Məhkəmə qərarları › İş №2(073)-503/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-503/2023

05.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-503/2023 05.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC-nin əməkdaşları tərəfindən yazılmış Rİ 148294 və Rİ 207559 saylı aktların etibarsız hesab edərək, həmin aktlar əsasında hesablanmış 934 manat cərimənin və 41 manat əlavə sərfiyyatın silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən yazılmış Rİ 148294 və Rİ 207559 saylı aktların etibarsız hesab edərək, həmin aktlar əsasında hesablanmış 934 manat cərimənin və 41 manat əlavə sərfiyyatın silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu İncilli kəndində yaşayır. Yaşadığı evə qanuni elektrik xətti çəkdirmiş və elektrik sayğacı quraşdırılmışıdr. Hər ay istifadə elədiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. Hazırki vaxta qədər bir abonent kimi öhdəliklərinin icrasından heç vaxt yayınmamışdır. 2019-cu ilin oktyabr ayında Cəlilabad elektrik şəbəkəsinin əməkdaşları onun evinə quraşdırılmış elektrik sayğacına baxış keçirmişlər, sayğacın quraşdırıldığı vaxtdan 5 ildən artıq müddət keçdiyi üçün köhnəldiyini bildirib çıxarmışlar. Həmin vaxtdan təxminən bir ay sonra, ona elektrik enerjisinin ödənilməsi barədə bildiriş qəbzi gələn zaman, əlavə 405 manat məbləğində cərimə olunduğunu bilmişdir. O, bu barədə kənd sahə nəzarətçisindən soruşmuş, nəzarətçi isə xəbəri olmadığını və Cəlilabad elektrik şəbəkəsindən öyrənə biləcəyini bildirmişdir. Cəlilabad elektrik şəbəkəsindən aldığı aktdan görmüşdür ki, guya o, evinə aid sayğacın sxemindən kənar xətt qoşmuş və bu səbəbdən də cərimə edilmişdir. O, evinə quraşdırılmış sayğacdan kənar xəttin mövcud olmadığını, kənar xətdən istifadə etmədiyi üçün ona hesablanmış cəriməni ödəməyəcəyini bildirərək oranı tərk etmişdir. Bundan sonra 2021-ci ilin yanvar ayında Cəlilabad elektrik şəbəkəsinin əməkdaşları həmin sayğacı dəyişərək yenisi ilə əvəz etmişlər. Lakin yeni sayğacın qəbzini alanda isə ona yenə də əlavə 529 manat cərimə yazıldığını görmüşdür. Bundan sonra təkrar olaraq Cəlilabad elektrik şəbəkəsinə getmiş və orada ona məlum olmuşdur ki, ona kənar xətdən istifadə etmək iftirası atılaraq 529 manat məbləğində cərimə edilmişdir. O, heç vaxt sayğaca müdaxilə etməmiş, evində heç bir kənar xətt olmamışdır. Hər ay da istifadə etdiyi elektrik enerjisinin pulunu ödəmişdir. Hətta sayğacı dəyişəndə də akt barədə ona bir söz deməmişlər, əgər həqiqətən də evində kənar xətt mövcud olsaydı akt yazılarkən həmin akt ev sahibi olaraq onun və iki nəfər hal şahidinin iştirakı ilə tərtib olunmalı idi. Bu səbəbdən də həmin aktı qanunsuz hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib edilmiş Rİ 148294 və Rİ 207559 saylı aktların etibarsız hesab edərək, həmin aktlar əsasında hesablanmış 934 manat cərimənin və 41 manat əlavə sərfiyyatın silinməsinə dair qətnamə çıxarılmasnı xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 15 oktyabr 2019-cu il tarixli, 148294 saylı aktdan görünür ki, İddiaçı məxsus Cəlilabad rayonu İncilli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərək EEİQ-nin tələblərinə uyğun yoxlama aparılmış, yoxlama zamanı abonentin elektrik sayğacının sxeminə kənar xəttin qoşulması aşkar olunmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 16 oktyabr 2019-cu il tarixli «Qeyri əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər»ə dair aktdan görünür ki, X2 Cəlilabad rayonu İncilli kəndində quraşdırılmış **********02708 nömrəli elektrik sayğacından kənar elektrik enerjisindən istifadə olunması nəticəsində, itirilmiş elektrik enerjisinin dəyərinin cəmi 405,92 manat olması təklif olunmuş və kənar xəttin ləğv olunması tələb olunmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 14 yanvar 2021-ci il tarixli, 207559 saylı aktdan görünür ki, İddiaçı məxsus Cəlilabad rayonu İncilli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərək EEİQ-nin qaydalarına uyğun olaraq baxış keçirilmiş, baxış zamanı abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi aşkar olunmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 21 yanvar 2021-ci il tarixli «Qeyri əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər»ə dair aktdan görünür ki, X2 Cəlilabad rayonu İncilli kəndində quraşdırılmış **********02708 nömrəli elektrik sayğacından kənar elektrik enerjisindən istifadə olunması nəticəsində, itirilmiş elektrik enerjisinin dəyərinin cəmi 528,95 manat olması təklif olunmuş və kənar xəttin ləğv olunması tələb olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı Cəlilabad rayonu İncilli kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış işıq sayğacına baxış keçirilən zaman iddiaçının sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi aşkar olunmuşdur. Bunun nəticəsi olaraq 15 oktyabr 2019-cu il və 14 yanvar 2021-ci il tarixlərdə «Elektrik enerjisindən istifadə qaydaları»na dair 148294 və 207559 saylı aktlar tərtib olunmuş və iddiaçının istifadə etdiyi elektrik enerjinin istifadə qaydalarını pozduğu üçün dəymiş ziyanın məbləğinin cəmi 934,87 manat olduğu müəyyən edilmiş və iddiaçının abonent hesabına daxil edilmişdir. Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarının 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarının 9.1-ci bəndindən görünür ki, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin, X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC-nin əməkdaşları tərəfindən yazılmış Rİ 148294 və Rİ 207559 saylı aktların etibarsız hesab edərək, həmin aktlar əsasında hesablanmış 934 manat cərimənin və 41 manat əlavə sərfiyyatın silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC-nin əməkdaşları tərəfindən yazılmış Rİ 148294 və Rİ 207559 saylı aktların etibarsız hesab edərək, həmin aktlar əsasında hesablanmış 934 manat cərimənin və 41 manat əlavə sərfiyyatın silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar