Məhkəmə qərarları › İş №2(073)-211/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-211/2024

27.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-211/2024 27.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı, ona məxsus Cəlilabad rayon Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə aid tərtib edilmiş 24 avqust 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və həmin akta görə abonent hesabına əssasız olaraq hesablanmış 172,80 manat borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Cəlilabad rayon Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə aid tərtib edilmiş 24 avqust 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və həmin akta görə abonent hesabına əssasız olaraq hesablanmış 172,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, Cəlilabad şəhərində yaşayır və yaşadığı müddətdə hər vətəndaş kimi o da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə etmişdir. Lakin 15 fevral 2023-cü il tarixdə Cavabdeh İB X2 İstismar İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları yaşadığı evin sayğacına baxış keçirmiş və sayğacın növbədən kənar növbəti dövlət yoxlanılmasından keçirilməsi üçün çıxararaq aparmışlar. Bu barədə, yəni sayğacın dəyişdirilməsi haqqında akt da tərtib etmişlər. Sonradan isə, onun iştirakı və məlumatı olmadan cavabdeh təşkilat tərəfindən 24 avqust 2023-cü iltarixdə ******* nömrəli akt tərtib olunmuş və həmin aktda çıxarılan sayğaca onun tərəfindən müdaxilə olunması göstərilmişdir. O, bundan məlumat tutandan sonra Cavabdeh İB X2 İstismar İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşlarına məsələnin nədən ibarət olmasını soruşduqda cavabdeh təşkilatın əməkdaşları ona istifadə etdiyi sayğaca onun tərəfindən müdaxilə olunduğunu bildirmişlər. O, isə sayğaca heç bir müdaxilə olunmadığını onlara bildirmişdir. Belə ki, həmin evdə yaşadığı vaxta qədər Cavabdeh İB X2 İstismar İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşı olan nəzarətçilər qaz sayğaclarına davamlı olaraq baxış keçirmişlər. Belə olan halda əsassız olaraq Cavabdeh İB X2 İstismar İdarəsi tərəfindən 24 avqust 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmiş və həmin aktda sayğaca müdaxilə olunduğu üçün itirilmiş qazın bərpası məqsədi ilə onun borcunun olması göstərilmişdir. Lakin cavabdeh tərəfindən həmin akt onun iştirakı və məlumatı olmadan tərtib edilmiş, imzası isə olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib edilmiş 24 avqust 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akta görə abonent hesabına əssasız olaraq hesablanmış 172,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında 15 fevral 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış “Zenner” tipli, G-4 markalı, **********42 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanışına görə çıxarılmış, “Zenner” tipli, G-4 markalı, **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. İşdə olan Cavabdeh X2 İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış 29 aprel 2021-ci il tarixli, ***-**-** saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evinə 18 iyul 2019-cu il tarixdə “Zenner” tipli, G-4 markalı, **********4 nömrəli qaz sayğacı quraşdırılmış və müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilmişdir. İşdə olan Cavabdeh X2 İstismar İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 24 avqust 2023-cü il tarixli, ******* saylı nömrəli aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirilən zaman, həmin evdə quraşdırılmış “Zenner” tipli, G-4 markalı, **********4 nömrəli qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh X2 İstismar İdarəsi tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı, **********4 nömrəli qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olması nəticəsində itirilmiş qazın sərfiyyatının 1440 m3 olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh X2 İstismar İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı adına aktlar üzrə 2023-cü ilin iyun ayına 172,80 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus evə qaz sayğacı quraşdırılmış və iddiaçı bu sayğacın göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. 15 fevral 2023-cü il tarixdə Cəlilabad xidmət sahəsinin əməkdaşları iddiaçının yaşadığı evin qaz xəttinin üzərinə quraşdırılmış sayğaca texniki baxış keçirmiş və sayğacı çıxararaq aparmışlar. Sayğacın çıxarılma səbəbi kimi növbəti dövlət yoxlanışına göndərilməsi göstərilmişdir. Sonradan yəni, 24 avqust 2023-cü il tarixdə cavabdeh təşkilat tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib olunaraq qaz sayğacının hesablama mexanizminin keçən qazın həcminin hesablamaması və sayğacda qaz itkisinin olması göstərilmişdir. Məhkəmə həmin hallara qiymət verərək, belə nəticəyə gəlir ki, “Zenner” tipli, G-4 markalı, **********4 nömrəli qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi sübut edilmir və cavabdeh təşkilat tərəfindən əsassız olaraq sərfiyyat hesablanmışdır. Göstərilən xüsusatlar sayğacda aşkar olunan nöqsanın iddiaçı tərəfindən edilməsini istisna edir. Göründüyü kimi 24 avqust 2023-cü il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və 1440 kub metr sərfiyyat hesablanması əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 24 avqust 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli, 180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, X2 İstismar İdarəsi tərəfindən İddiaçı adına tərtib olunmuş 24 iyun 2023-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında abonentə hesablanmış 172,80 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. X2 İstismar İdarəsi tərəfindən İddiaçı adına tərtib olunmuş 24 avqust 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında abonentə hesablanmış 172,80 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar