Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-116/2023 17.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2020-ci il tarixli, 195462 saylı aktın ləğvini və aktın əsasında yazılmış 525,46 manat borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2022-ci il tarixli, 195462 saylı aktın ləğvini və aktın əsasında yazılmış 545 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Musalı kəndində yaşayır. Mülkiyyətində quraşdırılmış elektrik sayğacının pulunu hər ay vaxtı-vaxtında ödəmiş və bütün aylar üzrə ödədiyi məbləğin qəbzlərini də saxlamışdır. İstifadə etdiyi elektrik enerjisinin pulunu tam ödəməsinə baxmayaraq, 2020-ci ilin aprel ayında o, evdə olmadığı vaxtda İşıq İdarəsinin əməkdaşları gəlib onun sayğacına müdaxilə etmişlər. O, da dərhal bu barədə Cəlilabad şəhərində yerləşən İşıq İdarəsinə məlumat vermiş, həmin idarədə rəhbərlik onu qəbul edib dinləmiş və məhkəməyə müraciət etməyi izah etmişlər. Bundan bir müdət sonra "xxxx" ASC tərəfindən ona 195462 saylı akt gəlmiş və həmin akla ona 525,46 manat məbləğində cərimə yazılmasını öyrənmişdir. O, bu barədə X5 Şəbəkəsinə müraciət edərək borcunun olmamasını bildirmiş və araşdırma əsasında ərizəsinə əsasən onun işıq pulu borcunun silinməsi barədə akt tərtib edilərək borcu silinmişdir. Bundan sonra heç bir akta imza etmədiyi halda sayğac quraşdırılarkən ona əsassız olaraq 525,46 manat borc yazılmışdır. Onun bu akt barədə heç bir məlumatı olmamışdır. Hesab edir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş akt asassız olduğundan ləğv olunmalıdır. Qeyd olunanlara əsasən xx.xx.2020-ci il tarixli, 195462 saylı aktın ləğvini və aktın əsasında yazılmış 525,46 manat borcun silinməsinə dair qətnamə çıxarılmasnı xahiş etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı etiraf etməyərək verdiyi izahatında bildirmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində enerji itkisinə xx.xx.2020-ci il tarixli, 195462 saylı akt tərtib edilərək 525,46 manat borc yazılmışdır. Həmin akt qanuni əsaslarla yazılmışdır. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 195462 saylı aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin həyətində quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın möhürünün qırılması müəyyən edilməklə müdaxilə olunması aşkar olunmuşdur. İşdə olan "xxxx" ASC Cənub RETSİ tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələbnamələr cədvəlindən görünür ki, X3 məxsus yaşayış evinə quraşdırılmış sayğac yenisi ilə əvəz olunmuş və itirilmiş elektrik enerjisinə görə ona 525,46 manat borc yazılmışdır. İşdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 199921 saylı sayğacların və cərayan transformatorlarının yoxlanılması barədə protokoldan görünür ki, ********** saylı ******* fazlı DD826 tipli, 5/60 amperlik, 220 votluq, göstəricisi 21166.0 olan sayğac dövlət yoxlamasından keçmiş, sayğacın dövlət möhürünün normal olması və sayğacın normal buraxılan xəta ilə işləməsi qeyd olunmuşdur. İşdə olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Fərəcov X2 rayonu Musalı kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cəlilabad rayonunun Musalı kəndində yaşayır. Həmin evdə elektrik sayğacı quraşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmişdir. Baxış zamanı "xxxx" ASC-in əməkdaşları iddiaçının evində quraşdırılmış elektrik sayğacının möhürünün qırılması əsası ilə xx.xx.2020-ci il tarixli, 195462 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən abonentə 525,46 manat məbləğində itirilmiş enerjiyə görə borc hesablanmışdır. Lakin həmin akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın tələbləri pozulmaqla tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 8.16-ci bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin, X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixli, 195462 saylı akt tərtib edilərkən məişət abonentinin təqsirinin olmaması lazımi qaydada araşdırılmamış və mübahisələndirilən akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın tələblərinə müvafiq tərtib edilməmişdir. Bu hal, məhkəməyə xx.xx.2020-ci il tarixli, 195462 saylı aktın tərtib olunması üçün əsasların mövcüd olmadığı nəticəsinə gəlməyə əsas verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin edilərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 195462 saylı akt ləğv edilməli və həmin akt əsasında İddiaçı abonent hesabına hesablanmış 525,46 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 195462 saylı akt ləğv edilsin və həmin akt əsasında İddiaçı abonent hesabına hesablanmış 525,46 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-116/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-116/2023
17.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver