Məhkəmə qərarları › İş №2(073)-180/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-180/2025

10.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-180/2025 10.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anasından qalmış torpaq sahəsinə qanuna müvafiq onun (iddiaçının) miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anasından torpaq sahəsinə və həmin torpaqda yerləşən fərdi yaşayış evinə qanuna müvafiq onun (iddiaçının) miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə görə, iddiaçının mərhum anası X9 miras olaraq 0.41 ha torpaq sahəsi qalmışdır. X24 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra o, bacısı X13 və qardaşı Cavabdeh varis olaraq qalmışlar. Bu qayda ilə qardaşına miras əmlakın bölünməsini təklif etsə də cavabdeh olan Cavabdeh razılaşmamışdır. Cavabdeh əsassız olaraq mübahisə yaratdığı üçün o (iddiaçı), miras payının müəyyən edilməsi üçün Cəlilabad Notariat ofisinə müraciət etmişdir. Lakin miras şərikləri arasında mirasın bölgüsü ilə əlaqədar ixtilaf yarandığı üçün bölgünün notariusda aparılmasından imtina edilmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin müxtəlif tarixli hazırlıq və baxış iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir. Bildirmişdir ki, mərhum anaları öldükdən sonra miras qalmış torpaq və evdə qardaşı olan cavabdeh yaşamışdır. Buna razılıq vermələrinin səbəbi isə qardaşının arvadı olmuşdur. Belə ki, onun sağlamlığında problemlər var idi, həmçinin onunla münasibətləri yaxşıdır, buna görə də həmin evdə və torpaqda qardaşının arvadının qalmasına razılıq vermişdir, məhz buna görə mirası qəbul etməmişdir. Cavabdeh keçən il həmin torpaq və evi satmaq istədiyini bildirmiş, bundan sonra onlar arasında mübahisə yaranmışdır və buna görə də öz miras payını tələb edir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, mərhum anası X24 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Anasından miras qalmış torpaq və evi faktiki olaraq o, miras əmlak kimi qəbul etmişdir, həmin evdə arvadı və uşaqları ilə yaşamışdır, həmin evdən qızlarını köçürmüşdür, əmlakların vergilərini o ödəmişdir, həmçinin torpaq və evdə xeyli abadlaşma işləri görmüşdür. Hesab edir ki, iddiaçının və üçüncü şəxs olan Şahbazova Nənəşin həmin əmlaklarda heç bir haqqı yoxdur – onlar hər ikisi ailə həyatı quraraq başqa evlərdə ərləri ilə yaşamışdır, üzərindən 15 ildən artıq vaxt keçdikdən sonra isə miraslarını tələb etmələri ədalətsizdir. Hətta sonradan xəbəri olmuşdur ki, anası ona vəsiyyətnamə də qoyubmuş və əmlakını ona vəsiyyət edibmiş. İddiaçı anasından qalan miras əmlakı heç vaxt idarə etməmiş və sahiblənməmişdir. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X13 iddiaçı tərəfdən çıxış edərək müstəqil tələb irəli sürməklə torpaq və evdən onun da miras payının müəyyən edilməsini xahiş etmişdir. O da, iddiaçının bildirdiyi kimi, izahatında göstərmişdir ki, bacısı Gülsurə ilə torpağı və evi vərəsə kimi qəbul etməmələrinin səbəbi cavabdehin arvadı olmuşdur, istəyirdilər ki, həmin evdə qardaşının (cavabdehin) arvadı yaşasın. İddia tələbi üzrə çıxarılacaq məhkəmə qətnaməsinin digər şəxslərin – digər vərəsələrin hüquq və mənafelərinə təsir edəcəyini nəzərə alaraq, həmçinin miras əmlakı faktiki qəbul etmiş vərəsənin müəyyən edilməsi üçün Məhkəmə tərəfindən bütün vərəsələrin dairəsi müəyyən edilmişdir. Belə ki, tərəflərlə aparılmış dəqiqləşmələr və iş materialları ilə müəyyən edilmiş digər vərəsələr – X7 və X13 Məhkəmənin xx.xx.2024 tarixli qərardadı ilə, cavabdehin vəsatəti əsasında X25, X33, X37, X38, X26 və X27 Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə üçüncü şəxslər qismində cəlb edilmişdir. İş üzrə cəlb edilmiş vərəsələrin və ya vərəsələrin vərəsələrinin hər birinin iddiaya münasibəti öyrənilmişdir. Onlardan bəziləri məhkəmənin müxtəlif tarixli iclaslarında iştirak etməklə, bəziləri isə məhkəməyə ərizə və teleqram göndərməklə iddiaya münasibət bildirmişdirlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs X25, X33, X37, X38, X26, X7, Cəlilabad rayon 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır. Belə ki, işdə olan: - Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1966-cı ildə doğulmuşdur, atası X16, anası X17r; - Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1964-cü ildə doğulmuşdur, atası X16, anası X17r; - Cəlilabad rayon Svetlayazarya kənd Soveti tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1961-ci ildə doğulmuşdur, anası X17r, atalığı müəyyən edilmədiyindən ata qrafası boşdur; - Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X18 ilə X24 arasında xx.xx.1963-cü tarixli, 33 saylı nikah bağlanmışdır; - Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X18 xx.xx.1980-ci ildə ölmüşdür; - Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X24 xx.xx.2008-ci ildə ölmüşdür; - Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X14 xx.xx.2021-ci ildə ölmüşdür; - Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.2014-cü ildə ölmüşdür; - Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X19 xx.xx.2005-ci ildə ölmüşdür; - Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X10 xx.xx.2002-ci ildə ölmüşdür; - Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciət edərək xx.xx.2008-ci il tarixdə vəfat etmiş anası X9 qalmış mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Miras şərikləri arasında mübahisə olduğundan notariat hərəkəti aparılmasından imtina edilmişdir; - Torpağın mülkiyyətə verilməsinə dair JN-517A, Kod 80617048 saylı şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə X15 mülkiyyətinə Cəlilabad rayonunun Maşlıq kəndi ərazisindən 0.41 ha həyətyanı torpaq sahəsi verilmişdir; - xx.xx.1987-ci il tarixli vəsiyyətnamədən görünür ki, X24 özünə məxsus olan bütün əmlakını harada və nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən Maşlıq kəndində olan 4 otaqlı evinin öz oğlu olan Cavabdeh qalmasını vəsiyyət etmişdir; - Cəlilabad rayon İHB Muğan kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1964-cü ildə anadan olmuş Şahbazov X3 rayonu Maşlıq kəndində yaşayır və arvadı X28, oğlu X11, gəlini X29, nəvəsi X20 və X12 ibarət ailə üzvləri vardır; - xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, X27 anası X5 ata mülkində olan payından imtina edib, xalası İddiaçı adına keçməsini məhkəmədən xahiş edir; - X21 tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, X21 məhkəmənin icraatında olan iş üzrə atası Şahbazov Beytulladan ona çatası miras payının hazırda mübahisəli evdə yaşayan əmisi Cavabdeh bağışlayır; - X39 tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, X39 məhkəmənin icraatında olan iş üzrə anası X2 ona çatası miras payının hazırda mübahisəli evdə yaşayan Cavabdeh verilməsini xahiş edir; - X25 tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, X25 məhkəmənin icraatında olan iş üzrə atası X1 ona çatası miras payı ilə bağlı əmisi Cavabdeh xeyrinə qətnamə çıxarılmasını xahiş edir; - X33 tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, X33 məhkəmənin icraatında olan iş üzrə atası X6 ona düşən miras payı ilə bağlı əmisi Cavabdeh xeyrinə qətnamə çıxarılmasını xahiş edir; - X38 tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, X38 məhkəmənin icraatında olan iş üzrə atası X6 ona düşən miras payının Cavabdeh verilməsini xahiş edir; - X7 tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, X7 məhkəmənin icraatında olan iş üzrə ata mülkündan ona çatası bütün payların qardaşı Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir; - X37 tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, X37 məhkəmənin icraatında olan iş üzrə atası X6 ona düşən miras payının Cavabdeh verilməsini xahiş edir; - X26 tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, X26 məhkəmənin icraatında olan iş üzrə atası Şahbazov Beytulladan ona çatası miras payının hazırda mübahisəli evdə yaşayan Cavabdeh xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir; - Ödəniş qəbzlərindən görünür ki, cavabdeh miras əmlakla bağlı müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə kommunal ödənişlər etmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X30 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun bibisi, cavabdeh isə atasıdır. O (şahid), uşaqlıqdan mübahisəli evdə ata-anası ilə birlikdə yaşayıb. Onun toyu olduqdan sonra nənəsi rəhmətə gedib. Nənəsinin vəfatından sonra da valideynləri (şahidin) həmin evdə yaşayıb və bütün kommunal ödənişləri ediblər. Bibiləri ilə münasibətləri həmişə normal olub. Evin atası olan cavabdeh tərəfindən satılmaq istəməsinə səbəb isə şahid özü olmuşdur. Belə ki, əri ilə aralarında münaqişələr olduğuna görə boşanmaq qərarına gəlmişdir, buna görə də atası evi satıb ona ayrıca bir ev almaq istəmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X34 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun baldızıdır, cavabdeh isə əridir. O (şahid), 2020-ci ildə əməliyyat olunub, ondan sonra yaddaşında problemlər yaranıb. Miras qoyan olan qayınanası öldükdən sonra həmin evdə ailə olaraq əri olan cavabdehlə yaşayıblar, evdə və torpaq sahəsində xeyli abadlaşdırma işləri görüblər, bütün kommunal xərclər və vergilər də onlar tərəfindən ödənilib. Məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq Cəlilabad rayon 1 saylı Notariat ofisinin notariusu Cəmilov Hüseyn tərəfindən göndərilmiş məktubla müəyyən edilmişdir ki, 1987-ci il tarixli bütün notariat işləri X53 verilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq Cəlilabad rayon İcra başçısının Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən göndərilmiş məktubla müəyyən edilmişdir ki, X24 tərəfindən bütün əmlakının Cavabdeh vəsiyyət edilməsi barədə Nümayəndəlikdə hər hansı qeydə alınmış məlumat yoxdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, miras qoyan – tərəflərin anaları olan X15 mülkiyyətində torpaq sahəsi və həmin sahədə tikilmiş fərdi yaşayış evi olmuşdur. Həmin əmlaklar ümumi birgə mülkiyyət deyil, miras qoyanın xüsusi mülkiyyətində olmuşdur. Torpaq sahəsinin mülkiyyətə verilməsi barədə müvafiq təsdiqedici sənəd mövcuddur, üzərində tikilmiş ev isə sənədləşdirilməmişdir. Lakin həmin evin mövcud olması işin mübahisələndirilməyən halıdır – tərəflər bacı-qardaş olmaqla həmin evdə yaşamışlar. Miras qoyan 2008-ci ildə ölmüşdür, bununla da miras açılmışdır. Miras açıldıqdan sonra miras əmlaka cavabdeh ailəsi (arvadı və övladları ilə) ilə birgə orada yaşamaqla faktiki sahiblik etmiş və mirası qəbul etmiş vərəsə olmuşdur. İş materiallarında olan vəsiyyətnamənin həqiqiliyi və ya mötəbərliyi isə məhkəmə üçün qeyri-müəyyən qalmışdır. Vəsiyyətnamənin həqiqiliyi müəyyən edilmədiyi üçün, həmçinin, hətta vəsiyyətnamə olmuş olsa idi də belə, məcburi pay tələb etmək hüququ da mirasın qəbul edilməsi müddəti ərzində həyata keçirilməli olduğundan məhkəmə iş üzrə vəsiyyətnamə ilə bağlı deyil, mirasın qəbulu ilə bağlı hüquq normalarının tətbiq edilməsini zəruri hesab etmişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, iddianın hüquqi əsasının müəyyən edilməsi ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmiş hüquqi mövqe rəhbər tutulmalıdır. Belə ki, həmin Qərarla miras əmlakın xüsusi qəbul şərtini və müddətini müəyyən edən Mülki Məcəllənin (MM) 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir, həmçinin həmin Qərarın xx.xx.2023-cü ildən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil edilməsi qərara alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı mirasın açıldığı vaxt miras qoyanın öldüyü tarix olan 2008-ci ilə təsadüf etdiyinə görə MM-in həmin vaxt qüvvədə olan və miras əmlakın qəbulu müddətini və şərtini müəyyən edən, hazırda qüvvədən düşmüş 1246-cı maddəsinin tələbləri, həmçinin mirasın açılması və mirasın qəbul edilməsini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin əvvəlki redaksiyasında yer alan 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun “G. Qəhrəmanovanın şikayəti üzrə” 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, miras qoyan X24 xx.xx.2008-ci ildə ölmüşdür və ondan miras qalmış torpaq sahəsi və evi vərəsə - Cavabdeh faktiki qəbul etmişdir. O, miras əmlakı qeyri-formal üsullar olan miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulları ilə qəbul etmişdir. Digər vərəsələr – İddiaçı və üçüncü şəxs X13 tərəfindən isə miras əmlakın qəbul edilmə müddəti ötürülmüşdür. Belə ki, miras 2008-ci ildə açılsa da iddiaçı 16 il sonra - 2024-cü ildə notariat ofisinə vərəsəlik payı ilə bağlı müraciət etmişdir. İş materiallarından iddiaçının qanunla müəyyən olunmuş üç (və ya altı) aylıq müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməsi və ya əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməsi və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi müəyyən edilməmişdir, bu hal iddiaçı və üçüncü şəxs Şahbazova Nənəş tərəfindən də mübahisələndirilməmişdir. Onlar hər ikisi 2008-ci ildən bəri mirası faktiki olaraq qəbul etmədiklərini etiraf etmişdirlər, bildirdiklərinə görə, bunun səbəbi həmin torpaq və evdə cavabdehin arvadının yaşaması olmuşdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia və üçüncü şəxs X4 cavabdehə qarşı tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə şikayət verilmədikdə, həmin müddət bitdikdən sonrakı gün qətnamə qanuni qüvvəyə minəcəkdir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar