Məhkəmə qərarları › İş №2(073)-290/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-290/2025

31.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-290/2025 31.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il, tarixli ********* nömrəli akta görə abonent hesabına əsassız olaraq hesablanmış 777.60 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmuş və həmin ərazidə özünə məxsus fərdi yaşayış evi vardır. Həmin evdə 2015-ci ilə kimi yaşamış və sonradan ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, hal-hazırda orada yaşayır.Qeyd olunan ünvanda yaşadığı müddətdə hər ay aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə etmişdir. Lakin 2018-ci ilin may ayında Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları evin sayğacına baxış keçirmiş və həmin sayğac istismar müddəti bitdiyi və özlərinin dediyinə görə yaşayış olmadığı üçün çıxarılmış və bu barədə xx.xx.2018-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Eyni gündə də 01624460 nömrəli akt tərtib olunmuş və həmin aktda guya sayğaca müdaxilə olunması göstərilmişdir. İddiaçı bildirmişdir ki, Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşı olan nəzarətçilər qaz sayğacı davamlı olaraq baxış keçirmişlər və belə bir müdaxilə olsaydı aşkar olunardı. Mübahisəli akt tərtib olunan zaman iddiaçının iştirakı təmin edilməmiş və həmin aktdan iddiaçının məlumatı yoxdur. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat vermiş və tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğac növbədən kənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış və yenisi ilə əvəz edilmişdir, həmin ünvanda yaşayış olmamışdır. İşdə olan Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının şüşəsi sındırlaraq müdaxil olunmuşdur. Abonentin qazla təminatı dayandırılmışdır. İşdə olan abonentin saldosundan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə 2018-cü ilin iyun ayına qalıq və aktlar üzrə olan borcu 777.60 manat təşkil edir Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına 2018-ci ilin may ayında Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları evin sayğacına baxış keçirmiş, həmin sayğac istismar müddəti bitdiyi və özlərinin dediyinə görə yaşayış olmadığı üçün çıxarılmışdır və bu barədə xx.xx.2018-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Daha sonra 01624460 nömrəli akt tərtib olunmuş və həmin aktda qaz sayğacının şüşəsinin sındırılaraq ona müdaxil olunması qeyd edilmişdir, Abonentin qazla təminatı dayandırılmışdır. Bu səbəbdən iddiaçının abonent hesabına cərimə hesablanmışdır. İddiaçı həmin aktı və akt əsasında hesablanmış borcu (cəriməni) əsassız hesab edir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən tərtib olunmuş və iddiaçı tərəfindən mübahisələndirilən aktda göstərilən qaz sayğacında aşkar edilmiş qüsurun iddiaçı tərəfindən edilmiş müdaxilə nəticəsində baş verməsini sübut edən hər hansı bir faktın olmadığı müəyyən edildi. Buna görə də qeyd olunan həmin mübahisəli akt və onun əsasında hesablanmış borc məbləği əsaslı sayıla bilməz. Həmin qaz sayğacına edilən müdaxilənin başqa təsirlər nəticəsində yaranması istisna olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticəçıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı abonent hesabına hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar