Məhkəmə qərarları › İş №2(073)-173/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-173/2025

02.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-173/2025 02.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair idiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum valideynlərindən qalmış əmlaklara onun (iddiaçının) miras payımın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə görə, iddiaçının mərhum atası X12 Cəlilabad Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 03 saylı qərarı və xx.xx.2004-ci il tarixli, 48 saylı akt əsasında 0.30 ha torpaq sahəsi üzərində yerləşən 10000 başlıq quşçuluq binası ******* manata satılmış və atası həmin məbləği Cəlilabad Bələdiyyəsinin hesabına ödəmişdir. Bu torpaq sahəsinə dair JN 2100 KOD 80601004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bundan əlavə, mərhum atasının şəxsi mülkiyyətində, yəni ünvan 1 ünvanda fərdi yaşayış evi də mövcuddur. Həmin tarixdən atası vəfat etdiyi (xx.xx.2015-ci il) günə kimi həmin fermadan və torpaq sahəsindən mülkiyyəti kimi istifadə etmişdir. Atası vəfat etdikdən sonra həmin əmlakı mərhum anası vəfat etdiyi (xx.xx.2021-ci il) günə kimi öz mülkiyyəti kimi istifadə etmişdir. Hətta anası həmin əmlakın Bələdiyyəyə vergisini də ödəmişdir. Anası vəfat etməmişdən əvvəl xx.xx.2019-cu il tarixdə notarial qaydada təstiq edilmiş vəsiyyətnamə ilə bütün əmlakını ona (iddiaçıya) vəsiyyət etmişdir. Anası vəfat etdikdən bu günə kimi həmin əmlaklardan o, mülkiyyətçi hüququ ilə istifadə edir. Lakin cavabdeh əsassız olaraq mübahisə yaradır. Miras payının müəyyən edilməsi üçün iddiaçı Cəlilabad Notariat ofisinə müraciət etmiş, lakin miras şərikləri arasında mirasın bölgüsü ilə əlaqədar ixtilaf yarandığı üçün bölgünün notariusda aparılmasından imtina edilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə iddianı müdafiə edərək iddianın təmin edilməsinə dair qətnamə çıxarasılmasını xahiş etmişdir. Vəkil bildirmişdir ki, miras qoyan sağlığında bütün əmlakının iddiaçıya miras qoyulması barədə vəsiyyətnamə verib. Tərəflərin ataları vəfat etdikdən sonra ondan miras qalmış əmlaka anaları faktiki sahiblik etmişdir, bələdiyyə vergiləri də onun tərəfindən ödənilmişdir. Həmin əmlaklarda iddiaçı anası (miras qoyan) ilə birgə yaşamışdır. İddia tələbi həmin əmlaklarda iddiaçının payının müəyyən edilməsidir. İddiaçı payın naturada ayrılaraq ona verilməsini deyil, yalnız payının müəyyən edilməsini xahiş edir. Digər vərəsələrin məcburi paylarının müəyyən edilməsinə isə hər hansı etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında göstərmişdir ki, mərhum atası X8 şəxsi mülkiyyətində olan ünvan 1 ünvanda fərdi yaşayış evi mövcuddur. Atası xx.xx.2015-ci ildə vəfat etmişdir. xx.xx.2015-ci il tarixdə atası X18 vəsiyyətnamə ilə bütün daşınar və daşınmaz əmlakını ona (cavabdehə) vəsiyyət etmişdir. Atası vəfat etdikdən sonra həmin əmlakı anası öz mülkiyyəti kimi istifadə etmişdir. Anası xx.xx.2021-ci ildə vəfat etmişdir. Anası vəfat etməmişdən əvvəl (xx.xx.2019-cu il tarixdə) iddiaçı anasını notariat ofisinə getməyə məcbur etmiş və orada anası atasından qalan bütün əmlakı iddiaçıya vəsiyyətnamə ilə vəsiyyət etmişdir. Lakin o (cavabdeh) və digər bacı-qardaşları da həmin əmlakdan vərəsəlik paylarının bölünməsini istəyirlər. Hesab edir ki, iddiaçıya vəsiyyətnamə iddiaçının anasını (miras qoyanı) aldatması və ya ona hədəqorxu gəlməsi nəticəsində verilib. Hətta iddiaçı analarını döydüyünə görə polis şöbəsində araşdırma da aparılıb. Bu səbəbdən də iddianın qismən təmin edilməsinə, özünün və digər vərəsələrin də paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər X9, X10, X19, X11, X13, X4 və X17 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. İddia tələbi üzrə çıxarılacaq məhkəmə qətnaməsinin digər şəxslərin – digər vərəsələrin hüquq və mənafelərinə təsir edəcəyini nəzərə alaraq Məhkəmə tərəfindən bütün vərəsələrin dairəsi müəyyən edilmişdir. Belə ki, tərəflərlə aparılmış dəqiqləşmələr və iş materialları ilə müəyyən edilmiş digər vərəsələr – X10, X19, X11, X13 və X17 Məhkəmənin xx.xx.2024 tarixli qərardadı ilə, X4 Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə və X9 Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə üçüncü şəxslər qismində işə cəlb edilmişdirlər. İş üzrə cəlb edilmiş vərəsələrin hər birinin iddiaya münasibəti öyrənilmişdir. Onlardan bəziləri məhkəmənin müxtəlif tarixli iclaslarında iştirak etməklə, bəziləri isə məhkəməyə ərizə və teleqram göndərməklə miras əmlakdan onlara çatası payların müəyyən edilməsini xahiş etmişdirlər. İşdə olan: - Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2015-ci ildə ölmüşdür; - Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2021-ci ildə ölmüşdür; - Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X18 ilə X15 xx.xx.1963-cü ildə 106 saylı nikah akt qeydi ilə nikah bağlamışlar, arvada Qasımova soyadı verilmişdir; - Cəlilabad rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə doğulmuşdur, atası X18, anası X5r; - Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* saylı, xx.xx.2011-ci il tarixli (**********85-10301 reyestr nömrəli) çıxarışdan görünür ki, Cəlilabad şəhəri, Şəhriyar küçəsi, 21A yerləşən 0.0698 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X8 xüsusi mülkiyyətinə verilmişdir; - Torpağa mülkiyyət hüququna dair xx.xx.2004-cü il tarixli, JN 2100 (Kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon bələdiyyəsinin xx.xx.2004-ci il tarixli, 03 saylı qərarı və xx.xx.2004-cü il tarixli, 48 saylı akt əsasında 0.30 ha kommersiya təyinatlı torpaq sahəsi X8 mülkiyyətinə verilmişdir; - xx.xx.2015-ci il tarixli X18 tərəfindən yazılmış vəsiyyətnamədən görünür ki, X18 bütün daşınar və daşınmaz əmlakını Cavabdeh vəsiyyət etmişdir; - xx.xx.2019-cu il tarixli X14 tərəfindən yazılmış vəsiyyətnamədən görünür ki, X14 bütün daşınar və daşınmaz əmlakını İddiaçı vəsiyyət etmişdir; - AA3134676 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.1970-ci ildə doğulmuşdur; - AZE 14203058 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1962-ci ildə doğulmuşdur; - AZE 09959998 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1960-cı ildə doğulmuşdur; - AA6440225 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1974cü ildə doğulmuşdur; - AA0145004 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 xx.xx.1968-ci ildə doğulmuşdur; - AA4438335 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1972-ci ildə doğulmuşdur; - AZE 17769386 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1963-cü ildə doğulmuşdur. - X2 tərəfindən yazılmış teleqramdan görünür ki, X1 İbrahim Rəhim oğlu və X3 övladıdır, valideynlərindən qalan mirasın 50%-nin qardaşı Rizvan tərəfindən, yerdə qalan əmlak paylarının bütün övladlar arasında bölünməsinə razılıq verir; - Ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan vəsiyyətnamələrin həqiqiliyinin müəyyən edilməsi üçün Məhkəmə tərəfindən notariat ofisinə sorğu verilmişdir və Cəlilabad Rayon 1 saylı Notariat ofisinin notariusu Hüsynov Cəmil tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli, 371 nömrəli məktubla müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli, 2V-60 reyestr nömrəli X18 tərəfindən verilmiş vəsiyyətnamə vəsiyyət qoyanın xx.xx.2015-ci il tarixli, 7E-2546 reyestr nömrəli ərizəsi əsasında ləğv edilmiş, xx.xx.2019-cu il tarixli, 2V-331 reyestr nömrəli X14 tərəfindən verilmiş vəsiyyətnamə isə qüvvədədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mərhum atası X12 Cəlilabad rayon bələdiyyəsinin xx.xx.2004-ci il tarixli, 03 saylı qərarı və xx.xx.2004-ci il tarixli, 48 saylı akt əsasında 0.30 ha kommersiya təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə dair JN 2100 KOD 80601004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahəsinin üzərində quşçuluq ferması da olmuş, lakin bununla bağlı hər hansı hüquqmüəyyənedici sənəd yoxdur, həmçinin tərəflərin özlərinin də bildirdiyinə görə fermadan uzun müddətdir istifadə edilmədiyi üçün hazırda tam yararsız vəziyyətdədir. Bundan əlavə, iddiaçının mərhum atasının şəxsi mülkiyyətində ünvan 2 ünvanda fərdi yaşayış evi də mövcuddur. Atası vəfat etdiyi (xx.xx.2015-ci il) günə kimi həmin fermadan və torpaq sahəsindən, həmçinin fərdi yaşayış evindən mülkiyyəti kimi istifadə etmişdir. Atası vəfat etdikdən sonra həmin əmlakı mərhum anası vəfat etdiyi (xx.xx.2021-ci il) günə kimi öz mülkiyyəti kimi istifadə etmişdir, yəni miras əmlakı faktiki olaraq qəbul edən vərəsə olmuşdur. Anası vəfat etməmişdən əvvəl isə xx.xx.2019-cu il tarixdə notarial qaydada təstiq edilmiş vəsiyyətnamə ilə bütün əmlakını iddiaçıya vəsiyyət etmişdir. Atası sağlığında bütün əmlakının cavabdehə vəsiyyət edilməsi ilə bağlı vəsiyyətnamə versə də, sonradan – cəmi 12 gün sonra həmin vəsiyyətnaməni ləğv etmişdir. Cavabdeh miras əmlakla bağlı mübahisə yaratmış, miras payının müəyyən edilməsi üçün iddiaçı Cəlilabad Notariat ofisinə müraciət etmiş, miras şərikləri arasında mirasın bölgüsü ilə əlaqədar mübahisə olduğu üçün bölgünün notariusda aparılmasından imtina edilmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, X18 öldükdən sonra miras qalmış torpaq sahəsinin vərəsə – arvadı X14 tərəfindən faktiki sahiblik edilməklə faktiki qəbulu üzrə hərəkətlər edildiyinə görə X6 miras qalmış fərdi yaşayış evinin də torpaq sahəsi ilə birgə miras əmlak hesab edilməsi Mülki Məcəllənin 1243.3-cü maddəsinin (“vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir”) və işdə iştirak edən bütün şəxslərin tələbləri baxımından məqsədəuyğundur. Məhkəmə iclasında iştirak edən, həmçinin ərizə göndərən vərəsələrin hər biri məhz valideynlərindən, yəni ata və analarından miras qalmış əmlakdan paylarının müəyyən edilməsini xahiş etmişlər. Məhkəmə qeyd etməyi zəruri bilir ki, miras qoyan X14 tərəfindən iddiaçıya vəsiyyətnamə verildiyinə görə və həmin vəsiyyətnamə ilə miras qoyana məxsus bütün daşınar və daşınmaz əmlak iddiaçıya vəsiyyət edildiyi üçün mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin vəsiyyətnamə üzrə vərəsəlik və məcburi pay institutlarını tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmuşdur, vəsiyyətnamədən kənarda qalmış miras əmlak yoxdur, bütün miras əmlak pay müəyyən edilməklə bir vərəsəyə vəsiyyət edilib və digər qanun üzrə vərəsələr məcburi pay hüququndan məhrum edilməmişdir. Mülki Məcəllənin: - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; - 1134.2-ci maddəsinə görə vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər; - 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; - 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər; - 1179.1-ci maddəsinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir; - 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir; - 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir; - 1196-cə maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzər alınmır; - 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən payına uyğun bölüşdürülür. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Mülki Məcəllənin 1246 və 173-1-ci maddələri Plenumun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Beləliklə, müəyyən edilmişdir ki, miras qoyanın iddiaçı və cavabdeh daxil olmaqla cəmi 9 nəfər vərəsəsi vardır. Onlardan yalnız birinə - iddiaçıya miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmuş və vəsiyyətnamə ilə bütün əmlak ona vəsiyyət edilmişdir. Ona görə də digər vərəsələrin məcburi payının müəyyən edilməsində həmin vərəsə nəzərə alınmalı deyil və cavabdeh də daxil olmaqla birinci dərəcəli qanun üzrə 8 nəfər vərəsənin məcburi payı müəyyən edilməlidir ki, bu da hər birinə münasibətdə miras əmlakdan - fərdi yaşayış evi və torpaq sahəsinin hər birindən 1/16 hissə təşkil edir. Vərəsələrin məcburi paylarının cəmi həcmi 8/16 (və ya ½) hissə təşkil edir ki, bununla da digər ½ hissə iddiaçının miras payı kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri təmin edilmiş iddia məbləğinin həcminə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106, 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh X14 tərəfindən vəsiyyətnamə ilə miras qalmış Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* saylı, xx.xx.2011-ci il tarixli (**********85-10301 reyestr nömrəli) çıxarışa əsasən Cəlilabad şəhəri, Şəhriyar küçəsi, 21A ünvanında 0.0698 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və torpağa mülkiyyət hüququna dair xx.xx.2004-cü il tarixli, JN 2100 (Kod ********) saylı dövlət aktına əsasən Cəlilabad şəhəri ərazisində yerləşən 0.30 ha kommersiya təyinatlı torpaq sahəsindən ibarət miras əmlakların hər birində iddiaçının miras payı 1/2 (ikidə bir) hissədə müəyyən edilsin. Digər vərəsələr - Cavabdeh, X9, X10, X19, X11, X13, X4 və X7 hər birinin miras qoyanın birinci dərəcəli qanun üzrə vərəsələri olmaqla qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsindən ibarət miras əmlakların hər birində məcburi miras payları 1/16 (on altıda bir) hissədə müəyyən edilsin. Cavabdehdən 100 (yüz) manat dövlət rüsumu alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə şikayət verilmədikdə, həmin müddət bitdikdən sonrakı gün qətnamə qanuni qüvvəyə minəcəkdir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar