Məhkəmə qərarları › İş №2(073)-503/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-503/2024

23.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-503/2024 23.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh X7 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 28 noyabr 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması və akta görə abonent hesabına əsassız olaraq hesablanmış 3110,40 manat borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X7 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 28 noyabr 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması və akta görə abonent hesabına əsassız olaraq hesablanmış 3110,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır. Yaşadığı ərazidə hər vətəndaş kimi o da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə etmişdir. Lakin 2023-cü ildə Cavabdeh X7 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları Cəlilabad şəhərində yerləşən həmin evə baxış keçirmiş və sayğacın istismar müddətinin bitdiyi üçün çıxararaq aparmışdırlar. Sonradan cavabdeh təşkilat tərəfindən 28 noyabr 2023-cü il tarixdə akt tərtib olunmuş və həmin aktda sayğaca müdaxilə edilməsi göstərilmişdir. Mübahisəli akt tərtib olunan zaman onun iştirakı təmin edilməmişdir və həmin aktdan sonradan xəbəri olmuşdur. O, da bununla bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib edilmiş 28 noyabr 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış 3110,40 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək, verdiyi izahatında bildirdi ki, o, Cavabdeh Lənkəran X7 İdarəsinin hüquq məsləhətçisi vəzifəsində işləyir. 2022-ci ilin son aylarında Cavabdeh Lənkəran X7 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları Cəlilabad şəhərində yerləşən İddiaçı və İddiaçı yaşadıqları evə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər və abonentin həmin sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə olunması aşkar olunmuşdur. Bundan sonra həmin sayğac dövlət yoxlanışından keçmiş və 28 noyabr 2023-cü il tarixdə «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında Azad Məmmədovun adına ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında Azad Məmmədovun adına 25920 m3 sərfiyyat hesablanmaqla, 3110,40 manat borc yazılmışdır. O, hesab edir ki, iddiaçının adına tərtib edilmiş akt qanuni və əsaslıdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan Cavabdeh Lənkəran X7 İdarəsi ilə İddiaçı arasında bağlanmış 01 fevral 2019-cu il tarixli, ***-**-** saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı fərdi yaşayış evinə xx.xx.2016-cı il tarixdə G-4 markalı, 05650541 nömrəli qaz sayğacı quraşdırılmış və müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilmişdir. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında 07 mart 2023-cü il tarixli, ******* saylı aktdan görünürki, İddiaçı evinə quraşdırılmış G-4 markalı, 05650541 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanışına görə çıxarılmış, “Ellestr” tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Çıxarılmış qaz sayğacının qeyri-qanuni qazdan istifadə olunması barədə qeydlər aparılmışdır. İşdə olan Cavabdeh Lənkəran X7 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 noyabr 2023-cü il tarixli, ******* saylı aktdan görünürki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış G-4 markalı, 05650541 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qazdan istifadə olunması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X7 İdarəsi tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünürki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı, 05650541 nömrəli qaz sayğacının qeyri-qanuni qazdan istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatının 25920 m3 olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X7 İdarəsi tərəfindən verilmiş 31 may 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatının, qaz istifadəçilərindən, qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejmi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq (6x12x360=25920 m3) hesablanmaqla, cəmi 25920 m3 olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X7 İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünürki, İddiaçı adına aktlar üzrə 2023-cü ilin noyabr ayına 3110,40 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus Cəlilabad şəhərində yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. 2023cü ildə Cəlilabad xidmət sahəsinin əməkdaşları iddiaçının yaşadığı evin qaz xəttinin üzərinə quraşdırılmış sayğaca texniki baxış keçirmiş və sayğacı çıxararaq aparmışlar. Sonradan yəni, 28 noyabr 2023-cü il tarixdə cavabdeh təşkilat tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib olunaraq qaz sayğacının üfiqi vəziyyətə gətirilərək, təbii qazdan qeyri qanuni istifadə olunması göstərilmişdir. Məhkəmə həmin hallara qiymət verərək, belə nəticəyə gəlir ki, G-4 markalı, ******* nömrəli qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi sübut olunur, lakin cavabdeh təşkilat tərəfindən mütənasib olmayan əsassız sərfiyyat hesablanmışdır. Göründüyü kimi 28 noyabr 2023-cü il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və hesablanmış 25920 kub metr sərfiyyat qismən əsassız olmuşdur. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh Lənkəran X7 İdarəsi tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədə» İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatının, qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejmi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq (6x12x360=25920 m3) hesablanmaqla, cəmi 25920 m3 olması müəyyən olunmuşdur. Əslində isə qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejmi 12 saat hesabat müddəti 120 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq (6x12x120=8640 m3) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır. Belə olan halda, təbii qazdan qeyri qanuni istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatı ümumilikdə cəmi 8640 m3 və ya 1036,80 manat olmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 28 noyabr 2023-cü il tarixli, ******* saylı akt 3110,40 manat məbləğində və ya 25920 m3 sərfiyyatın hesablanması hissəsində qismən etibarsız hesab edilməlidir. 25920 m3 sərfiyyatın 17280 m3 hissəsi və ya 2073,60 manat borc hissəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli,180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Lənkəran X7 İdarəsi tərəfindən tərtib olunmuş 28 noyabr 2023-cü il tarixli, ******* saylı akt 3110,40 manat məbləğində və ya 25920 m3 sərfiyyatın hesablanması hissəsində qismən etibarsız hesab edilməli, hesablanmış 25920 m3 sərfiyyatın 17280 m3 hissəsi və ya 2073,60 manat borc hissəsi İddiaçı abonent hesabından silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216, 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Lənkəran X7 İdarəsi tərəfindən tərtib olunmuş 28 noyabr 2023-cü il tarixli, ******* saylı akt 3110,40 (üç min bir yüz on manat qırx qəpik) manat məbləğində və ya 25920 m3 (iyirmi beş min doqquz yüz iyirmi kub metr) sərfiyyatın hesablanması hissəsində qismən etibarsız hesab edilsin, hesablanmış 25920 m3 (iyirmi beş min doqquz yüz iyirmi kub metr) sərfiyyatın 17280 m3 (on yeddi min iki yüz səksən kub metr) hissəsi və ya 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat borc hissəsi İddiaçı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar