Məhkəmə qərarları › İş №2(073)-612/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-612/2023

24.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-612/2023 24.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişıq» ASC-in X1 işçiləri tərəfindən tərtib edilmiş R 255111 saylı aktın etibarsız hesab edilməsinə və akt əsasında abonent hesabına yazılmış 852 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, izahatında göstərmişdir ki, Cəlilabad rayonunun İncilli kəndində özünə məxsus evdə yaşayır. Həmin evdə elektrik sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun olaraq elektrik enerjisindən istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. 2022-ci ilin fevral ayında kənd sayğaclarına nəzarət edən X1 mühəndisi sayğaca baxdıqdan sonra ona 852 manat borcunun olduğunu bildirmişdir. Borcun yaranma səbəbini soruşduqda nəzarətçi ona 1 ay əvvəl sayğacdan kənar xətt aşkar edildiyini və bu səbəbdən cərimə edildiyini demişdir. Buna görə "xxxx" ASC-in X4 müraciət etmiş və ona xx.xx.2022-ci il tarixli, R 255111 saylı aktın surətini təqdim etmişlər. Həmin aktla tanış olmuş və aktda guya sayğacın sxemindən kənar xəttdən elektrik enerjisindən istifadə edildiyinin aşkar edildiyi və kənar xəttin ləğv edildiyinin qeyd oldunduğunu görmüşdür. Halbuki, həmin tarixdə, yəni 20 yanvar 2022-ci il tarixdə yaşadığı evə quraşdırılılmış sayğaca X5 əməkdaşları tərəfindən baxış keçirilməmiş, nə də baxış zamanı onun (iddiaçının) iştirakı təmin edilməmişdir. Cavabdeh cəmiyyətə heç bir borcu yoxdur. Həmin aktı və akt əsasında hesablanmış cəriməni əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, Azərişıq» ASC-in X1 işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, R 255111 saylı aktın etibarsız hesab edilməsinə və akt əsasında abonent hesabına hesblanmış cərimənin silinməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC-in nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh "xxxx" ASC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan, "xxxx" ASC X1 əməkdaşları tərəfindən tərtib olunmuş 20 yanvar 2022-ci il tarixli, 255111 saylı aktdan görünür ki, Cəlilabad rayonunun İncilli kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı sayğac sxemindən kənar elektrik enerjisindən istifadə edildiyi aşkar edilmiş və kənar xətt ləğv edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, İddiaçı olunun təbii elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akta əsasən 852.67 manat borcu (cərimə) vardır. İşdə olan, "xxxx" ASC X1 əməkdaşları tərəfindən tərtib olunmuş 20 yanvar 2022-ci il tarixli, 255111 saylı aktdan görünür ki, sayğaca baxış keirilən zaman və həmin akt tərtib edilən zaman İddiaçı iştiarkı təmin edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Cəlilabad rayonunun İncilli kəndində yerləşən fərdi yaşayış evinə quraşddırılmış elektrik sayğacına "xxxx" ASC-in əməkdaşları xx.xx.2022-ci ildə baxış keçirilmiş və həmin tarixdə sayğacdan kənar xəttin aşkar olunmasına dair 255111 saylı akt tərtib edilərək, iddiaçının abonent hesabına borc (cərimə) hesablanmışdır. Lakin həmin akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın tələbləri pozmaqla tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin, X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, R 255111 saylı aktda elektrik sayğacının sxemindən kənar elektrik enerjisindən istifadə edildiyi aşkarlanması qeyd olunsa da, cavabdeh Cəmiyyət həmin halların törədildiyini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, sayğaca baxış keçirilərkən və akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmiş, onun iştirakı olmadan akt tərtib edilmiş və həmin akt onun tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 20 yanvar 2022-ci il tarixli, R 255111 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında İddiaçı abonent hesabına hesablanmış borc (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar