Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-296/2023 02.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, Cəlilabad şəhərində yaşayır. Yaşadığı ərazidə hər vətəndaş kimi o, da isdifadə etdiyi qaz sərfiyyatının pulunu hər ay vaxtında ödəmişdir. Lakin 2022-ci yay aylarının sonunda «Azəriqaz» X2 X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları Cəlilabad şəhərində yaşadığı həmin evə baxış keçirmiş və sayğacı çıxararaq aparmışlar. 31 oktyabr 2022-ci il tarixdə həmin sayğacın çıxarılması barədə akt tərtib olunmuş və həmin aktda guya sayğaca müdaxilə olunması göstərilmişdir. Lakin o, Cəlilabad Xidmət Sahəsinin əməkdaşlarına sayğaca heç bir müdaxilə etmədiyini bildirmişdir. Belə ki, o, həmin evdə yaşadığı dövrdə «Azəriqaz» X2 X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları olan nəzarətçilər həmin qaz sayğacına davamlı olaraq baxış keçirmişlər. Sonradan isə onun iştirakı olmadan akt tərtib olunmuş və həmin akt əsasında ona borc yazılmışdır. O, əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və ona borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsə də, lakin heç bir nəticəsi olmamışdır. Digər tərəfdən qaz sayğacına müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olması qeyrimümkündür. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşımağı absurddur. Sayğaca hər hansı bir müdaxilə varsa belə müdaxilə kənar şəxslər tərəfindən oluna bilər. Belə ki, qaz sayğacı onun yaşadığı evin çöl tərəfindən quraşdırılmışdır ki, həmin sayğaca müdaxilə başqa səbəblərdən də ola bilərdi. Sonda iddiaçı Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib edilmiş 31 oktyabr 2022-ci il tarixli, ******* aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» X1 X3 İdarəsi ilə İddiaçı arasında bağlanmış 13 oktyabr 2021-ci il tarixli, 2436-10-21 saylı “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında 12 oktyabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində olan «Elestr» G-4 markalı, ******* nömrəli qaz sayğacı çıxış plastmas borusu deşilməsi ilə əlaqədar çıxarılmışdır. İşdə olan «Azəriqaz» X1 X4 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış ******* nömrəli tipi «Elestr» G-4 markalı qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissədən deşilməsi müəyyən olunmuşdur. İşdə olan «Azəriqaz» X1 X4 İdarəsi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın tələbnaməsindən» görünür ki, İddiaçının fərdi yaşayış evində olan «Elestr» G-4 markalı qaz sayğacının çıxış plastmas borusunun deşilməsi nəticəsində itirilmiş qazın dəyərinin 8640 kub metr olması müəyyən olunmuşdur. İşdə olan «Azəriqaz» X1 X4 İdarəsi tərəfindən İddiaçının adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçının adına aktlar üzrə 2022-ci ilin oktyabr ayına 1036,80 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus Cəlilabad şəhərində yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. Həmin evə quraşdırılmış G-4 tipli qaz sayğacı dəyişdirilərək, yeni qaz sayğacı quraşdırılmışdır. Dəyişdirilmə səbəbi kimi G-4 tipli qaz sayğacının çıxış plastmas borusunun sınması göstərilmişdir. İddiaçı, 31 oktyabr 2022-ci ilədək istifadə olunmuş qazın pulunu vaxtında ödəmiş və heç bir borcu qalmamışdır. «Azəriqaz» İstehsalat Birliyi 31 oktyabr 2022-ci il tarixli bildirişlə iddiaçının evinə quraşdırılmış G-4 tipli qaz sayğacının çıxış plastmas borusunun sınması səbəbindən 90 gün ərzində 8640 m3 qazın itkiyə getməsi nəticəsində yaranmış 1036,80 manat borcun ödənilməsini iddiaçıdan tələb etmişdir. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 31 oktyabr 2022-ci il tarixli, ******* saylı aktda G-4 tipli qaz sayğacının çıxış plastmas borusunun sınması göstərilmişdir. Məhkəmə həmin hallara qiymət verərək, belə nəticəyə gəlir ki, G-4 tipli qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi sübut edilmir və cavabdeh təşkilat tərəfindən əsassız olaraq sərfiyyat hesablanmışdır. Göstərilən xüsusatlar sayğacda aşkar olunan nöqsanın iddiaçı tərəfindən edilməsini istisna edir. Göründüyü kimi 31 oktyabr 2022-ci il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və 8640 kub metr sərfiyyat hesablanması əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 31 oktyabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və hesablanmış 1036,80 manat məbləğ abonentin hesabından silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli,180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Lənkəran X4 İdarəsi tərəfindən tərtib olunmuş 31 oktyabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında abonentə hesablanmış 1036,80 manat borc məbləği silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Lənkəran X4 İdarəsi tərəfindən İddiaçı tərtib olunmuş 31 oktyabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında abonentə hesablanmış 1036,80 manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-296/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-296/2023
02.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver