Məhkəmə qərarları › İş №2(073)-1860/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1860/2023

06.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1860/2023 06.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 noyabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab olunmasına və həmin akt əsasında abonent hesabına əsassız olaraq hesablanmış 1036.8 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu Təzəkənd kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır və təbii qazdan istifadə edərək, müvafiq ödənişlərini edir. Cavabdeh əməkdaşları tərəfindən 09 sentyabr 2022-ci il tarixdə qaz sayğacına baxış keçirilmiş, sayğac növbədənkənar dövlət yoxlanışına göndərilməsi üçün çıxarılmış, yenisi ilə əvəz edilmiş və bu barədə ******* saylı akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə isə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sınmasının aşkar edilməsi qeyd olunmuşdur. Həmin akt əsasında onun abonent hesabına cərimə yazılmışdır. Həmin aktı əsassız hesab edir. Belə ki, qaz saycağı çıxarılan zaman sayğacda heç bir qüsur olmamış və həmin vaxt sayğacı çıxaran əməkdaşlar da hər hansı bir qüsurun olduğunu aşkar etməmişlər. Sayğaca isə onun tərəfindən heç bir müdaxilə edilməmişdir. Qaz sayğacında sonradan aşkar edilmiş qüsurdan onun (iddiaçının) məlumatı yoxdur. Aktda qeyd olunmuş sayğaca edilən müdaxilənin qəsdən onun tərəfindən edilməsi mümkünsüzdür, çünki bu onun (iddiaçının) bilərəkdən özünə zərər vurması deməkdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı növbəti dövlət yoxlanışına göndərilməsi üçün çıxarılmış və yenisi ilə əvəz edilmişdir. İşdə olan Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktdan görünür ki, Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının sındığı aşkar edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akta əsasən 1036.80 manat borcu (cərimə) vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına Cavabdeh İB X5 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən 09 sentyabr 2022-ci il tarixdə baxış keçirmiş, həmin sayğac növbəti dövlət yoxlanışına göndərilməsi üçün çıxarılaraq, yenisi ilə əvəz edilmiş və bu barədə ******* saylı akt tərtib edilmişdir. 30 noyabr 2023-cü il tarixdə isə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizinim qoruyucu plastmas qapağının sındığı aşkar edilmiş və bu səbəbdən iddiaçının abonent hesabına borc yazılmışdır. İddiaçı həmin aktı və akt əsasında hesablanmış borcu (cəriməni) əsassız hesab edir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən tərtib olunmuş və iddiaçı tərəfindən mübahisələndirilən aktda göstərilən qaz sayğacında aşkar edilmiş qüsurun iddiaçı tərəfindən edilmiş müdaxilə nəticəsində baş verməsini sübut edən hər hansı bir faktın olmadığı müəyyən edildi. Buna görə də qeyd olunan həmin mübahisəli akt əsaslı sayıla bilməz. Həmin qaz sayğacına edilən müdaxilənin başqa təsirlər nəticəsində yaranması istisna olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının 30 iyun 1998-ci il Qanununun 3-cü maddəsinin 7-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli,180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istisarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB Lənkəran X4 İdarəsi tərəfindən tərtib olunmuş 30 noyabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında İddiaçı abonent hesabına hesablanmış 1036.8 (bir min otuz altı manat səksən qəpik) manat borc (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar