Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2779/2024 28.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı aktların etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı aktların etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən 2023 və 2024-cü illərdə əsassız tərtib edilmiş 305141 nömrəli aktı etibarsız hesab etməklə hesablanmış 580.86 manat və 338146 nömrəli aktı etibarsız hesab etməklə hesablanmış 406.62 manat cərimələrin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonunun Gülməmmədli kəndində yaşayır. Yaşadığı evə elektrik sayğacı quraşdırılmış və hər ay istifadə etdiyi elektrik enerjisinə görə tam ödənişlər etmişdir. Bu yaxınlarda X1 2023 və 2024-cü illərdə aktlar üzrə 528.95 manat və 406.62 manat cərimə edilməsi barədə məlumat verilmiş və həmin pulu ödəməsini tələb etmişlər. Səbəb kimi guya o, sayğaca müdaxilə etmiş və kənar xətt çəkmişdir. O, sayğaca heç bir müdaxilə etməmiş və ya kənar xətdən istifadə etməmişdir. Sayğaca heç bir müdaxilə etmədiyi, evində heç bir kənar xətt olmadığı halda X3 işçiləri tərəfindən onun barəsində qanunsuz akt tərtib edilərək cərimə edilmişdir. Hər iki aktda onun imzası yoxdur, elektrik sayğacı isə evdən kənarda, küçədə olan işıq dirəyinin üzərindədir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını tam və hərtərəfli araşdırarmaqla işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan, "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 338146 saylı aktdan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi aşkar edilmişdir. Aktı "xxxx" ASC-nin əməkdaşları imzalamış, abonent (iddiaçı) və hal şahidlərinin imzası yoxdur. İşdə olan, "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 305141 saylı aktdan görünür ki, cavabdehə məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi aşkar edilmişdir. Aktı "xxxx" ASC-nin əməkdaşları imzalamış, abonent (iddiaçı) və hal şahidlərinin imzası yoxdur. İşdə olan xx.xx.2024-cü il tarixli “Satış sahəsi üzrə tələblər” adlı və Cənub RETSİnin rəisi və müvafiq komissiyanın üzvləri tərəfindən imzalanmış və idarənin möhürü ilə təsdiqlənmiş sənəddən görünür ki, cavabdehə sayğacdankənar elektrik enerjisindən istifadə etdiyinə görə 406.62 manat cərimə hesablanmışdır, həmçinin kənar xəttin ləğv olunması göstərişi verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “Satış sahəsi üzrə tələblər” adlı və Cənub RETSİnin rəisi və müvafiq komissiyanın üzvləri tərəfindən imzalanmış və idarənin möhürü ilə təsdiqlənmiş sənəddən görünür ki, cavabdehə sayğacdankənar elektrik enerjisindən istifadə etdiyinə görə 580.86 manat cərimə hesablanmışdır, həmçinin kənar xəttin ləğv olunması göstərişi verilmişdir. Göründüyü kimi, "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli, 338146 saylı və xx.xx.2023-cü il tarixli, 305141 saylı aktlarda elektrik sayğacına kənar xətt qoşulmaqla elektrik enerjisindən sayğacdan kənar istifadənin aşkarlanması qeyd olunsa da, cavabdeh Cəmiyyət həmin halların məhz iddiaçı tərəfindən törədildiyini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmin aktlar iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib edilmiş və onlar tərəfindən imzalanmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müvafiq hal, yəni sayğaca kənar müdaxilə halı aşkar edilsə də bunun məhz iddiaçı tərəfindən edildiyini sübut etmək öhdəliyini cavabdeh daşımışdır ki, o da bu öhdəliyini icra etməmişdir. Beləliklə, kənar xəttin digər şəxslər tərəfindən qoşulması ehtimalı istisna edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iddianın aktların etibarsız hesab edilməsi hissəsinə münasibətdə isə bildirir ki, həmin aktlar iddiaçıya hər hansı ödəniş öhdəliyi yaradan sənəd növü olmadığı üçün həmin hissədə iddia əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı abonent hesabına 10 iyun 2024-cü il tarixli, 338146 saylı və 05 dekabr 2023cü il tarixli, 305141 saylı aktlar əsasında hesablanmış cəmi 987.48 (doqquz yüz səksən yeddi manat qırx səkkiz qəpik) manat borc (cərimə) silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2779/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2779/2024
28.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver