Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-278/2024 10.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21 avqust 2002-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini əsaslandıraraq bildirdi ki, o, xx xxxxxx 1975-ci il tarixdə Cəlilabad rayonu Məlikqasımlı kəndində anadan olmuşdur. 05 fevral 1999-cu il tarixdə X6 ilə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından dörd övladları doğulmuşdur. Övladlarından 21 avqust 2002-ci il tarixdə doğulmuş X8 anadangəlmə “serebral iflic, uşaq serebral iflici, tetraparez, nitq pozulmalar ilə, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu ilə xəstədir və ömürlük birinci qrup əlil kimi pensiya alır. X12 halhazırda tək başına heç bir hərəkət edə bilmir. O, X12un onun qəyyumluğuna verilməsi ilə bağlı Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik komissiyasına müraciət etmişdir. Həmin orqan tərəfindən ona izah olunmuşdur ki, övladı X8 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edildikdən sonra onun qəyyumluğuna verilə bilər. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs Yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZE № 18556836 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 21 avqust 2002-ci ildə Cəlilabad rayonu Məlikqasımlı kəndində doğulmuşdur. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 noyabr 2023-cü il tarixli, 2011/12 nömrəli arayışdan görünür ki, X8 21 avqust 2002-ci ildə Cəlilabad rayonu Məlikqasımlı kəndində doğulmuşdur. Atası Ərizəçi, anası X2r. İşdə olan “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 arasında 05 fevral 1999-cu il tarixdə nikah bağlanaraq, nikahın bağlanması haqqında akt qeydləri kitabında 6 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İ № 289743 nömrəli “Ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, X6 14 yanvar 2008-ci ildə Cəlilabad rayonu Məlikqasımlı kəndində ölmüşdür. İşdə olan Cəlilabad RİHB-nin Boyxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Cəlilabad rayonu Məlikqasımlı kəndində qeydiyyatdadır və onun arvadı-X1, oğlu-X9, oğlu-X8 və oğlu-X3 ibarət ailə üzvləri vardır. İşdə olan əlillik haqqında arayışdan görünür ki, X8 İ dərəcə əlildir. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” Cəlilabad rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X8 ruhi-əsəb xəstə kimi dispanser qeydiyyatındadır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 may 2024-cü il tarixli, 1214 saylı rəydən görünür ki, X5 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik müəyyən edilir. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də, X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X8 onda müəyyən olunan uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Həmçinin ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 21 avqust 2002-ci ildə Cəlilabad rayonu Məlikqasımlı kəndində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə Ərizəçi oğlu-X8 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-278/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-278/2024
10.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver