Məhkəmə qərarları › İş №2(073)-2054/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2054/2024

06.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2054/2024 06.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair idda ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 101319 saylı aktın etibarsız hesab edilməsinə və akt əsasında hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2018-ci il tarixli akt əsasında tərtib olunmuş cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonunun Privolnoye kəndində özünə məxsus evdə yaşayır. Yaşadığı ərazidə hər bir vətəndaş kimi o (iddiaçı) da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə işıq enerjisindən istifadə etmişdir. 2016-cı ildə X3 tərəfindən ona sayğac verilmişdir, o da həmin sayğacı quraşdıraraq istifadə etmişdir. 2018-ci ilin yaz aylarında X1 nəzarətçiləri yaşadığı evdə olan sayğaca baxış keçirmiş və sayğacın İdarə tərəfindən qeydiyyata alınmadığını bildirmişlər, bu barədə 28 mart 2018-ci il tarixdə "xxxx" ASC-nin X1 əməkdaşları onun (iddiaçının) iştirakı olmadan 101319 nömrəli akt tərtib etmişdir. Hesab edir ki, akt onun iştirakı olmadan tərtib edildiyinə görə etibarsız hesab edilməlidir, həmçinin sayğacın qeydiyyatdan keçirilməsi müvafiq idarənin vəzifəsi idi. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, 28 mart 2018-ci il tarixdə iddiaçının yaşadığı Cəlilabad rayonunun Privolnoye kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacın qeydiyyata alınmadığı faktı müəyyən edilmişdir. Sayğac qeydiyyata götürülmüşdür və iddiaçıya 2016-2018-ci illər ərzində sayğacı qeydiyyata aldırmadan istifadə etdiyi elektrik enerjisindən istifadəyə görə 169,33 manat borcunun yarandığını bildirmişlər. İddiaçının nümayəndəsi, həmçinin iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək iddiaçının həmin borc məbləğindən xx.xx.2018-ci il tarixdə məlumatlı olduğunu, lakin onu mübahisələndirmədiyini, qanunla müəyyən edilən iddia müddətini ötürməklə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyini bildirirək, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehin nümayəndəsinin ərizəsi təmin edilməklə iddia rədd edilməlidir. Belə ki, işdə olan, "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 101319 saylı aktdan görünür ki, Cəlilabad rayonunun Privolnoye kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı mənzilə quraşdırılmış elektrik sayğacının Cəlilabad EŞ-M hesabat bazasında qeydiyyatda olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında məhkəmənin və cavabdehin nümayəndəsinin suallarına cavab olaraq iddiaçı borc məbləğindən və mübahisələndirilən aktdan həqiqətən də 2018-ci ilin mart ayında xəbərdar olduğunu, eyni zamanda həmin borcu əsassız hesab etdiyinə görə ödəmədiyini bildirmişdir. İşdə olan abonentin saldosundan görünür ki, iddiaçının həmin tarixə 169.33 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ona hesablanmış borc barədə 2018-ci ildə məlumatlı olsa da qanunla müəyyən edilmiş, müqavilə tələblərindən irəli gələn 3 illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Mübahisələndirdiyi borc məbləği isə ona cərimə kimi deyil, istifadə etdiyi elektrik enerjisinin əvəzi olaraq hesablanmışdır, yəni müqavilədən yaranan öhdəlikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Borc məbləğinin əsaslılığına münasibətdə isə məhkəmə qeyd edir ki, həmin məbləğ, iddiaçının özünün də etiraf etdiyi və müvafiq aktda da göstərildiyi kimi, ona hər hansı pozuntuya görə tətbiq edilən cərimə deyil, sayğacı qeydiyyata aldırmadan 2016-2018-ci ilin mart ayı aralığında istehlak etdiyi elektrik enerjisinin əvəzi olaraq hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin, X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar