Məhkəmə qərarları › İş №2(073)-1498/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1498/2023

03.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1498/2023 03.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə aid tərtib edilmiş 09 iyun 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış 3110,40 manat borc məbləğinin silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə aid tərtib edilmiş 09 iyun 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış 3110,40 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Uzuntəpə kəndində yaşayır. Onun yaşadığı evə qaz sayğacı quraşdırılmış və sayğacın göstəricisinə uyğun aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. 2022-ci ilin yay aylarında X2 İstismar İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının növbədən kənar dövlət yoxlamasına görə dəyişdirərək başqa sayğac quraşdırmışlar. Sayğac dəyişdirildikdən bir müddət sonra bilmişdir ki, ona cərimə hesablanmışdır. Halbu ki, qeyd edilən sayğac dəyişdirilərkən heç bir müdaxilə aşkar olunmamışdır. Sayğacı açıb apardıqdan sonra özləri istədikləri formada aktlaşdıraraq cərimə tətbiq etmişlər. O, X2 İstismar İdarəsinin Cəlilabad xidmət sahəsinə gedərək aktla bağlı maraqlanmış və ona məlum olmuşdur ki, köhnə sayğacları açıb götürdükdən sonra bir çox abonentlərə qanunsuz olaraq müdaxilə yazmaqla cərimə tətbiq etmişlər. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib olunmuş 09 iyun 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında 10 iyun 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış “Zenner” tipli, G-4 markalı, **********1 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanışına görə çıxarılmış, “Zenner” tipli, G-4 markalı, **********036 nömrəli qaz sayğacı quraşdırılmışdır. Çıxarılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması barədə qeyd aparılmamışdır. İşdə olan «Azəriqaz» X1 X3 İdarəsi ilə İddiaçı arasında bağlanmış 06 iyul 2022-ci il tarixli, 1660-07-22 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı fərdi yaşayış evinə 10 iyun 2022-ci il tarixdə G-4 markalı, **********036 nömrəli qaz sayğacı quraşdırılmış və müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilmişdir. İşdə olan «Azəriqaz» X1 X3 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 09 iyun 2023-cü il tarixli, ******* saylı nömrəli aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı evə baxış keçirilən zaman həmin evdə quraşdırılmış G-4 markalı **********1 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması müəyyən olunmuşdur. İşdə olan «Azəriqaz» X1 X3 İdarəsi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması nəticəsində itirilmiş qazın sərfiyyatının 25920 m3 olması müəyyən olunmuşdur. İşdə olan «Azəriqaz» X1 X3 İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı adına aktlar üzrə 2023-cü ilin iyun ayına 3110,40 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən evinə qaz sayğacı quraşdırılmış və iddiaçı sayğacın göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. 10 iyun 2022-ci il tarixdə Cəlilabad xidmət sahəsinin əməkdaşları iddiaçının yaşadığı evin qaz xəttinin üzərinə quraşdırılmış sayğaca texniki baxış keçirmiş və sayğacı çıxararaq aparmışlar. Sayğacın çıxarılma səbəbi kimi növbəti dövlət yoxlanışına göndərilməsi göstərilmişdir. Sonradan yəni, 09 iyun 2023-cü il tarixdə cavabdeh təşkilat tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib olunaraq qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi göstərilmişdir. Məhkəmə həmin hallara qiymət verərək, belə nəticəyə gəlir ki, “Zenner” tipli, G-4 markalı, **********1 nömrəli qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi sübut edilmir və cavabdeh təşkilat tərəfindən əsassız olaraq sərfiyyat hesablanmışdır. Göstərilən xüsusatlar sayğacda aşkar olunan nöqsanın iddiaçı tərəfindən edilməsini istisna edir. Göründüyü kimi 09 iyun 2023-cü il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və 25920 kub metr sərfiyyat hesablanması əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 09 iyun 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli, 180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, X2 İstismar İdarəsi tərəfindən İddiaçı adına tərtib olunmuş 09 iyun 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında onun abonent hesabına hesablanmış 3110,40 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. X2 İstismar İdarəsi tərəfindən İddiaçı adına tərtib olunmuş 09 iyun 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında onun abonent hesabına hesablanmış 3110,40 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar