Məhkəmə qərarları › İş №2(073)-306/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-306/2025

10.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-306/2025 10.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Osman Vəliyev Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” X1 X3 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilərək ləğv edilməsi və akta əsasən abonent hesabına hesablanmış 777.60 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Cəlilabad rayonu, Gülməmmədli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən baxış keçirilmiş, xx.xx.2024-cü il tarixində akt tərtib olunmuş və aktda sayğacın giriş plastmas borusu deşildiyi qeyd olunmuşdur. Buna görə də iddiaçının abonent hesabına borc yazılmışdır. İddiaçı həmin aktı və cəriməni əsassız hesab edir. Belə ki, sayğaca onun tərəfindən heç bir müdaxilə edilməmişdir. Qaz sayğacına olunmuş müdaxilədən onun (iddiaçının) xəbəri olmamışdır. Sayğaca onun tərəfindən müdaxilə edilməsi mümkünsüzdür, çünki bu, onun (iddiaçının) bilərəkdən özünə zərər vurması deməkdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq xx.xx.2024-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsinə və həmin akt əsasında hesablanmış 777.60 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Lənkəran X3 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Cəlilabad rayonu, Gülməmmədli kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı 10347553 saylı qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. İşdə olan “Azəriqaz” X2 X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Cəlilabad şəhərində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı 10347553 saylı qaz sayğacının çıxış plastmas borusu deşilməsi, hesablanma mexanizminin açıq vəziyyətdə olması və keçən qazın sərfiyyatını qeyd etməməsi aşkarlanmışdır. İşdə olan abonentin saldosundan görünür ki, 2024-cü ilin noyabr ayına İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə olan borcu 777.60 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən baxış keçirilmiş, xx.xx.2024-cü il tarixində akt tərtib olunmuş və aktda sayğacın giriş plastmas borusunun deşildiyi qeyd olunmuşdur. Daha sonra bu akt əsasında iddiaçının abonent hesabına 777.60 manat borc yazılmışdır. İddiaçı həmin aktı və akt əsasında hesablanmış cəriməni əsassız hesab edir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktda göstərilən G-4 markalı, 10347553 saylı qaz sayğacının çıxış plastmas borusunun deşilməsi, hesablanma mexanizminin açıq vəziyyətdə olması və keçən qazın sərfiyyatını qeyd etməməsinin məhz iddiaçı tərəfindən edilmiş müdaxilə nəticəsində baş verməsini sübut edən hər hansı bir faktın olmadığı müəyyən edildi. Buna görə də akt əsasında hesablanmış qeyd olunan həmin mübahisəli borc əsaslı sayıla bilməz. Həmin qaz sayğacına edilən müdaxilənin başqa təsirlər nəticəsində yaranması istisna olunmur. Cavabdeh şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz” X2 X3 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı abonent hesabına hesablanmış 777.60 manat borc (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar