Məhkəmə qərarları › İş №2(073)-2969/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2969/2025

19.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2969/2025 19.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X5 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 31 mart 2023-cü il tarixli,0387703 nömrəli akt əsasında abonent hesabına əsassız olaraq hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 iddiaçının qardaşıdır, O, İddiaçı məxsus ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2023-cü il tarixdə o və ailə üzvləri evdə olmayan vaxtlarda Cavabdeh əməkdaşları yaşadıqları ünvana gələrək onların evdə olmamaqlarından istifadə edərək, onların qaz sayğacına müdaxilə etdikləri üçün akt tərtib etmiş və 1555 manat cərimə yazaraq qaz sayğacının istifadəsinə məhdudiyyət qoyaraq kəsmişdir. 31 mart 2023-cü il tarixdə akt tərtib olunmuş və həmin aktda guya sayğaca müdaxilə olunması göstərilmişdir. İddiaçının qardaşı sayğaca hec bir müdaxilə olunmadığını onlara bildirmişdir. Belə ki, həmin evdə yaşadıqları vaxta qədər Cavabdeh Lənkəran X6 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşı olan nəzarətçilər qaz sayğaclarına davamlı olaraq baxış keçirmişlər. Belə olan halda əsassız olaraq Cavabdeh Ístehsalat X3 Qaz İstismar İdarəsi tərəfindən akt tərtib edilmiş və həmin aktda guya sayğacda qüsur aşkar olunduğu göstərilmiş, bunun nəticəsində isə guya qaz sayğacına müdaxilə olunduğu üçün itirilmiş qazın bərpası məqsədi ilə onun borcunun olması göstərilmişdir. Həmin akt cavabdeh tərəfindən onun məlumatı və iştirakı olmadan tərtib olunmuşdur və onun tərəfindən həmin akta imza edilməmişdir. Əlavə olaraq bildirmişdir ki, bu günə kimi istifadə etdiyi təbii qazın dəyərini hər ay davamlı olaraq ödəmişdir. Qaz sayğacına müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunubsa da onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Bundan əlavə həmin evə quraşdırılmış qaz sayğacı heç bir qoruyucu örtüklə örtülməmişdir. Mübahisəli akt tərtib olunan zaman iddaçının iştirakı təmin edilməmişdir və həmin aktdan sonradan məlumatı olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, evdə yaşayış olmadığı müddətdə akt tərtib olunmuş, akt tərtib edilərkən həmin vaxtı orada olmamış, ümumiyyətlə, sayğaca onlar tərəfindən heç bir müdaxilə edilməmişdir. Akt əsassız tərtib olunmuşdur. Bu səbəbdən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual qanunvericiliyə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı adına olan **********10000 saylı abonent saldosundan görünür ki, abonentə 2023-cü il üçün 1555,20 manat borc hesablanmışdır; - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-810-1 saylı akta əsasən sayğacın hesab mexaniki qorucu plastmas qapağı gövdədən tamamilə aralandığı üçün keçən qazın həcmini qeydə almır; - “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış “Elster” tipli, G-4 markalı, ******* nömrəli sayğac növbəti dövlət yoxlamasına göndərilməsi üçün çıxarılıb, yerinə G-4 markalı nömrəli sayğac quraşdırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına Cavabdeh İB X7 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş, həmin sayğac növbəti dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, başqa bir sayğac ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə isə Cavabdeh İB X7 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən 03787703 saylı akt tərtib edilmiş, aktda qaz sayğacının hesab mexaniki qorucu plastmas qapağı gövdədən tamamilə aralandığı üçün qazın həcmini qeyd etməməsi qeyd olunmuşdur. İddiaçı həmin aktı və akt əsasında hesablanmış borcu (cəriməni) əsassız hesab edir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8, 8-1 və 9-cu bəndlərində göstərilmişdir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında tutulur. İddianın qiyməti 1555,20 manat olduğundan dövlət rüsumu 35,55 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 1555,20 manat məbləğində borcun silinməsi hissəsində təmin edildiyindən həmin 35,55 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus **********10000 abonent kodu üzrə Cavabdeh tərəfindən hesablanmış 1555,20 manat məbləğində borc silinməlidir. Eyni zamanda məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu olaraq ödənilməli olan 35,55 manat pul Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus **********10000 abonent kodu üzrə Cavabdeh tərəfindən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində borc silinsin. Dövlət rüsumu olaraq ödənilməli olan 35,55 (otuz beş manat, əlli beş qəpik) manat məbləğində pul Cavabdehndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar