Məhkəmə qərarları › İş №2(073)-185/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-185/2025

18.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-185/2025 18.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC tərəfindən adına tərtib olunmuş 15 may 2023-cü il tarixli, 291241 saylı aktın etibarsız hesab olunması və abonent hesabına əsassız hesablanmış 800 manat borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən adına tərtib olunmuş 15 may 2023-cü il tarixli, 291241 saylı aktın etibarsız hesab olunması və abonent hesabına əsassız hesablanmış 800 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Privolnoye kəndində yaşayır. Yaşadığı evə qanuni elektrik xətti çəkdirmiş və elektrik sayğacı quraşdırılmışıdr. Hər ay istifadə elədiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. Lakin Cəlilabad elektrik şəbəkəsinin əməkdaşları 2023-cü ilin yay aylarında evə quraşdırılmış elektrik sayğacına baxış keçirmişlər və 15 may 2023-cü il tarixdə onun iştirakı olmadan adına 291241 saylı akt tərtib etmişlər. Tərtib etdikləri aktı onunla əsaslandırmışlar ki, guya o, onun yaşadığı evə quraşdırılmış “Smart” tipli elektrik sayğacının sxeminə müdaxilə olunmuş, faza ardıcıllığı pozulmuş, kənardan “0” xətt götürülməklə elektrik enerjisindən istifadə olunur. O, bu barədə məlumatı olduqdan sonra Cəlilabad elektrik şəbəkəsinin əməkdaşlarından məsələyə aydınlıq gətirmələrini və hansı səbəbdən ona cərimə hesablandığını soruşduqda ona bildirmişlər ki, sayğacda qüsur olduğundan onun adına borc hesablanmışdır. Onun adına hesablanmış borcun məbləği 800 manat təşkil edir. O, heç vaxt sayğaca müdaxilə etməmiş, evində heç bir kənar xətt olmamışdır. Hər ay da istifadə etdiyi elektrik enerjisinin pulunu ödəmişdir. Bu səbəbdən də həmin aktı qanunsuz hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, iddiaçı Cəlilabad rayonunun Privolnoye kəndində yaşayır və elektrik enerjisindən istifadə edən abonent kimi Cəlilabad elektrik şəbəkəsində qeydiyyatdadır. 15 may 2023-cü il tarixdə "xxxx" ASC-nin Cəlilabad elektrik şəbəkəsinin əməkdaşları iddiaçının evində quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman sayğacın işləmədiyini və sayğacın sxeminə müdaxilə olunması, faza ardıcıllığının pozulması, kənardan “0” xətt götürülməklə elektrik enerjisindən istifadə olunması aşkar edilmişdir. Bu hal texniki standartlara cavab verən xüsusi ölçmə cihazları ilə qeydə alınıb müəyyən edilmişdir. İddiaçı özü də aktın tərtib edilməsində iştirak etmiş, lakin aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra 15 may 2023-cü ildə, 291241 saylı akt tərtib edilmiş və akt əsasında iddiaçının abonent hesabına 800 manat borc hesablanmışdır. Tərtib edilmiş akt qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən iddianın əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 15 may 2023-cü il tarixli, 291241 saylı aktdan görünür ki, İddiaçı məxsus Cəlilabad rayonu İncilli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərək EEİQ-nin tələblərinə uyğun yoxlama aparılmış, yoxlama zamanı abonentin elektrik sayğacının sxeminə müdaxilə olunması, faza ardıcıllığının pozulması, kənardan “0” xətt götürülməklə elektrik enerjisindən istifadə olunması aşkar olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı Cəlilabad rayonu Privolnoye kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman, sayğacın sxeminə müdaxilə olunması, faza ardıcıllığının pozulması, kənardan “0” xətt götürülməklə elektrik enerjisindən istifadə olunması aşkar olunmuşdur. Bunun nəticəsi olaraq 15 may 2023-cü il tarixdə «Elektrik enerjisindən istifadə qaydaları»na uyğun olaraq 291241 saylı akt tərtib olunmuş və iddiaçının istifadə etdiyi elektrik enerjinin istifadə qaydalarını pozduğu üçün dəymiş ziyanın məbləğinin 800 manat olduğu müəyyən edilmiş və iddiaçının abonent hesabına daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarının 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarının 9.1-ci bəndindən görünür ki, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin, X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvericiliyin normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC tərəfindən adına tərtib olunmuş 15 may 2023-cü il tarixli, 291241 saylı aktın etibarsız hesab olunması və abonent hesabına əsassız hesablanmış 800 manat borcun silinməsi tələbində haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC tərəfindən adına tərtib olunmuş 15 may 2023-cü il tarixli, 291241 saylı aktın etibarsız hesab olunması və abonent hesabına əsassız hesablanmış 800 manat borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC tərəfindən adına tərtib olunmuş 15 may 2023-cü il tarixli, 291241 saylı aktın etibarsız hesab olunması və abonent hesabına əsassız hesablanmış 800 manat borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar