Məhkəmə qərarları › İş №2(073)-2922/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2922/2025

15.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2922/2025 15.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh Lənkəran X6 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 22 avqust 2017-ci il tarixli, ******* saylı akt əsasında onun abonent hesabına əsassız olaraq hesablanmış 129,60 manat borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X6 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 22 avqust 2017-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına əsassız olaraq hesablanmış 129,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X6 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 22 avqust 2017-ci il tarixli, ******* saylı akt əsasında onun abonent hesabına əsassız olaraq hesablanmış 129,60 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, İddiaçı ünvan 1ndə yaşayır. Yaşadığı ərazidə hər vətəndaş kimi İddiaçı aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. Yaşadığı evin qaz sayğacına 22 avqust 2017-ci il tarixdə Cavabdeh Lənkəran X6 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən bütün küçə boyu qaz sayğaclarının yeri dəyişdirilərkən ustalar tərəfindən aftogen qaynaq aparatı ilə işlər görülən zaman istiliyinin dəyməsi nəticəsində sayğacın plasmast borusu ərimişdir və nəticədə sayğaca ziyan dəymişdir. Həmin vaxt dərhal Qaz İstismarı İdarəsinin əməkdaşlarına məlumat verilmişdir, qarşılığında rəhbərlik tərəfindən nəzərə alınacağı bildirilmişdir. Lakin onun məlumatı olmadan həmin evə baxış keçirilmiş və həmin sayğacın çıxışından plastmas borunun istilik nəticəsində əriməsinə görə akt tərtib olunmuş, buna görə də 129,60 manat borc yaranmışdır. Həmin akt heç kim tərəfindən imza edilməmişdir. İddiaçı bu günə kimi istifadə etdiyi təbii qazın dəyərini hər ay davamlı olaraq ödəmiş, qaz sayğacına da heç bir müdaxilə etməmiş, qaz sayğacına müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunubsa da onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Mübahisəli akt tərtib olunan zaman iştirakı təmin edilməmişdir və həmin aktdan sonradan məlumatı olmuşdur. Ona görə də hazır ki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında 24 may 2017-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış “Elestr” tipli, G-4 markalı ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlanışına görə çıxarılmış, “Elestr” markalı, G-4 tipli 10272049 nömrəli qaz sayğacı quraşdırılmışdır. Çıxarılmış qaz sayğacının çıxış plastmas borusunun deşilməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi barədə qeydlər aparılmışdır. İşdə olan Cavabdeh Lənkəran X6 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 22 avqust 2017-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış “Elestr” tipli, G-4 markalı ******* nömrəli qaz sayğacının sayğacın çıxışındakı plastmas borunun istilik nəticəsində əriməsi müəyyən olunmuşdur və sayğacın və itirilmiş qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İşdə olan Cavabdeh Lənkəran X6 İdarəsi tərəfindən verilmiş 25 avqust 2017-ci il tarixli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın tələbnaməsindən» görünür ki, İddiaçı məxsus yaşayış evinə quraşdırılmış Elestr markalı, G-4 tipli, ******* nömrəli qaz sayğacına ümumi baxış keçirilmiş, sayğacın çıxış borusunun istilik nəticəsində əriməsi müəyyən edilmiş və həmin sayğacın istismara yararsız olması nəticəsində itirilmiş qazın sərfiyyatının 648 m3 olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X6 İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı adına aktlar üzrə 2017-ci ilin dekabr ayına 129,60 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Onun yaşadığı fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və həmin sayğacın göstəricisinə uyğun təbii qazdan istifadəyə görə ödənişlər etmiş və bu barədə çoxsaylı qəbzləri vardır. Yaşadığı evin qaz sayğacına 22 avqust 2017-ci il tarixdə Cavabdeh Lənkəran X6 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən bütün küçə boyu qaz sayğaclarının yeri dəyişdirilərkən ustalar tərəfindən aftogen qaynaq aparatı ilə işlər görülən zaman istiliyinin dəyməsi nəticəsində sayğacın plasmast borusu ərimişdir və nəticədə sayğaca ziyan dəymişdir. Həmin vaxt dərhal Qaz İstismarı İdarəsinin əməkdaşlarına məlumat verilmişdir, qarşılığında rəhbərlik tərəfindən nəzərə alınacağı bildirilmişdir. Lakin onun məlumatı olmadan həmin evə baxış keçirilmişdir və aşadığı evə “Elestr” markalı, G-4 tipli 10272049 nömrəli yeni sayğac quraşdırılmışdır. Sayğac dəyişdirilərkən tərtib olunmuş aktda onun yaşadığı evdən açılmış “Elestr” tipli, G-4 markalı 10266211 nömrəli sayğacın çıxışından plastmas borunun istilik nəticəsində ərimiş olması bildirilmişdir. Bu səbəbdən də müdaxilə kimi qiymətləndirib, 22 avqust 2017-ci il tarixli, ******* nömrəli aktla əlavə olaraq qaz itkisinə görə ona 129,60 manat borc yazılmışdır. Həmin akt heç kim tərəfindən imza edilməmişdir. Həmin sayğac dəyişdirilib yenisi ilə əvəz olunmuşdur. Mübahisəli akt tərtib olunan zaman onun iştirakı olmadan təmin edilmiş və həmin aktdan sonradan məlumatı olmuşdur. Göstərilən xüsusatlar sayğacda aşkar olunan nöqsanın iddiaçı tərəfindən edilməsini istisna edir. İddiaçı bu günə kimi istifadə etdiyi təbii qazın dəyərini hər ay davamlı olaraq ödəmiş, qaz sayğacına da heç bir müdaxilə etməmiş, qaz sayğacına müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunubsa da onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Göründüyü kimi 22 avqust 2017-ci il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və 648 kub metr sərfiyyat hesablanması əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 22 avqust 2017-ci il tarixli, ******* saylı akta əsasən iddiaçının obenent hesabına əsassız hesablanmış 129,60 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli,180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticəçıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh Lənkəran X6 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 22 avqust 2017-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı abonent hesabına hesablanmış 129,60 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X6 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 22 avqust 2017-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı abonent hesabına hesablanmış 129,60 (bir yüz iyirmi doqquz manat altımış qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar