Məhkəmə qərarları › İş №2(073)-1329/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1329/2024

25.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1329/2024 25.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı 20 iyun 2018-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş 20 iyun 2018-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini məhkmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Cəlilabad şəhərində yaşayır. Yaşadığı ərazidə hər vətəndaş kimi o da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə etmişdir. Lakin 2018-ci ilin yay aylarında Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları Cəlilabad şəhərində yerləşən həmin evə baxış keçirmiş və həmin sayğacı çıxararaq aparmışlar. 20 iyun 2018ci il tarixli akt tərtib olunmuş və həmin aktda guya sayğaca müdaxilə olunması göstərilmişdir. O sayğaca heç bir müdaxilə olunmadığını Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşlarına bildirmişdir. Həmin akt cavabdeh tərəfindən onun məlumatı və iştirakı olmadan tərtib olunmuş və onun tərəfindən həmin akta imza edilməmişdir. O bu günə kimi istifadə etdiyi təbii qazın dəyərini hər ay davamlı olaraq ödəmişdir. Qaz sayğacına müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunubsa da onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Həmin evə quraşdırılmış qaz sayğacı heç bir qoruyucu örtüklə ötrülməmişdir. Mübahisəli akt tərtib olunan zaman onun iştirakı təmin edilməmişdir və həmin aktdan sonradan məlumatı olmuşdur. Odur ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib olunmuş 20 iyun 2018-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış “Elester” tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı növbədən kənar dövlət yoxlanışına görə çıxarılmış, “Elester” tipli, G-4 markalı, **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Çıxarılmış qaz sayğacının Dövlət qurğuşun plombuna müdaxilə olunması barədə qeyd aparılmamışdır. İşdə olan Cavabdeh Lənkəran X2 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 20 iyun 2018-ci il tarixli, ******* saylı nömrəli aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış ******* nömrəli tipi “Elester” G-4 markalı qaz sayğacın Dövlət qurğuşun plombuna müdaxilə olunması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X2 İdarəsi tərəfindən verilmiş 27 iyun 2018-ci il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, Tofiq Güləliyevin yaşayış evinə quraşdırılmış qaz sayğacından itirilmiş qazın sərfiyyatının 5832 m2 olması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus evinə qaz sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. xx.xx.2018-ci il tarixdə Cəlilabad xidmət sahəsinin əməkdaşları iddiaçının yaşadığı evin qaz xəttinin üzərinə quraşdırılmış sayğaca texniki baxış keçirmiş və sayğacı çıxararaq aparmışlar. Sayğacın çıxarılma səbəbi kimi növbəti dövlət yoxlanışına göndərilməsi göstərilmişdir. Sonradan yəni, 20 iyun 2018-ci il tarixdə cavabdeh təşkilat tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib olunaraq qaz sayğacının plombuna müdaxilə olunması müəyyə edilmişdir. Məhkəmə həmin hallara qiymət verərək, belə nəticəyə gəlir ki, “Elester” tipli, G- 4 markalı, ******* nömrəli qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi sübut edilmir və cavabdeh təşkilat tərəfindən əsassız olaraq sərfiyyat hesablanmışdır. Göstərilən xüsusatlar sayğacda aşkar olunan nöqsanın iddiaçı tərəfindən edilməsini istisna edir. Göründüyü kimi 20 iyun 2018-ci il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 20 iyun 2018-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli,180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticəçıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Lənkəran X2 İdarəsi tərəfindən İddiaçı adına tərtib olunmuş 20 iyun 2018-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında onun abonent hesabına hesablanmış borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Lənkəran X2 İdarəsi tərəfindən İddiaçı adına tərtib olunmuş 20 iyun 2018-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında onun abonent hesabına hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar