Məhkəmə qərarları › İş №2(073)-1890/2025

Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-1890/2025

26.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1890/2025 26.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə onun mərhum anası X5 arasında bağlanmış 22 fevral 2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə mərhum anası X5 arasında bağlanmış 22 fevral 2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh qardaşdırlar. İddiaçı mərhum anası X2 mülkiyyətində 0,36 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi olmuşdur. İddiaçı və onun digər bacı-qardaşları anaları Gözəl vəfat edənə kimi həmin evdə qeydiyyatda olmuşlar. Lakin, Cavabdeh iddiaçının və digər bacı-qardaşlarının xəbərləri olmadan yaşlı, xəstə analarının savadsızlığından istifadə edərək anaları Gözəl Hüseynovanı notariat orqanına apararaq aralarında bağışlama müqaviləsi bağlamışlar. Həmin müqavilə əsasında cavabdeh həmin evi və torpaq sahəsini öz adına rəsmiləşdirərək müvafiq çıxarış almışdır. İddiaçı Cəlilabad rayon Məhkəməsinə iddia ərizəsi ilə müaciət edərək vərəsəlik hüququnun tanınması və miras əmlakdan payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. İşə Cəlilabad rayon Məhkəməsində 17 aprel 2024-cü il tarixdə baxılaraq iddia tələbi həmin əmlak barəsində cavabdehin bağışlama müqaviləsi və çıxarışı olduğu üçün təmin edilməmişdir. Cavabdeh İddiaçı mərhum anası ilə aralarında bağışlama müqaviləsinin olmasından iddiaçının sonradan məlumatı olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilininin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********41-10301 saylı çıxarışdan görünür ki, X2 xüsusi mülkiyyəti kimi Cəlilabad rayonu, Günəşli kəndində yerləşən 0,36 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi 20 fevral 2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 22 fevral 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X1 rayonu, Günəşli kəndində yerləşən mülkiyyətdə olan 0,36 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, ümumi sahəsi 83,1 kv.m, yaşayış sahəsi 40 kv.m, yardımçı sahəsi 43,1 kv.m və 2 otaqlı, ümumi sahəsi 85,6 kv.m, yaşayış sahəsi 41,1 kv.m, yardımçı sahəsi 44,5 kv.m-dən ibarət olan fərdi yaşayış evini hədiyyə alan Cavabdeh bağışlamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********41-10301 saylı çıxarışdan görünür ki, Cavabdeh xüsusi mülkiyyəti kimi Cəlilabad rayonu, Günəşli kəndində yerləşən 0,36 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi 24 fevral 2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cəlilabad rayonu Günəşli kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X3 məxsus olan Cəlilabad rayonu, Günəşli kəndində yerləşən evində pasport qeydiyyatında heç kim yoxdur. İşdə olan X5 tərəfindən Cəlilabad rayon 1 saylı Notariat Ofisinə verilmiş ərizəsində “mənə məxsus olan Cəlilabad rayonu, Günəşli kəndində yerləşən yaşayış evini Cavabdeh bağışlamağımla əlaqədar nəzərinizə çatdırıram ki, subayam” sözlərini qeyd etmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyətinin Günəşli kənd İƏDÜ nümayəndəliyinin təsərrüfat başına kitabından 20 fevral 2015-ci il tarixli çıxarışdan görünür ki, X2 adına ümumi sahəsi 84 kv.m, yaşayış sahəsi 40 kv.m-dən ibarət 1947-ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı yaşayış evi və ümumis sahəsi 86 kv.m, yaşayış sahəsi 42 kv.m-dən ibarət 1995-ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı yaşayış evi və 0,36 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 670.2-ci maddəsinə əsasən hədiyyə verənin ölməsi halı üçün bağışlama vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki:“...Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı mərhum anası X2 mülkiyyətində 0,36 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi olmuşdur. İddiaçı və onun digər bacı-qardaşları anaları Gözəl vəfat edənə kimi həmin evdə qeydiyyatda olmuşlar. Lakin, Cavabdeh iddiaçının və digər bacı-qardaşlarının xəbərləri olmadan yaşlı, xəstə analarının savadsızlığından istifadə edərək anaları Gözəl Hüseynovanı notariat orqanına apararaq aralarında bağışlama müqaviləsi bağlamışlar. Həmin müqavilə əsasında cavabdeh həmin evi və torpaq sahəsini öz adına rəsmiləşdirərək müvafiq çıxarış almışdır. Cavabdeh İddiaçı mərhum anası ilə aralarında bağışlama müqaviləsinin olmasından iddiaçının sonradan məlumatı olmuşdur. Ona görə də məhkəməyə xəbəri olduqdan sonra müraciət etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337- ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olubolmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır...” Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cəlilabad rayon 1 saylı Notariat ofisində Cavabdeh ilə X5 arasında bağlanmış 22 fevral 2015-ci il tarixli, 4Ə-95 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 21 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 100 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cəlilabad rayon 1 saylı Notariat ofisində Cavabdeh ilə X5 arasında bağlanmış 22 fevral 2015-ci il tarixli, 4Ə-95 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar