Məhkəmə qərarları › İş №2(073)-584/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-584/2025

03.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-584/2025 03.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDR publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsi və Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 olmaqla sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-124A, Kod 80601004 nömrəli şəhadətnamənin ona (Ərizəçi) məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o (ərizəçi), xx xxx 1993-cü il tarixdə Cəlilabad rayonunda doğulmuşdur. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə Cəlilabad şəhəri ərazisində onun və ailə üzvlərinin mülkiyyətlərinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-124A, Kod 80601004 nömrəli şəhadətnamə də tərtib olunmuşdur. Lakin onun adı Mirvasif olmasına baxmayaraq, həmin JN-124A, Kod 80601004 nömrəli şəhadətnamədə yanlışlıqla “Miryusif” kimi yazılmışdır. Onlar hal-hazırda həmin torpaq sahəsini dövlət qeydiyyatına aldırmaqla, mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq istəyirlər. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişlər, lakin həmin idarədən onlara məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Azərbaycan Respublikası Əmlak Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, digər maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs3 şahid qismində işdə iştirak etmişlər . Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Maraqlı şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun oğludur. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə Cəlilabad şəhəri ərazisində onun və ailə üzvlərinin mülkiyyətlərinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-124A, Kod 80601004 nömrəli şəhadətnamə də tərtib olunmuşdur. Lakin onun ərizəçinin adının Mirvasif olmasına baxmayaraq, həmin JN-124A, Kod 80601004 nömrəli şəhadətnamədə yanlışlıqla «Miryusif» kimi yazılmışdır. Hazırda həmin torpaq sahəsini satmaq istəyirlər, lakin qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Həmin yanlışlığın düzəldilməsi üçün ərizəçi Azərbaycan Respublikası Əmlak Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarədən ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Maraqlı şəxs3 Maraqlı şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir, bildirmişdir ki, ərizəçi onun qardaşıdır və qeyd olunan torpaq sənədində qardaşının adı texniki yanlışlıq üzündən səhv qeyd edilmişdir. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-124A, Kod 80601004 nömrəli şəhadətnamədən görünür ki, Cəlilabad şəhər ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, X1 və Maraqlı şəxs5 birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan Cəlilabad Bələdiyyəsinin sədri tərəfindən imzalanmış və bələdiyyənin möhürü ilə təsdiqlənmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad şöbəsi tərəfindən verilmiş JN-124A, Kod 80601004 nömrəli (dövlət aktı və şəhadətnamə) torpaq mülkiyyətçilərindən Ərizəçi adı texniki səhv olaraq “X2” kimi yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə Cəlilabad şəhəri ərazisində ərizəçinin və ailə üzvlərinin mülkiyyətlərinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-124A, Kod 80601004 nömrəli şəhadətnamə də tərtib olunmuşdur. Lakin ərizəçinin adı “Mirvasif” olmasına baxmayaraq, həmin şəhadətnamədə yanlışlıqla “Miryusif” kimi yazılmışdır. Hazırda mülkiyyətçilər həmin torpaq sahəsini satmaq istəyirlər, lakin qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin tələbi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad şöbəsi tərəfindən verilmiş JN-124A, Kod 80601004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı ona da məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227, 233, 360 və 362-ci maddələrini, həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-124A, Kod 80601004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı Ərizəçi da məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar