Məhkəmə qərarları › İş №2(073)-470/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-470/2024

19.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-470/2024 19.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Lənkəran X8 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 23 iyun 2021-ci il tarixli, ******* saylı aktın etibarsız hesab olunmasına və həmin akt əsasında abonent hesabına hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilmədiyini, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cəlilabad rayonu Seyidbazar kəndində qeydiyyatda olmaqla, uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Onun Seyidbazar kəndində olan fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. Lakin evdə yaşayış olmadığından evə quraşdırılmış qazdan istifadə edilmir. Ona məlum olmayan vaxtda və şəraitdə qaz sayğacının hesablama mexanizminin plastmas qapağının qoruyucu şüşəsi zərbə nəticəsində naməlum şəxs tərəfindən sındırılmışdı. O da bu barədə “Cavabdeh İB”-nin əməkdaşlarına məlumat vermişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə zədəli olan “Elestr” tipli, G-4 markalı ******* nömrəli sayğac dəyişdirilərək Zenner G- 4 markalı **********2 nömrəli yeni sayğac quraşdırıldı. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh İB-nin Lənkəran RQİİ-nin Cəlilabad XS-nin əməkdaşları tərəfindən 23 iyun 2021-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, onun evindən xx.xx.2021-ci il tarixdə açılmış “Elestr” tipli, G-4 markalı ******* nömrəli sayğac Cavabdeh İB-nin Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında yoxlanılarkən müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının qoruyucu şüşəsi zərbə nəticəsində sındırılıb. Bu səbəbdən də bu müdaxilə kimi qiymətləndirib ona 23 iyun 2021-ci il tarixli, ******* nömrəli aktla əlavə olaraq qaz itkisinə görə 216 (iki yüz on altı) manat borc yazılmışdır. O, bununla bağlı Cəlilabad rayon Qaz İstismar İdarəsinə müraciət edib narazılığımı bildirsə də, lakin ona bu barədə məhkəməyə müraciət edilməsini bildirmişlər. Onun evinə quraşdırılmış qaz sayğacı küçədə quraşdırılmış və sayğacın kənar müdaxilələrdən qorunması üçün xüsusi qutuda yerləşdirilməmişdir. Onun tərəfindən sayğaca heç bir müdaxilə olmamış və təbii qazdan sayğacdan kənar istifadə edilməmişdir. O, həmin evdə yaşamadığı üçün ümumiyyətlə qaz sərfiyyatı olmamışdır. Əsassız olaraq ona borc hesablanmışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh Lənkəran X8 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 23 iyun 2021-cü il tarixli, ******* saylı aktın etibarsız hesab olunmasına və həmin akt əsasında abonent hesabına hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh nümayəndəsi məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Lənkəran X8 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş 27 yanvar 2021-cü il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Cəlilabad rayonu Seyidbazar kəndində X3 məxsus fərdi yaşayış evində quraşdırılmış “Elster” tipli G- 4 markalı ******* nömrəli sayğac növbəti dövlət yoxlamasına göndərilməsi üçün çıxarılıb, yerinə “Zenner” tipli G-4 markalı **********2 nömrəli sayğac quraşdırılmışdır. Həmin aktda sayğacın ekran şüşəsinin sındığı qeyd edilmişdir. Həmin vaxt çıxarılan sayğacın mexaniki göstəricisi 00102 m3, quraşdırılan sayğacın mexaniki göstəricisi isə 60000 m3 olmuşdur. İşdə olan Cavabdeh Lənkəran X8 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş 23 iyun 2021-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Cəlilabad rayonu Seyidbazar kəndində X3 məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacında sayğacın hesablama mexanizminin plastmas qapağının qoruyucu şüşəsi zərbə nəticəsində sındırılmışdır. İşdə olan Abonentin saldosundan görünür ki, X1 27 yanvar 2021-ci il tarixə olan qalıq və aktlar üzrə borcu 216 (iki yüz on altı) manat olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı X3 məxsus Cəlilabad rayonu Seyidbazar kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına Cavabdeh İB X9 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən 27 yanvar 2021-ci il tarixdə baxış keçirilmiş, həmin sayğac çıxarılmış və mexaniki göstəricisi fərqli olan başqa bir sayğac ilə əvəz edilmişdir.Bu barədə akt tərtib edilərək həmin aktda sayğacın ekranının şüşəsinin sındığı qeyd edilmişdir. 23 iyun 2021-ci il tarixdə isə Cavabdeh İB X9 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən ******* saylı akt tərtib edilmiş, aktda qaz sayğacında sayğacın hesablama mexanizminin plastmas qapağının qoruyucu şüşəsinin zərbə nəticəsində sınması (qaz itkisi, müdaxilə) qeyd olunmuşdur. Həmin akt əsasında iddiaçının abonent hesabına borc yazılmışdır. İddiaçı həmin aktı və akt əsasında hesablanmış borcu (cəriməni) əsassız hesab edir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən tərtib olunmuş və iddiaçı tərəfindən mübahisələndirilən aktda göstərilən qaz sayğacında aşkar edilmiş qüsurun iddiaçı tərəfindən edilmiş müdaxilə nəticəsində baş verməsini sübut edən hər hansı bir faktın olmadığı müəyyən edildi. Buna görə də qeyd olunan həmin mübahisəli akt əsaslı sayıla bilməz. Həmin qaz sayğacına edilən müdaxilənin başqa təsirlər nəticəsində yaranması istisna olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının 30 iyun 1998-ci il Qanununun 3-cü maddəsinin 7-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli,180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istisarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X8 İdarəsi tərəfindən tərtib olunmuş 23 iyun 2021-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında İddiaçı abonent hesabına hesablanmış borc (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar