Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-265/2025 07.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC tərəfindən akt əsasında yazılmış 203.78 manat borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən akt əsasında yazılmış 203.78 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Mirzəli kəndində yaşayır və yaşadığı ev atası mərhum X3 məxsus olmuşdur. Həmin yaşayış evinə quraşdırılmış elektrik sayğacının göstəricilərinə uyğun olaraq 2009-cu ildən istifadə etdikləri elektrik enerjisinin dəyərini vaxtı-vaxtında ödəyir və bu barədə qəbzləri də mövcuddur. Elektrik sayğacına olan elektrik borcunu tam ödəsə də, 09 aprel 2012-ci il tarixdə vəfat etmiş məhhum atası X2 adına xx.xx.2024-cü il tarixdə akt tərtib olunmuş və həmin akt əsasında yaşadıqları evə quraşdırılmış 1 fazalı elektrik sayğacının baxış tablosunun oxunmaması səbəbindən mərhum atası İsi İbayevin abonent hesabına 203.78 manat borc hesablanmışdır. O özü və digər ailə üzvləri heç vaxt sayğaca müdaxilə etməmişlər və hal-hazıradək istifadə etdiklərii elektrik enerjisinin dəyərini hər ay davamlı olaraq ödəmişdir. Digər tərəfdən akt barədə ona məlumat verilməmiş və onun iştirakı olmadan tərtib edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq "xxxx" ASC-nin əməkdaşları tərəfindən adına tərtib olunmuş 01 mart 2024-cü il tarixli, 331763 saylı akt əsasında yazılmış 203.78 manat borcun silinməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 01 mart 2024-cü il tarixli, 331763 saylı aktdan görünür ki, X3 məxsus olmuş fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərək EEİQ-nin qaydalarına uyğun yoxlama aparılmış, yoxlama zamanı mənzilə məxsus olmuş 1 fazalı elektrik sayğacının baxış tablosunun oxunmaması aşkar olunmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən mərhum X2 adına tərtib edilmiş abonentin saldosundan görünür ki, mərhum X2 adına aktlar üzrə 2024-cü ilin may ayına 203.78 manat borc yazılmışdır. İşdə olan Cəlilabad rayon Cəlayir kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 487251 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 09 aprel 2012-ci il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı və atası mərhum X3 məxsus olmuş yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərək yoxlama aparılmış və yoxlama zamanı mənzilə quraşdırılmış 1 fazalı elektrik sayğacının baxış tablosunun oxunmaması əsası ilə iddiaçının atası mərhum X2 adına 01 mart 2024-cü il tarixli, 331763 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən abonentə itirilmiş enerjiyə görə 203.78 manat borc hesablanmışdır. Lakin mübahisə predmeti olan həmin akt, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın tələbləri pozulmaqla tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin, X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Göründüyü kimi akt tərtib edilərkən "xxxx" ASC-nin əməkdaşları tərəfindən «Elektrik enerjisindən istifadə Qaydaları»-nın tələblərinə riayət edilməmişdir. Belə ki, sayğacın elektrik enerjisini qeydə almamasında məişət obonentinin təqsiri sübut olunmamış, mübahisəli akt tərtib edilərkən yaşayış evinin sahibinin və hal şahidlərinin iştirakı təmin edilməmiş və 01 mart 2024-cü il tarixli, 331763 saylı akt vəfat etmiş şəxsin adına tərtib edilmişdir. Bu hal məhkəməyə əsassız yazılmış borcun silinməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin edilməli və cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 01 mart 2024-cü il tarixli, 331763 saylı akt əsasında mərhum X2 abonent hesabına hesablanmış 203.78 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 01 mart 2024-cü il tarixli, 331763 saylı akt əsasında mərhum X2 abonent hesabına hesablanmış 203.78 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-265/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-265/2025
07.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver