Məhkəmə qərarları › İş №2(073)-2132/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2132/2024

23.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2132/2024 23.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 23 aprel 2024-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması və akta görə abonent hesabına əsassız olaraq hesablanmış 777.60 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Cavabdeh əməkdaşları tərəfindən onun evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğac növbəti dövlət yoxlanışına göndərilməsi üçün dəyişdirilmiş və yenisi ilə əvəz edilmiş bu barədə xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə ******* saylı akt tərtib edilmiş və sayğacın çıxış plastmas borusunun fiziki təsir nəticəsində deşilməsi aşkar edilməsi qeyd edilmiş və bu səbəbdən cərimə olunmuşdur. Həmin aktı əsassız hesab edir. Belə ki, sayğaca isə onun tərəfindən heç bir müdaxilə edilməmişdir. Qaz sayğacında aşkar edilmiş qüsurdan onun (iddiaçının) məlumatı yoxdur. Aktda qeyd olunmuş sayğaca edilən müdaxilənin qəsdən onun tərəfindən edilməsi mümkünsüzdür, çünki bu onun (iddiaçının) bilərəkdən özünə zərər vurması deməkdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh İB Lənkəran X3 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixdə ******* saylı akt əsasında yazılmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, ünvan 2 ev 286 unvanında yerləşən İddiaçı məxsus mənzilə quraşdırılmış “Zenner” tipli G-4 markalı sayğac növbəti dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış və «GCZ G4» markalı sayğacla əvəz edilmişdir. İşdə olan Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixdə ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış “Zenner” tipli G-4 markalı **********7 saylı qaz sayğacın çıxış plastmas borusunun fiziki təsir nəticəsində deşilməsinin aşkar edilməsi qeyd olunmuşdur. İşdə olan abonentin saldosundan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə 2024-cü ilin may ayına qalıq və aktlar üzrə olan borcu 777.60 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü ildə İddiaçı məxsus ünvan 3 küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğac növbəti dövlət yoxlanışına göndərilməsi üçün dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixdə ******* saylı akt tərtib edilmiş və sayğacın çıxış plastmas borusunun fiziki təsir nəticəsində deşilməsi aşkar edilməsi qeyd edilmiş və bu səbəbdən cərimə olunmuşdur. İddiaçı həmin akt əsasında hesablanmış borcu (cəriməni) əsassız hesab edir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən tərtib olunmuş və iddiaçı tərəfindən mübahisələndirilən aktda göstərilən qaz sayğacında aşkar edilmiş qüsurun iddiaçı tərəfindən edilmiş müdaxilə nəticəsində baş verməsini sübut edən hər hansı bir faktın olmadığı müəyyən edildi. Buna görə də qeyd olunan həmin mübahisəli akt əsaslı sayıla bilməz. Həmin qaz sayğacına edilən müdaxilənin başqa təsirlər nəticəsində yaranması istisna olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı abonent hesabına hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar