Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1271/2023 08.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Maraqlı şəxs X1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü”nə dair A 243405 saylı sənədin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü”nə dair A 243405 saylı sənədin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında maraqlı şəxs X2 verdiyi izahatında bildirdi ki, hazırki mülki iş üzrə ərizəçilər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə dair A 243405 saylı sənəddə adlarının düzgün qeyd edilmələrini və onlara verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə dair A 243405 saylı sənəddə onların ailə üzvü olmayan Bəşirova (Baxıyeva) Sarıgül Fitat qızının adının çıxarılmasını xahiş etmişlər. Belə ki, ərizədən göründüyü kimi ərizəçilər Bəşirova (Baxıyeva) Sarıgül Fitat qızının adının “Torpaq sahəsinin planı və ölçüsü”nə dair A 243405 saylı sənəddən çıxarılmasını tələb edirlər. Bəşirova (Baxıyeva) Sarıgül Fitat qızının “Torpaq sahəsinin planı və ölçüsü”nə dair A 243405 saylı sənəddən çıxarılması inzibati orqan ilə şəxs arasında olan inzibati mübahisədir və inzibati icraat qaydasında inzibati məhkəmədə baxılan mübahisədir. Məhkəmə maraqlı şəxs X1 izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan inzibati mübahisədir. Ona görə də hazırki tələb mülki məhkəmə icraatında baxılmalı olmadığından həmin mülki iş iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü”nə dair A243405 saylı sənədin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1271/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1271/2023
08.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver