Məhkəmə qərarları › İş №2(073)-254/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-254/2023

09.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-254/2023 09.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi Vəkilova Aygün Kamal qızının iştirakı ilə, Ərizəçi Vəkilova Aygün Kamal qızının JN 0058, KOD 80614028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ona və mərhum anası Vəkilova Hədiqə İsmayıl qızına məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Vəkilova Aygün Kamal qızı ərizə ilə məhkəməyə müraciət edərək, JN 0058, KOD 80614028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ona və mərhum anası Vəkilova Hədiqə İsmayıl qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Vəkilova Aygün Kamal qızı ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar islahat Komissiyasının 29 avqust 1997ci il tarixli, 08 saylı qərarı ilə ona və ailə üzvlərinə 2.50 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Bu barədə onlara JN-0058 KOD 80614028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Lakin həmin sənəddə onun adı “Aygün” əvəzinə “Aygül kimi, mərhum anası Vəkilova Hədiqə İsmayıl qızının adı isə “Hədiqə” əvəzinə “Həqiqət” kimi yazılmışdır. Bütün bu səhvlər onların sənədləşmə işlərində problemlər yaradır. Bununla bağlı o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, orada ona mübahisənin yalnız məhkəmə qaydasında həll oluna biləcəyi bildirilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə, JN 0058, KOD 80614028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ona və mərhum anası Vəkilova Hədiqə İsmayıl qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN 0058, KOD 80614028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Vəkilov Kamal Bayram oğlunun, Vəkilova Həqiqət İsmayıl qızının, Maraqlı şəxs2, Maraqlı şəxs3, Vəkilova Sənubər Kamal qızının, Maraqlı şəxs5 və Vəkilova Aygül Kamal qızının mülkiyyətlərinə Cəlilabad rayonu Sərhədabad kəndində, kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2.50 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon İHB-nın Sərhədabad kənd İƏDÜN tərəfindən 801 nömrə ilə qeydə alınmış təsərrüfatbaşı kitabdan çıxarışdan görünür ki, Vəkilov Kamal Bayram oğlu və onun ailə üzvləri Vəkilova Həqiqət İsmayıl qızı, Maraqlı şəxs2, Maraqlı şəxs3, Vəkilov Səyyar Kamal oğlu, Vəkilov Şəmsi Kamal oğlu, Vəkilova Sənubər Kamal qızı, Maraqlı şəxs5, Vəkilova Elnarə Kamal qızı və Vəkilova Aygül Kamal qızı olmaqla qeydiyyata alınmışlar. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Sərhədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Sərhədabad bələdiyyəsinin sədrinin və Cəlilabad rayon Sərhədabad kənd yerli aqrar islahat komissiyasının sədrinin iştirakı ilə tərtib edilmiş 23 noyabr 2022-ci il tarixli aktdan görünür ki, JN 0058, Kod 80614028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında Vəkilova Aygün Kamal qızının adı texniki səhv olaraq “Aygül”, Vəkilova Hədiqə İsmayıl qızının adı isə “Həqiqət” kimi yazılmışdır. İşdə olan AZ-İ №452488 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Vəkilov Kamal Bayram oğlu xx.xx.2001-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ №352034 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Vəkilova Hədiqə İsmayıl qızı 19 mart 2009-cu il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə ərizəçinin və ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad rayonu Sərhədabad kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2.50 hektar torpaq sahəsi verilmiş və bu barədə JN 0058, KOD 80614028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib olunmuşdur. Həmin Dövlət aktında ərizəçi Vəkilova Aygün Kamal qızının adı yanlışlıqla «Aygül» kimi, mərhum Vəkilova Hədiqə İsmayıl qızının adı isə «Həqiqət» kimi yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi JN 0058, KOD 80614028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ona və mərhum Vəkilova Hədiqə İsmayıl qızına məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, JN 0058, KOD 80614028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Vəkilova Aygün Kamal qızına və mərhum Vəkilova Hədiqə İsmayıl qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. JN 0058, KOD 80614028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ərizəçi Vəkilova Aygün Kamal qızına və mərhum Vəkilova Hədiqə İsmayıl qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar