Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-273/2025 13.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız yazılmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran RQİİ İdarəsi tərəfindən abonent hesabına əsassız yazılmış 820.32 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsasıandırılmışdır ki, iddiaçı Cəlilabad şəhərində uzun müddətdir ki, yaşayır, Ağdam rayon məcbiri köçkünüdür. Dövlət onların qaz və işıq pulunu 2017-ci il tarixədək ödəmişdir. Lakin 2017-ci ildə Cavabdeh Cəlilabad rayon Qaz istismarı idarəsinin əməkdaşları yerləşdiyi qaçqınlar binasında olan evinin sayğacına baxış keçirmiş və həmin sayğacı açıb aparmışlar və yeni sayğac quraşdırılmışdır. Həmin vaxt onlara bu barədə barədə hər hansı bir irad və ya akt tərtib olunmayıb. Lakin yeni qaz sayğacı quraşdırıldıqdan sonra sayğacda 1065.02 qəpik əsassız olaraq borc yaranmışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, o, bu günə kimi istifadə etdiyi təbii qazın dəyərini hər ay davamlı olaraq ödəmişdir. Belə ki, Qaz İstismarı İdarəsinin əməkdaşı olan nəzarətçilər qaz sayğaclarına mütəmadi olaraq baxış keçirmişlər və belə bir borcun olması faktını nəzarətçilər aşkar etməmişlər. Onun abonent hesabına yazılmış borcu əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə bildirmişdir ki, mübahisələndirdiyi borc 2017-ci ilə aiddir. Həmin vaxt qaz idarəsinin əməkdaşları onun və digər sakinlərin qaz sayğaclarını söküb aparmış və yenisi ilə əvəz etmişdir, yeni sayğacda isə qeyd etdiyi borc qalmışdır. Aylıq olaraq həmin borcdan müəyyən hissələr çıxılmışdır və bu günə olan borc 820.32 manatdır, lakin son vaxtlar aylıq ödənişlərini etdikdə etdiyi ödənişin yarısı civarında hissəsi həmin borc məbləğinə çıxılır. 2017-ci ildə Bəhlul adında əməkdaş hər ay sayğacları söküb aparırdı, 1-2 gün sonra gətirib quraşdırırdı, onları da aldadırdı ki, heç bir şey yoxdur, narahat olmaq lazım deyil, adi yoxlama üçün sayğacları aparır və gətirir. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, iddiaçı Cəfərov X2 rayonunda yaşamaqla H.Əliyev prospektində X5 İstismar İdarəsinin Cəlilabad Xidmət Sahəsində **********10000 saylı kodla abonent qeydiyyatındadır. Abonent İddiaçı mənzilində təbii qazdan istifadə nəticəsində 2017-ci ilin mart ayına kimi 1065,02 manat debitor borcu yaranmışdır. xx.xx.2017-ci il tarixdə abonentin mənzilində yaranmış debitor borcun ödənilməsilə bağlı sonradan ödənişli qaz sayğacı əvvəlcədən ödənişli qaz sayğacı ilə əvəz edilmişdir. Bu da onu göstərir ki İddiaçı abonent hesabına sayğac göstəricisindən əlavə hər hansı pul məbləği daxil edilməmiş, sözügedən məbləğ, yəni 820,32 manat borc sayğacla təbii qazdan istifadə nəticəsində yaranan borcdur. İddiaçı abonent hesabına itirilmiş qazın bərpası ilə bağlı hər hansı akt daxil edilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”nin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında qeyd edilmişdir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin müddəalarını rəhbər tutaraq, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə etirazı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, mübahisələndirilən borc iddiaçının təbii qazdan istifadə nəticəsində yaranmış borcdur. Praktikada qaz sayğacında qüsur aşkar edilməsi və buna görə cərimə yazılması hallarına rast gəlinir və bu kimi iddialara məhkəmədə baxılması təcrübəsi də bəllidir. Lakin hazırki borc hər hansı cərimə borcu deyil, istehlak edilmiş təbii qazın dəyəridir. İddiaçı bu borcdan 2017-ci ildən xəbərdardır və etdiyi aylıq ödənişlərin müəyyən hissəsi həmin borca çıxılır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassızdır. Məhkəmə, ilk növbədə, nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan abonentin saldosundan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə 2024-cü ilin sentyabr ayına qalıq və aktlar üzrə olan borcu 820.32 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mənzilində təbii qazdan istifadə nəticəsində 2017-ci ilin mart ayına kimi 1065,02 manat debitor borcu yaranmışdır. xx.xx.2017-ci il tarixdə abonentin mənzilində yaranmış debitor borcun ödənilməsi ilə bağlı sonradan ödənişli qaz sayğacı əvvəlcədən ödənişli qaz sayğacı ilə əvəz edilmiş, həmin borc 1065.02 manat olmaqla yeni sayğaca keçirilmişdir, həmin borc iddiaçı tərəfindən hissə-hissə ödənilmişdir və bu günə qalıq borc 820.32 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı Cəfərov X4 Regional Qaz İstismar İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən abonent hesabına yazılmış borcun əsassız olduğunu bildirsə də, həmin halları təsdiqləyəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, borc məbləği hər hansı cərimə və ya sayğaca zərər vurulması nəticəsində hesablanmış borc kimi qəbul edilə bilməz, bu barədə hər hansı akt iş materiallarında yer almır, həmçinin bu halı iddiaçının özü də mübahisələndirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, həmin borc təbii qazın istehlakı nəticəsində müqavilə öhdəliyindən yaranmış borcdur və iddiaçı tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı abonent hesabına əsassız yazılmış borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-273/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-273/2025
13.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver