Məhkəmə qərarları › İş №2(073)-1388/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1388/2025

23.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1388/2025 23.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023cü il tarixli ******* nömrəli aktın etibarsız hesab olunmasına və həmin akt əsasında abonent hesabına əsassız olaraq hesablanmış 172.80 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilərək abonent hesabına yazılmış borcun silinməsini, cavabdehin nümyəndəsi isə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayır. 2023-cü ilin avqust ayında Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirmiş və həmin sayğacda sayğacın hesablanma mexanizminin minimal sərfiyyatda keçən qazın həcminin qeyd etməməsi (qaz itkisi) aşkar olunmasına görə akt tərtib olunmuşdur. Bu səbəbdən iddiaçının abonent hesabına 172.80 manat borc (cərimə) yazılmışdır. İddiaçı həmin borcu əsassız hesab edir, sayğaca onun tərəfindən heç bir müdaxilə edilməmişdir. Qaz sayğacında sonradan aşkar edilmiş qüsurdan iddiaçının məlumatı yoxdur. İstehlak etdiyi təbii qaza mütəmadi olaraq ödənişləri etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Göstərmişdir ki, cavabdehin nümayəndələri gəlib qaz sayğacını aparmışlar, həmin vaxt sayğacda hər hansı qüsur olduğunu iddiaçıya bildirməmişlər, sonradan məlumatı olmuşdur ki, hesabına borc yazılıb. Belə başa düşülür ki, cavabdeh onu aldadıb. Özü isə həmişə intizamlı ödəyici olub, aylıq borclarını vaxtı-vaxtında ödəyib. İşdə olan: - Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğac qazı intervalla ötürdüyündən növbədən kənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Akt iddiaçı və cavabdehin nümayəndələri tərəfindən imzalanmışdır, aktda sayğacın çöldə yerləşdiyi qeyd edilmişdir; - Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğac minimal sərfiyyatda – 100% nisbi xəta ilə işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi aşkar edilmişdir. Aktın tərtib edilməsində iddiaçının da iştirak etdiyi göstərilsə də akt iddiaçı təərfindən imzalanmamış, habelə imzalamaqdan imtina etməsi barədə hər hansı qeyd aparılmamışdır; - Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş 31 avqust 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”dən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının hesablanma mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi nəticəsində itirilmiş qazın bərpası üzrə hesablama aparılmış və 1440 m3 qaz sərf olunduğu müəyyən olunmuşdur; - abonentin saldosundan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə 2023-cü ilin sentyabr ayına qalıq və aktlar üzrə olan borcu 199.2 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına 2023-cü ilin iyun ayında Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğac növbədən kənar dövlət yoxlanışına göndərilməsi üçün çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Sonradan 28 avqust 2023-cü il tarixli 14-2-2/3-5-7794/Q002 saylı akt tərtib edilmiş, akta əsasən sayğacın minimal sərfiyyatda - 100% nisbi xəta ilə işlədiyi müəyyən edilmişdir. 31 avqust 2023-cü il tarixli “Tələbnamə” ilə isə itirilmiş qazın dəyəri hesablanmaqla iddiaçının abonent hesabına borc hesablanmışdır. İddiaçı həmin borcu (cəriməni) əsassız hesab edir. Məhkəmə, ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının fərdi yaşayış evindəki qaz sayğacında aşkar edilmiş qüsurun iddiaçının təqsiri üzündən və ya onun tərəfindən edilmiş müdaxilə nəticəsində baş verməsini sübut edən hər hansı bir faktın olmadığı müəyyən edilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli aktda sayğacın çöldə yerləşdiyi, qazı fasilələrlə keçirdiyi göstərilmişdir. Habelə 31 avqust 2023-cü il tarixli “Tələbnamə”də sayğacın daxilinə kamera ilə baxış keçirildiyi, kənar təsir izlərinin aşkar edilmədiyi göstərilmişdir. Buna görə də iddiaçının abonent hesabına yazılmış cərimə (və ya borc) əsaslı sayıla bilməz – həmin qaz sayğacına edilən müdaxilənin başqa təsirlər nəticəsində yaranması və ya sayğacın adi istismar şəraitində istismara yararsız vəziyyətə düşməsi istisna olunmur. Məhkəmə hesab edir ki, sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi faktını sübutetmə öhdəliyi cavabdehin üzərində olsa da cavabdeh bu öhdəliyini icra edə bilməmiş, hər hansı mötəbər sübutunu təqdim edə bilməmişdir. Cavabdeh məhkəməyə göndərdiyi ərizədə iddianın rədd edilməsini xahiş etsə də, sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edildiyini və ya hər hansı talama faktını təsdiq eədəcək hər hansı sübutunu təqdim etməmişdir. Beləliklə, iddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda göstərilmiş istehlakçının vəzifələrinin pozulması halı və ya istehlakçıya qadağan olunmuş hərəkətlərin hər hansı birinə yol verilməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı abonent hesabına yazılmış 172.80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat borc (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar