Məhkəmə qərarları › İş №2(073)-3392/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3392/2025

11.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3392/2025 11.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi ilə, Ərizəçi Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 aprel 1979-cu il tarixdə Cəlilabad şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyət olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bacısı X8 xx.xx.1979-cu il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur. X3 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. X2 yaşlı qadındır xəstədir. Bacısı Rəvanə anadangəlmə qüsurludur, 1-ci qrup əlildir. Rəvanə ruhi xəstəlikdən əziyyət çəkir, anadangəlmə xəstədir, ağır əqli gerilik, davranış pozuntusu vardır, xəstəliyi davam edir. Nə qədər müalicə etdirsələr də sağalmamışdır. Hazırda da arabir xəstəliyi tutur və çox pis vəziyyətə qalır. Onun bu vəziyyəti getdikcə ağırlaşmaqdadır. O, bir bacı kimi Rəvanənin taleyindən çox nigarandır. Bacısı etdiyi hərəkətlərin mənasını başa düşmür, ətrafların hərəkət funksiyasının kəskin təzahürü pozulması əqli gerilik xəstəliyi ilə müşayiət olunur. Əgər onun psizi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilərsə qeyd edilən hallar öz təsdiqini tapacaqdır. Ona görə bacısının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Ərizəçi məhkəmə prosesində iştirak etməmiş, məhkəməyə ərizə təqdim edərək üzrlü səbəbdən məhkəmə prosesdə iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Quliyeva X7 şəhərində doğulmuş, ata qrafasında X10, ana qrafasında X11 qeyd edilmişdir; - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 03 aprel 2009-cu il tarixdə vəfat etmişdir; AZE seriyalı 17112155 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 12 aprel 1979-cu il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur; - 220663 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, X6 birinci dərəcəli əlillik təyin edilmişdir; - Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Ərizəçi ünvanlanmış 5-41/1-Q-61-099/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxs hesab edilməsi ilə bağlı məhkəmə qətnaməsi və digər müvafiq sənədlərlə birlikdə rayon icra hakimiyyətinə təqdim edildikdən sonra məsələyə müvafiq qaydada baxılır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 4298 saylı rəyindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X5 uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə müəyyən edilir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyil. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı 12 aprel 1979-cu il təvəllüdlü X4 psixi vəziyyətinin öyrənilməsi məqsədilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 4298 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs X8 uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə müəyyən edilir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyil. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə müvafiq olaraq, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X1 olan ağır dərəcəli əqli geriliyə görə öz hərəkətlərinin mənasını dər etmək və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 12 aprel 1979-cu il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12 aprel 1979-cu il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar