borcu borcu, 310.75 (üç yüz on, yetmiş beş) AZN məbləğində dəbbə pulu borcu və ümumilikdə 1729.88 (min yeddi yüz iyirmi doqquz, səksən səkkiz) AZN məbləğində lizinq borcu mövcuddur. Qeyd edilənlərə əsasən, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ALY-1596 saylı, 11 oktyabr 2022-ci il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 716.63 (yeddi yüz on altı, altmış üç) AZN məbləğində əsas lizinq borcunun, 702.50 (yeddi yüz iki, əlli) AZN məbləğində mükafat borcu borcunun, 310.75 (üç yüz on, yetmiş beş) AZN məbləğində dəbbə pulu borcunun, ümumilikdə 1729.88 (min yeddi yüz iyirmi doqquz, səksən səkkiz) AZN məbləğində lizinq borcunun və iddia qaldırılması üçün ödənilmiş 37.70 (otuz yeddi, yetmiş) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan BB235293 № Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “İSUZU D-MAX M2” markalı, (Tip:PİKAP, Ban №:NSBTFS86JNSB00299, Mühərrik №:VR1967, Buraxılış ili:2022, Rəngi:Ağ) **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil “X2” MMC-nin xüsusi mülkiyyətindədir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ALY-1596 saylı, 11 oktyabr 2022-ci il tarixli daxili lizinq müqaviləsinin surətindən görünür ki, Cavabdeh sifarişi üzrə lizinq şirkəti tərəfindən lizinq şirkəti tərəfindən “İSUZU D-MAX M2” markalı, (Tip:PİKAP, Ban №:NSBTFS86JNSB00299, Mühərrik №:VR1967, Buraxılış ili:2022, Rəngi:Ağ) **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 56200 (əlli altı min iki yüz) AZN məbləğində İddiaçı MMC-nin mülkiyyətinə alınmış, Cavabdeh müvəqqəti sahibli və istifadəsinə (lizinqə) verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ALY-1596 saylı, 11 oktyabr 2022-ci il tarixli daxili lizinq müqaviləsinə əlavənin, yəni təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh “İSUZU D-MAX M2” markalı, (Tip:PİKAP, Ban №:NSBTFS86JNSB00299, Mühərrik №:VR1967, Buraxılış ili:2022, Rəngi:Ağ) **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş ALY-1596 saylı, 11 oktyabr 2022-ci il tarixli daxili lizinq müqaviləsinə əlavənin, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh illik 15 (on beş) % dərəcəsi tətbiq edilməklə, 55 (əlli beş) ay müddətinə, aylıq 1419.13 (min dörd yüz on doqquz, on üç) AZN məbləğində lizinq ödənişi olmaqla, ümumilikdə 78052 (yetmiş səkkiz min əlli iki) AZN məbləğində lizinq ödənişini İddiaçı MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ALY-1596 saylı, 11 oktyabr 2022-ci il tarixli daxili lizinq müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0.3 % hesablanır və “lizinq alan” tərəfindən “lizinq verən”ə ödənilir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş ALY-1596 saylı, 11 oktyabr 2022-ci il tarixli daxili lizinq müqaviləsinin surətindən görünür ki, müqavilənin 9-cu bəndinə əsasən “lizinq alan” “lizinq obyekti”ndən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, sürücülük hüququndan məhrum edildikdə, işlək halda saxlamadıqda və bu da istehlak keyfiyyətlərini pisləşdirdikdə, “lizinq alan” “lizinq verən”in yazılı icazəsi olmadan lizinq obyektini sublizinqə və ya kirayəyə verdikdə, “lizinq ödəniş”lərini bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 (on beş) təqvim gündən artıq müddətə 3 (üç) dəfədən artıq ödəniş gecikdirdikdə, lizinq obyektini bu müqaviləyə uyğun sığortalanmadıqda, “lizinq alan”ın fəaliyyəti dayandırıldıqda və ya xitam olunduqda, həmçinin “lizinq alan”ın müəssisəi müflisləşdikdə, ləğv edildikdə (“lizinq alan” hüquqi şəxs olduqda) “lizinq verən” “lizinq alan”ı 15 (on beş) gün əvvəlcədən xəbərdar etməklə, “lizinq alan”a hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edilə bilər. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş ALY-1596 saylı, 11 oktyabr 2022-ci il tarixli daxili lizinq müqaviləsinin surətindən görünür ki, müqavilənin 10.1-ci bəndinə əsasən “lizinq alan” bu müqavilənin şərtlərini, tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, “lizinq verən”in tələbi ilə “lizinq obyekti”ni “lizinq verən”in sahibliyinə mübahisəsiz qaytadada qaytarmalıdır. İş materiallarında olan 164 saylı, 15 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh daxili lizinq müqaviləsinə əsasən 15 noyabr 2022-ci il tarixə İddiaçı MMC-yə 716.63 (yeddi yüz on altı, altmış üç) AZN məbləğində əsas lizinq borcu, 702.50 (yeddi yüz iki, əlli) AZN məbləğində mükafat borcu borcu, 310.75 (üç yüz on, yetmiş beş) AZN məbləğində dəbbə pulu borcu və ümumilikdə 1729.88 (min yeddi yüz iyirmi doqquz, səksən səkkiz) AZN məbləğində lizinq borcu mövcuddur. İş materiallarında olan 074 saylı, 23 yanvar 2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh “lizinq müqaviləsinin ləğv edilməsi və 15 noyabr 2022-ci il tarixə İddiaçı MMC-yə olan lizinq borcu barədə lizinq şirkəti tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 09 fevral 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 37.70 (otuz yeddi, yetmiş) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/3227 №-li, 20 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı MMCyə 15 noyabr 2022-ci il tarixədək (maliyyə arayışında göstərilmiş tarix...) əsas borc üzrə- 56200 (əlli altı min iki yüz) AZN məbləği, mükafat borcu üzrə-796.17 (yeddi yüz doxsan altı, on yeddi) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/7357 №-li, 25 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 15 noyabr 2022-ci il tarixədək əsas borc üzrə-716.63 (yeddi yüz on altı, altmış üç) AZN məbləği, mükafat borcu üzrə-702.50 (yeddi yüz iki, əlli) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748- 11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “lizinq ödənişlərinin məbləği” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə irəli sürülmüş iddia tələbinin “lizinq müqaviləsinin ləğv edilməsi” hissəsində hesab edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir, eləcə də iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir. Bu səbəbdən də, Cavabdeh lizinq müqaviləsinin ləğv edilməsi və 15 noyabr 2022-ci il tarixə İddiaçı MMC-yə olan lizinq borcu barədə lizinq şirkəti tərəfindən rəsmi xəbərdarlıq edildiyi üçün İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ALY-1596 saylı, 11 oktyabr 2022-ci il tarixli daxili lizinq müqaviləsi 15 noyabr 2022-ci il tarixdən etibarən ləğv edilmiş hesab edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki,...hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir... Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Məhkəmə irəli sürülmüş iddia tələbinin “310.75 (üç yüz on, yetmiş beş) AZN məbləğində dəbbə pulu borcunun ödənilməsi” hissəsində hesab edir ki, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı MMC tərəfindən dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün dəbbə pulu borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “310.75 (üç yüz on, yetmiş beş) AZN məbləğində dəbbə pulu borcu 50 (əlli) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “dəbbə pulu borcunun ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış daxili lizinq müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ALY-1596 saylı, 11 oktyabr 2022ci il tarixli daxili lizinq müqaviləsi 15 noyabr 202-ci il tarixdən etibarən ləğv edilmiş hesab edilməli, Cavabdeh 716.63 (yeddi yüz on altı, altmış üç) AZN məbləğində əsas lizinq borcu, 702.50 (yeddi yüz iki, əlli) AZN məbləğində mükafat borcu borcu, 50 (əlli) AZN məbləğində dəbbə pulu borcu, ümumilikdə 1469.13 (min dörd yüz altmış doqquz, on üç) AZN məbləğində lizinq borcu, 31.67 (otuz bir, altmış yeddi) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, Cavabdeh mülki iş üzrə ilkin və əlavə “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumilikdə dəyəri olan 200 (iki yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ALY-1596 saylı, 11 oktyabr 2022-ci il tarixli daxili lizinq müqaviləsi 15 noyabr 2022-ci il tarixdən etibarən ləğv edilmiş hesab edilsin. Cavabdeh 716.63 (yeddi yüz on altı, altmış üç) AZN məbləğində əsas lizinq borcu, 702.50 (yeddi yüz iki, əlli) AZN məbləğində mükafat borcu borcu, 50 (əlli) AZN məbləğində dəbbə pulu borcu, ümumilikdə 1469.13 (min dörd yüz altmış doqquz, on üç) AZN məbləğində lizinq borcu, 31.67 (otuz bir, altmış yeddi) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh mülki iş üzrə ilkin və əlavə “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumilikdə dəyəri olan 200 (iki yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar