Məhkəmə qərarları › İş №2(073)-381/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-381/2023

25.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-381/2023 25.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı ona məxsus Cəlilabad rayonu Alar kəndində yerləşən yaşayış evinə aid tərtib edilmiş 22 oktyabr 2021-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış borc məbləğinin silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Cəlilabad rayonu Alar kəndində yerləşən yaşayış evinə aid tərtib edilmiş 22 oktyabr 2021-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış borc məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Alar kəndində yaşayır. Yaşadığı evə quraşdırılmış sayğacın göstəricisinə uyğun təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir və bu barədə şoxlu qəbzləri də vardır. Bir gün Qaz İdarəsinin əməkdaşları onun yaşadığı evə quraşdırılmış sayğacı dəyişdirmişlər və onlar getdikdən sonra ona məlum olmuş ki, əsassız olaraq ona 216 manat cərimə yazılmışdır. Səbəb kimi guya sayğaca müdaxilə olunması göstərilmişdir. Bütün qaz idarəsinin işçiləri də bilir ki, o, işlətdiyi qaz sərfiatının dəyərini vaxtı-vaxtında ödəmişdir. Sayğacda hər hansı bir zədələnmə görməmiş və sayğac həmişə işlək vəziyyətdə olmuşdur. Bununla bağlı Cəlilabad rayon Qaz İstismar İdarəsinə müraciət edərək narazılığını bildirmiş, lakin Qaz İstismar İdarəsi tərəfindən ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Onun tərəfindən yaşadığı evə gedən qaz xəttinə quraşdırılmış sayğaca heç bir təsir olmamış və sayğacdan kənar təbii qazdan istifadə edilməmişdir. Cavabdeh tərəfindən əsassız olaraq qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və ona əsassız olaraq borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsə də, heç bir nəticəsi olmamışdır. Hansı əsasla onun məsuliyyət daşımalı olduğu izah edilməmişdir. Digər tərəfdən qaz sayğacına müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olması qeyri-mümkündür. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşımağı absurddur. Sayğaca hər hansı bir müdaxilə varsa belə müdaxilə kənar şəxslər tərəfindən oluna bilər. Onun mülkiyyətində olan evə aid qaz sayğacının yoxlanılması nəticəsində sayğaca kənar müdaxilə olunmasına görə 22 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş akt və onun əsasında hesablanmış borc əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq ona məxsus Cəlilabad rayonu Alar kəndində yerləşən yaşayış evinə aid tərtib edilmiş 22 oktyabr 2021-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış borc məbləğinin silinməsinə dair qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan «Azəriqaz» X1 X2 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 22 oktyabr 2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Lənkəran X2 İdarəsi Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış ******* nömrəli tipi “Elestr” G-4 markalı sayğaca baxış keçirilən zaman həmin sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən olunmuşdur. İşdə olan «Azəriqaz» X1 X2 İdarəsi tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilmiş və baxış zamanı hesablama mexanizmasının keçən qazın həcmini qeyd etməməsi, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması nəticəsində itirilmiş qazın dəyərinin 216 manat olması müəyyən olunmuşdur. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında 04 iyun 2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Özbək Rəsulovun sifarişi ilə quraşdırılmış “Elster” tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlanışına görə çıxarılmış, “Zener” tipli, G-4 markalı, **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması barədə qeydlər aparılmamışdır. İşdə olan «Azəriqaz» X1 X2 İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı adına aktlar üzrə 2021-ci ilin dekabr ayına 216,00 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus Cəlilabad rayonu Alar kəndində yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. 04 iyun 2021-ci il tarixdə Cəlilabad xidmət sahəsinin əməkdaşları iddiaçının yaşadığı evin qaz xəttinin üzərinə quraşdırılmış sayğaca texniki baxış keçirmiş və sayğacı çıxararaq aparmışlar. Sayğacın çıxarılma səbəbi kimi növbəti dövlət yoxlanışına göndərilməsi göstərilmişdir. Sonradan yəni, 22 oktyabr 2021-ci il tarixdə cavabdeh təşkilat tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli akt tərtib olunaraq qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izlərinin olması göstərilmişdir. Məhkəmə həmin hallara qiymət verərək, belə nəticəyə gəlir ki, ******* nömrəli tipi «Elestr» G-4 markalı qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi sübut edilmir və cavabdeh təşkilat tərəfindən əsassız olaraq sərfiyyat hesablanmışdır. Göstərilən xüsusatlar sayğacda aşkar olunan nöqsanın iddiaçı tərəfindən edilməsini istisna edir. Göründüyü kimi 22 oktyabr 2021-ci il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və 2160 kub metr sərfiyyat hesablanması əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 22 oktyabr 2021-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və hesablanmış borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli,180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Lənkəran X2 İdarəsi tərəfindən tərtib olunmuş 22 oktyabr 2021-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında abonentə hesablanmış borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Lənkəran X2 İdarəsi tərəfindən tərtib olunmuş 22 oktyabr 2021-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında abonentə hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar