Məhkəmə qərarları › İş №2(073)-492/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-492/2023

05.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-492/2023 05.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Həziabad kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan 31 avqust 1988-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.1992-ci ildə Cəlilabad rayonunun Həziabad kəndində doğulmuşdur və hazırda da həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayır. X2 faktiki olaraq onun (ərizəçinin) himayəsindədir. X13 İİ dərəcəli əlildir və “Emosional-iradi pozğunluqlar və psixopatabənzər davranışla keçən imbesillik və ya debillik” formada olan xəstəlikdən əzab çəkir. Halhazırda qardaşı özünü idarə edə bilmir. Qardaşına ondan (ərizəçidən) başqa baxan yoxdur. İstər maddi, istərsə də mənəvi cəhətdən qardaşına həmişə köməklik edir. Bu səbəbdən qardaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cəlilabad rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cəlilabad rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 yol vermədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Komanlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-T 236132 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1988-ci ildə doğulmuşdur, atası X6, anası X5r. İşdə olan Cəlilabad rayon Komanlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-T 236131 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci ildə doğulmuşdur, atası X6, anası X5r. İşdə olan Sosial arayışdan görünür ki, X7 İİ dərəcə əlildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1756 saylı rəydən görünür ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X7 hazırkı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəalliyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 31 avqust 1988-ci ildə Cəlilabad rayonunun Həziabad kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar