Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2031/2025 06.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi Həşimzadə Şahanə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında yazılmış cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında yazılmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən itirilmiş elektrik enerjisi sərfiyyatı kimi 074088 saylı, xx.xx.2018-ci il tarixli aktı əsasında İddiaçı hesablanmış 825,87 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Məlikli X3 rayonu, Dostallı kəndində yaşayır. O, işıq pulunu vaxtı-vaxtında ödəyir, onun ödəniş etməsi ilə bağlı qəbzləri də var, lakin xx.xx.2018-ci ildə iddiaçının xəbəri olmadan əsassız olaraq borc yazılmışdır. Bu hal onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Hesab edir ki, cavabdeh olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən itirilmiş elektrik enerjisi sərfiyyatı kimi hesablanmış 825,87 manat borc əsassız olduğu üçün silinməlidir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı işıq pulunu hər ay vaxtında ödədiyini və qeyd olunan akt tərtib olunarkən onun məlumatının olmadığını qeyd edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 074088 nömrəli, xx.xx.2018-ci il tarixli aktına əsasən Cəlilabad rayonu, Dostalı kəndində həyətə quraşdırılmış, abonent kodu **********00009 olan istehlakçı X1 məxsus sayğaca baxış keçirilmiş, EEİQ-nin yoxlanması zamanı məlum olmuşdur ki, abonent sayğacı sxemdən çıxarıb, elektrik enerjisindən sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur, 12,5 A (amper) müəyyən edilmişdir. Akt istehlakçıya təqdim edilməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 074088 nömrəli, xx.xx.2018-ci il tarixli aktına əsasən Cəlilabad rayonu, Dostalı kəndində həyətə quraşdırılmış, abonent kodu **********00009 olan istehlakçı X1 məxsus sayğacdan kənar xətt ləğv edilmişdir. İş materiallarında olan abonent kodu **********00009 olan abunəçinin məhkəməyə təqdim etdiyi bildirişdən görünür ki, "xxxx" ASC ilə istehlakçı X2 arasında bağlanmış müqavilə üzrə istehlakçının xx.xx.2025-ci ilə qədər olan borcu 816,29 manat, yekun borcu isə 825,87 manat təşkil edir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh "xxxx" ASC iddiaçını elektrik enerjisi ilə təmin etmişdir. xx.xx.2018-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş və sayğaca kənar müdaxilə olması barədə akt tərtib olunmuş, akt istehlakçıya təqdim edilməmişdir. Qeyd olunan kənar xətt ləğv olunmuşdur. Hazırda iddiaçı cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixli akta əsasən əsassız olaraq hesablanmış 825,87 manat məbləğində cərimə borcunun silinməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının sahibliyində olan evə aid olan sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi daşıyır. Digər tərəfdən elektrik sayğacı laboratoriya şəraitində tədqiq edilməmiş, sayğacın istifadəyə yararsız olmasının səbəbi və kimin tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmamışdır. Yəni iddiaçının sayğaca kənar xəttlə qoşulması, sayğacın məhz bu qoşulma nəticəsində yararsız vəziyyətə düşməsi və burada iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında) yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında) yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC-nin AKT R № 074088, xx.xx.2018-ci il tarixli aktı əsasında İddiaçı (abonent kodu **********00009) hesablanmış 825,87 (səkkiz yüz iyirmi beş manat səksən yeddi qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat dövlət nəfinə tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin AKT R № 074088, xx.xx.2018-ci il tarixli aktı əsasında İddiaçı (abonent kodu **********00009) hesablanmış 825,87 (səkkiz yüz iyirmi beş manat səksən yeddi qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №2(073)-2031/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2031/2025
06.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver