Məhkəmə qərarları › İş №2(073)-313/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-313/2025

31.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-313/2025 31.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023cü il tarixli ******* nömrəli akt əsasında abonent hesabına əsassız olaraq hesablanmış 172.80 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayır. 2023-cü ilin avqust ayında Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirmiş və həmin sayğac istismar müddəti bitdiyi üçün çıxarılaraq yeni sayğac quraşdırılmışdır. Bu barədə xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib olunmuş və həmin aktda guya sayğaca müdaxilə olunması göstərilmişdir. İddiaçı sayğaca onun tərəfindən heç bir müdaxilə edilmədiyini bildirmişdir. İddiaçı bildirimişdir ki, Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşı olan nəzarətçilər qaz sayğacına davamlı olaraq baxış keçirmişlər və belə bir müdaxilə olsaydı aşkar olunardı. Mübahisəli akt tərtib olunan zaman iddiaçının iştirakı təmin edilməmiş və həmin aktdan iddiaçının məlumatı yoxdur. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəni müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğac növbədən kənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış və yenisi ilə əvəz edilmişdir. İşdə olan Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğac hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi aşkar edilmişdir, itirilmiş qaz hesablanmaqla dəyərinin ödənilməsi göstərişi verilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə 2023-cü ilin dekabr ayına qalıq və aktlar üzrə olan borcu 172.8 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına 2023-cü ilin avqust ayında Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğac növbədən kənar dövlət yoxlanışına göndərilməsi üçün çıxarılmış və yenisi ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, daha sonra xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib olunmuş və həmin aktda sayğacın hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi aşkar edilmiş və bu səbəbdən iddiaçının abonent hesabına cərimə hesablanmışdır. İddiaçı həmin akt əsasında hesablanmış borcu (cəriməni) əsassız hesab edir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticəçıxarmağa əsas verməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən tərtib olunmuş və iddiaçı tərəfindən mübahisələndirilən aktda göstərilən qaz sayğacında aşkar edilmiş qüsurun iddiaçı tərəfindən edilmiş müdaxilə nəticəsində baş verməsini sübut edən hər hansı bir faktın olmadığı müəyyən edilmişdir. Buna görə də qeyd olunan həmin mübahisəli akt əsasında yazılmış borc əsaslı sayıla bilməz. Həmin qaz sayğacına edilən müdaxilənin başqa təsirlər nəticəsində yaranması istisna olunmur. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı abonent hesabına hesablanmış 172.80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat borc (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar