Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1995/2025 19.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı akt əsasında yazılmış 2576,75 manat borcun silinməsi və həmin akta əsasən ona məcburi ödətdirilmiş vəasitin onun abonent hesabına qaytarılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən 063770 saylı akt əsasında onun **********12472 nömrəli abonent koduna yazılmış 2576,75 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə təqdim etdiyi ərizəsində göstərmişdir ki, cavabdeh tərəf hazırda mübahisələndirdiyi aktı əsas gətirərək elektrik sayğacı şəbəkədən ayırmışdır. Elektrik enerjisinin bərpa edilməsi barədə müvəqqəti təminat tədbirinə dair məhkəmə qərardadının olmasına baxmayaraq cavabdeh onun işığını qoşmaqdan imtina etdi. Məcburən həmin borcu ona ödətdirdikdən sonra sayğacı şəbəkəyə qoşdular. Qeyd edilənlərə əsasən "xxxx" ASC tərəfindən 063770 saylı akt əsasında onun **********2472 nömrəli abonet koduna yazılmış 2576,75 manat borcun silinməsi və həmin akta əsasən ona məcburi ödətdirilmiş vəasitin onun abonent hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı məhkəməyə teleqram göndərərək göstərmişdir ki, o, səhhəti ilə əlaqədar 19 avqust 2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasına gələ bilməyəcəkdir. Məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, bir vətəndaş olaraq hamı kimi o da qaz, işıq və digər kommunal xidmətlərdən istifadə edərək ödənişlərini etmişdir. İşıqdan da həmişə sayğac vasitəsi ilə istifadə etmişdir. Heç vaxt kənar xətdən istifadə etməmişdir. Sayğaca müdaxilə etməmişdir. Onun elektrik sayğacını sonuncu dəfə 2013-cü ildə quraşdırmışlar. 2024-cü ilin iyun ayında Cəlilabad işıq idarəsinin işçiləri gələrək sayğacın istismar müddətinin bitdiyini bildirərək, həmin gün də sayğacı dəyişərək çıxıb getmişlər. 2025-ci ilin yanvar ayında aylıq bildiriş təqdim ediləndə, ona 2576,75 manat borc yazıldığını görmüşdür. İdarənin işçilərindən bunun səbəbini soruşduqda isə məlum olmuşdur ki, "xxxx" ASC-nin əməkdaşları köhnə sayğacı dəyişdikdən sonra idarəyə gedərək ona akt tərtib etmişlər. Aktın surətini isə ona vermək istəməmişlər. Çox çətinliklə həmin aktın surətini idarədən almışdır. Həmin aktda sayğacın istismar müddəti bitdiyi üçün öz-özünə xarab olması səbəbindən ona 2576,75 manat borc hesablandığını görmüşdür. Həmin aktın özündə “EEİQ-nin tələblərinə uyğun olaraq yoxlama aparılan zaman məlum oldu ki, Çin istehsalı smart tipli elektrik sayğacının gərginlik açarı xarabdır, öz-özünə açılır” qeyd edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq sayğacın xarab olmasında onun heç bir günahı olmadığı üçün həmin borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 12 iyun 2024-cü il tarixli, 063770 saylı aktdan görünür ki, İddiaçı məxsus olmuş fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərək EEİQ-nin tələblərinə uyğun yoxlama aparılmış, yoxlama zamanı quraşdırılmış 1 fazalı Çin istehsalı smart tipli elektrik sayğacının gərginlik açarı xarab olması və öz-özünə ayrılması aşkar olunmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin abunə haqqı cədvəlindən görünür ki, İddiaçı adına 31 iyul 2025-ci il tarixə 3055 manat borc yazılmışdır. İşdə olan Azərbaycan Metrologiya İnstitutu PHŞ Kommunal Laboratoriyalar MMC tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli elektrik sayğacının yoxlanılması haqqında DY Q/M 015/13 saylı protokolun surətindən görünür ki, ********** abonent kodlu, ********** zavod seriya nömrəli sayğacın qoruyucu açarı daxili qüsur nəticəsində sıradan çıxmışdır, bu səbəbdən xəta fazilərini yoxlamaq mümkün deyildir. Balans 15,67 manat. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 30 iyun 2025-ci il tarixdə 1200 manat və 31 iyul 2025-ci il tarixdə 500 manat, ümumilikdə 1700 manat ziyan məbləği ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus olmuş yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərək yoxlama aparılmış və yoxlama zamanı mənzilə quraşdırılmış 1 fazalı Çin istehsalı smart tipli elektrik sayğacının gərginlik açarı xarab olması və öz-özünə ayrılması əsası ilə iddiaçının adına 12 iyun 2024-cü il tarixli, 063770 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən abonentə itirilmiş enerjiyə görə 2576,75 manat borc hesablanmışdır. Lakin mübahisə predmeti olan həmin akt, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, Azərbaycan Metrologiya İnstitutu PHŞ Kommunal Laboratoriyalar MMC tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli elektrik sayğacının yoxlanılması haqqında DY Q/M 015/13 saylı protokolun surətindən görünür ki, ********** abonent kodlu, ********** zavod seriya nömrəli sayğacın qoruyucu açarı daxili qüsur nəticəsində sıradan çıxması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Elektroenergetika haqqında Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin, X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Göründüyü kimi akt tərtib edilərkən "xxxx" ASC-nin əməkdaşları tərəfindən «Elektrik enerjisindən istifadə Qaydaları»-nın tələblərinə riayət edilməmişdir. Belə ki, sayğacın elektrik enerjisini qeydə almamasında məişət aobonentinin təqsiri sübut olunmamış, mübahisəli akt tərtib edilərkən yaşayış evinin sahibinin və hal şahidlərinin iştirakı təmin edilməmiş və 12 iyun 2024-cü il tarixli, 063770 saylı akt tərtib edilmişdir. Bu hal məhkəməyə əsassız yazılmış borcun silinməsi qənaətinə gəlməyə əsas verir. Həmçinin məhkəmə hesab edir ki, mübahisəli akta əsasən iddiaçının ödədiyi 1700 manat ziyan məbləği abonent tərəfindən gələcəkdə istifadə olunacaq enerjinin əvəzinin ödənilməsi məqsədilə abonent hesabına avans vəsaiti kimi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin edilməli və cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 12 iyun 2024-cü il tarixli, 063770 saylı akt əsasında İddiaçı abonent hesabına hesablanmış 2576,75 manat borc silinməlidir və mübahisəli akta əsasən iddiaçının ödədiyi 1700 manat ziyan məbləği abonent tərəfindən gələcəkdə istifadə olunacaq enerjinin əvəzinin ödənilməsi məqsədilə abonent hesabına avans vəsaiti kimi qaytarılmalıdır.. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 12 iyun 2024-cü il tarixli, 063770 saylı akt əsasında İddiaçı abonent hesabına hesablanmış 2576,75 manat borc silinsin və mübahisəli akta əsasən iddiaçının ödədiyi 1700 (bir min yeddi yüz) manat ziyan məbləği abonent tərəfindən gələcəkdə istifadə olunacaq enerjinin əvəzinin ödənilməsi məqsədilə abonent hesabına avans vəsaiti kimi qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1995/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1995/2025
19.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver