Məhkəmə qərarları › İş №2(073)-1970/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1970/2023

10.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1970/2023 10.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzulazadə Əli Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş 25 iyun 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsinə və həmin akta əsasən onun abonent hesabına hesablanmış 1555.2 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Ocaqlı kəndində yaşayır. Yaşadığı fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. 13 mart 2023-cü il tarixdə Cavabdeh İB-nin işçiləri ərizəsi (iddiaçının) əsasında onun evinə gələn qaz xəttinə quraşdırılmış sayğacı növbədənkənar dövlət yoxlanışına göndərilməsi üçün dəyişidirib yenisi ilə əvəz etmişlər. Sayğac dəyişdirilərkən tərtib edilmiş aktda onun (iddiaçının) yaşadığı evdən açılmış sayğacın hesablama mexanizminin qoruyucu qapağı ərimiş halda olmuş və o (iddiaçı) da bu səbəbdən ərizə ilə müraciət edərək, sağyacın dəyişdirilməsini xahiş etmişdir.Lakin sonradan ona məlum olmuşdur ki, Cavabdeh İB-nin Lənkəran RQİİ-nin Xidmət Sahəsinin əməkdəşları tərəfindən 25 iyun 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda onun (iddiaçının) evindən 13 mart 2023-cü il tarixdə açılmış sayğacın Cavabdeh İB-nin Metrologiya Departamentində laboratoriyası zamanı hesablama mexanizminin qoruyucu şüşəsinin deşildiyinin aşkar edildiyi müəyyən edilmişdir.Bu səbəbdən də həmin hal müdaxilə kimi qiymətləndirilmiş və 25 iyun 2023-cü il tarixli, ******* saylı akta əlavə olaraq qaz itkisinə görə 1555.2 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc yazılmışdır. Həmin qaz sayğacı küçədə quraşdırılmış və qaz sayğacı kənar müdaxilələrdən qorunması üçün xüsusi qutuya yerləşdirilməmişdir.Belə halda onun (iddiaçının) həmin qaz sayğacına nəzarət etməsi mümkün deyil. Özü birinci dərəcə əlildir və kənar şəxslərin köməyi olmadan hərəkət edə bilmir. Onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və sayğacdan kənar təbii qazdan istifadə etməmişdir.Cavabdeh tərəfindən əsassız olaraq ona (iddiaçıya) borc hesablanmışdır. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə İddiaçı və Cavabdeh nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Cəlilabad rayonu Ocaqlı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı **********7 saylı qaz sayğacı növbədənkənar dövlət yoxlanışına göndərilməsi üçün çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Həmin aktda qaz sayğacının ekranının əridiyi qeyd edilmişdir. İşdə olan Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş 25 iyun 2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Cəlilabad rayonu Ocaqlı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı **********7 saylı qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi aşkar edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akta əsasən 1555.2 manat borcu (cərimə) vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Cəlilabad rayonunun Ocaqlı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına Cavabdeh İB X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən 13 mart 2023-cü il tarixdə baxış keçirmiş, həmin sayğac çıxarılmış və bu barədə ******* saylı akt tərtib edilmişdir. 25 iyun 2023-cü il tarixdə isə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin qorucuyu şüşəsinin deşildiyi aşkar edilmiş və bu səbəbdən iddiaçının abonent hesabına borc yazılmışdır. İddiaçı həmin aktı və akt əsasında hesablanmış borcu (cəriməni) əsassız hesab edir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən tərtib olunmuş və iddiaçı tərəfindən mübahisələndirilən aktda göstərilən qaz sayğacında aşkar edilmiş qüsurun iddiaçı tərəfindən edilmiş müdaxilə nəticəsində baş verməsini sübut edən hər hansı bir faktın olmadığı müəyyən edildi. Həmin qaz sayğacında aşkar edilmiş qüsurun başqa təsirlər nəticəsində yaranması istisna olunmur. Buna görə də qeyd olunan həmin mübahisəli akt əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının 30 iyun 1998-ci il Qanununun 3-cü maddəsinin 7-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli,180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istisarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X3 İdarəsi tərəfindən tərtib olunmuş 25 iyun 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında İddiaçı abonent hesabına hesablanmış 1 555.2 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar